Məhkəmə qərarları › İş №2-1(103)-1535/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1535/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1535/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə hesablanması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Binəqədi rayon şöbəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə ona pensiyasının düzgün hesablanmasından imtina edilmişdir. Cavabdeh pensiyanın düzgün hesablanmasının mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, pensiya məbləği xx xxxxxx 2020-ci il tarixdən 332,2 manat (SH-256,97+PSK-75,29) müəyyən edilmişdir və fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50 % hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun olaraq aparılır. Halbuki dövlət sosial sığorta haqqının 50%-nin pensiyaçının fərdi hesabın sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının pensiyası hesablanarkən yuxarıda qeyd edilən fərman əsas gətirilərək, dövlət sosial sığorta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2-1(112)-3938/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli 1352 nömrəli Fərmanın 2.9-cu bəndinin hərbi qulluqçulara aid etməklə yanlış nəticəyə gəlmişdir. Çünki həmin bənddə nəzərdə tutulmuş 1.0.5-ci maddə “Əmək pensiyaları haqqında” qanunun hazırki redaksiyası baxımından deyil, xx xxxxxx 2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, qanunun xx.xx.2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırki 1.0.8-ci maddəyə uyğun gəlir. xx.xx.2006-cı il tarixli 184-İİİQD nömrəli AR Qanunu ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-1.0.5ci maddələr əlavə edilmiş, 1.0.3-1.0.12-ci maddələr 1.0.6-.1.0.15-ci maddələr hesab edilmişdir. Yəni bu dəyişiklik nəticəsində 1.0.5-ci maddə hazırki 1.0.8-ci maddə kimi başa düşülməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan iddiaçının pensiya işinin sənədlərindən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50%-i nəzərə alınmışdır. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmiş, iddiaçının ərizəsinə cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının pensiya işi araşdırılmış və iddiaçıya bildirilmişdir ki, pensiya mövcud qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır və pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. Fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50% hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun aparılır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən;4.2.3. yığım hissəsindən. Həmin Qanunun 6.2-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/T, burada:SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada:YH- yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasənsığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərində pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının tam nəzərə alınması əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bəndi ləğv edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əvvəllər qüvvədə olmuş 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə təminat xərcliyi (pul təminatı)— hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Göründüyü kimi cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçular aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla iddiaçının sosial təminat hüquqları pozulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar