Məhkəmə qərarları › İş №2-1(103)-1537/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1537/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1537/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “hüquqi şəxslərin dövlət reyestrində müəssisənin təsisçi və direktoru olması barədə qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7180/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan xx.xx.2007-ci il tarixli hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrinin alqı-satqı müqaviləsindən görünür ki, X2 "xxxx" Kiçik Müəssisəsindəki nizamnamə kapitalındakı pay haqqı, hüquq və vəzifələri bütünlükdə 300 manat müqabilində X1. Bundan sonra iddiaçı “hüquqi şəxslərin dövlət reyestrində müəssisənin təsisçi və direktoru olması barədə qeydin ləğv edilməsi” ilə bağlı vergi orqanına müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Həmin məktubdan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsinə əsasən iddiaçı "xxxx" kiçik müəssisəsinin nizamnamə kapitalındaki pay haqqını, hüquq və vəzifələrini üçüncü şəxsə satmışdır. Bunun əsasında iddiaçı hazırda onun hüquqi şəxslərin dövlət reyestrində "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydin silinməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu sənədlərin təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağını bildirmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunu əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Belə ki, Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunun 14.1.7-ci maddəsinə əsasən qurumun qanuni təmsilçisi barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan iş hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hazırkı iddia predmetindən göründüyü kimi, iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlətınə aid olmayan vəzifənin qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi, cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəkı məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. İddia ərizəsində qeyd edilən xx.xx.2007-ci il tarixli müqaviləyə gəlincə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. xx.xx.2007-ci il tarixli müqavilə (əqd) üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi əqdin tərəfi olmadığı üçün heç bir halda məhkəmə prosesində cavabdeh kimi müəyyən edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7180/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri 19 saylı Notariat Kontorunda 3M-4/597 saylı reyestrlə qeydə alınmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən hüquqi şəxslərin dövlət reyestrində İddiaçı "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olmadığı barədə qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli qərarda yol verilmiş yanlışlıq düzəldilərək, “qərarın nəticəvi hissəsində İddiaçı Kəmaləddin oğlunun "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olmadığı barədə qeydiyyatın ləğv edilməsi sözlərinin” “İddiaçı Kəmaləddin oğlunun "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydiyyatın ləğv edilməsi sözləri” ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7180/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarından narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, məhkəmənin 2- 1(112)-7180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən X5 işə 3-cü şəxs qismində cəlb edilmələri ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynililk təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia hüquqi şəxslərin dövlət reyestrində iddiaçının "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı olub, “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddia növü üzrə qanunla məhkəməyə müraciət etmə müddəti müəyyən edilmədiyindən və bu məsələ cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.2-1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Həmin Qanunun 9.2-2-ci maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi, İddiaçı "xxxx" kiçik müəssisəsinin təsisçisi olmuşdur. Sonradan iddiaçı ilə X10 arasında müqavilə münasibətləri yaranmış, həmin münasibətlər zənnində iddiaçı hüquqi şəxsin nizamnamə kapitalındaki pay haqqını, hüquq və vəzifələrini üçüncü şəxsə satmış və bu müqavilə Bakı şəhəri 19 saylı Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı artıq "xxxx" kiçik müəssisəsinin payçısı deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinə görə, dəyişiklik olunmasını xahiş edən şəxsin “ərizədə baş vermiş dəyişikliyi göstərmək” və “həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək” vəzifəsi müəyyən olunmuşdur. Bu normada göstərilən “dəyişikliyi təsdiq edən sənədlər”in nədən ibarət olması qanunda dəqiqləşdirilməmişdir. Məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli izah məzmunlu məktubuna istinad etməklə bildirmişdir ki, “iddiaçıya baş vermiş dəyişikliyin dövlət reyestr məlumatlarında əks olunması üçün şirkətdə olan payın alqı-satqısı müqaviləsi ilə yanaşı, təsisçinin qərarı, nizamnaməyə edilən dəyişiklik) birlikdə vergi orqanına müraciət edilməli olduğu bildirilərək, həmin sənədlər təqdim edilməklə yenidən müraciət etməsi tövsiyə edilmişdir. Yalnız bundan sonra vergi orqanı tərəfindən həmin müraciətlə bağlı imtina edildiyi halda, iddiaçının vergi orqanına qarşı “müəssisənin rəhbəri, təsisçisi olduğu faktının dəyişdirilməsi ilə bağlı dövlət reyestrində müvafiq qeydiyyatın aparılması barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yarana bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Çünki bu sənədlərin təqdim olunması iddiaçının imkanları xaricində ola bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız bu hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. Yaranmış vəziyyətdə mübahisənin həllinə aydınlıq gətirilməsi üçün ilk növbədə o fakt diqqətdə saxlanmalıdır ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri qaydalarına əməl olunmasına nəzarət vergi orqanının səlahiyyətlərinə aiddir və hazırki vəziyyətin (təsisçinin payını satdıqdan sonra alıcının dəyişiklik barədə qeydiyyat orqanına məlumat verməməsi halında) tənzimlənməsi mexanizmi qanunla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsində hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmaması inzibati xəta kimi müəyyən olunmuşdur və bu əmələ görə vəzifəli şəxslər üçün min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üçün iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı maddəsinə görə, İXM-nin 405-ci maddəsində (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri baxır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsində deyilir ki, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən sadəcə alqı-satqı müqaviləsinin təqdim edilməsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdeh üçün aşkar edilmiş çatışmazlığı aradan qaldırmaq vəzifəsi yaradır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 744/2021 və 2- 1(102)-26/2021 saylı inzibati məhkəmə işləri). Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7180/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7180/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar