Məhkəmə qərarları › İş №2-1(103)-1536/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1536/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1536/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 03 may 1993-cü il tarixli 850 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Cavabdeh Başçısının 03 may 1993-cü il tarixli 850 saylı sərəncamı ilə ona Ramana qəsəbəsi, ünvan 1 ünvanda uzun müddət istifadə etdiyi 800 kv.m. boş torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin plan-ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün o, torpaq sahəsini bu günə kimi dövlət qeydiyyatına aldıra bilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş 28 yanvar 2021-ci il tarixli arayış da, ona 03 may 1993-cü il tarixli 850 saylı sərəncamla torpaq sahəsinin ayrıldığını təsdiq edir. O, Bakı şəhər Cavabdeh Başçısının 03 may 1993-cü il tarixli 850 saylı sərəncamı ilə Ramana qəsəbəsi, ünvan 1 ünvanda şəxsi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0.08 ha torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Cavabdeh 17 avqust 2021-ci il tarixli, A-169/2- 091/2-9/1 saylı məktubla onun müraciətinə imtina verərək bildirmişdir ki, Cavabdeh Başçısının 03 may 1993-cü il tarixli 850 saylı qərarı ilə ayrılmış Ramana qəsəbəsi, Zərdabi küçəsində 800 kv.m torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı bildirilir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından xahişin təmin olunması mümkün deyil. Bundan sonra iddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və 21 aprel 2022-ci il tarixli qərardadla onun iddiası mümkün sayılmamışdır və ona izah olunmuşdur ki, bu işlərlə bağlı artıq Əmlak Məsələləri Dövlət Komitəsi cəlb olunmalıdır. Bununla bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. Dövlət qurumlarının imtinası qanunsuz və əsassızdır. İddiaçı bu torpaq sahəsindən uzun müddətdir istifadə edir. Torpaq sahəsinə görə yerli bələdiyyə orqanına ödənişlər edir. Həmin torpaq sahəsinə dair arxiv məlumatlarının dövlət qurumlarında olmaması onun günahından deyil, o, cavabdeh orqan əvəzindən sənədlərin arxivləşdirilməməsinə görə məsuliyyət daşımır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-366/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Cavabdeh başçısının 850 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Ramana qəsəbəsi ünvan 2 ünvanda ayrılmış 0,08 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Cavabdeh başçısının 850 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 3 ünvanda ayrılmış 0.08 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. İddiaçıya torpaq sahəsi 31 il bundan öncə, yəni 1993-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 0,08 ha torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə, iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən, torpaq sahəsinin koordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 850 saylı qərarı ilə ayrılmış Ramana qəsəbəsi, Zərdabi küçəsində 800 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı bildirilir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından xahişin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Cavabdeh başçısının 03 may 1993-cü il tarixli 850 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ramana qəsəbəsi, ünvan 1 ünvanında uzun müddət istifadə etdiyi 800 kv.m sahəsi olan şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Əsas: Fond-130, siy.1, iş-204, vər.66. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Bakı şəhər Cavabdeh başçısının 03 may 1993-cü il tarixli 850 nömrəli Sərəncamına əsasən İddiaçı Ramana qəsəbəsi, ünvan 1 ünvanında uzun müddət istifadə etdiyi 800 kv.m sahəsi olan şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmişdir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi həmin dövrdə sərəncamla birlikdə iddiaçıya təqdim edilməli idi. Qeyd olunan sərəncam ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən qərar icra olunmalıdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış cizginin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3659/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (Bakı şəhəri Cavabdeh cavab verməli olan cavabdeh olmadığı üçün). İş materiallarından görünür ki, daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması dövründə cavabdeh əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, habelə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi onu ayırmış orqan tərəfindən həmin dövrdə sərəncamla birlikdə iddiaçıya təqdim edilməli olduğundan əvvəlkindən fərqli olaraq hazırki məhkəmə təcrübəsinə əsasən analoji işlər üzrə cavabdeh verməli olqan yerli icra hakimiyyəti orqanı hesab olunur. Məhkəmə təcrubəsinin dəyişməsi isə iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Konstitusion hüquq olan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsinin zəruriliyi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mahiyyəti üzrə baxılması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar