Məhkəmə qərarları › İş №2-1(103)-1536/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1536/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1536/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-4698/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 29 il 11 ay 21 gün ümumi stajı, 16 il 1 ay 6 gün gün xüsusi iş stajı nəzərə alınmaqla 01.07.2016-cı il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-4698/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 3-cü şəxs) “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ailəsi ilə birlikdə 2005-ci ilin oktyabrından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, kvartal 4 ünvanmında inşa etdiyi fərdi yaşayış evində yaşayırlar. Əmək kitabçasında qeyd olunduğu kimi Bakı şəhərində müxtəlif təşkilatlarda indiyə kimi də əmək fəaliyyətini davam etdirir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Hazırkı iddia inzibati mübahisə olmaqla inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı qeydiyyat ünvanı Lerik rayonunun Şingədulah kəndidir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Lerik rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi iddiaçının Fin xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri Lerik rayonunda olduğundan və hazırkı iddia öhdəliyin icrası iddia növünə aid olduğundan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, hazırkı işə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin aidiyyətı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsində haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-4698/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar