Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1537/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının keçmiş dövr üzrə məbləğinin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8180/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının keçmiş dövr üzrə məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8180/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən 23 dekabr 2021-ci il tarixli ərizəsinə əsasən 27 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 23 dekabr 2018-ci il tarixdən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir". Həmin Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat, xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) və həmin dövrdə baza hissəsi götürülməklə hesablanırdı. Belə ki, İddiaçı aid sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 29 il 5 ay 26 gün təşkil edir. Bununla əlaqədar olaraq xx.xx.2006-cı il tarixədək iş stajına uyğun pensiyanın sığorta hissəsi pensiya təyin olunan tarixə indeksləşdirilərək 64,59 manat müəyyən edilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8992,80 manat sığorta kapitalına uyğun olaraq pensiyasının sığorta hissəsi 62,45 manat müəyyən edilərək üzərinə baza hissəsi (100,00 manat) əlavə olunaraq 227,04 manat (64,59+62,45+100,00 (indeksləşdirilərək xx.xx.2022-ci il tarixədək 377,98 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. Bundan başqa iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 12158,98 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği xx.xx.2022-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 328,62 manat) pensiyasının üzərinə əlavə olunmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın İddiaçı 57 yaşı tamam olduğu 27 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi və pensiya məbləğini 23 dekabr 2018-ci il tarixdən sonrakı dövr üzrə hesablama apararaq ödəməsi işin mübahisəsiz halıdır. Mübahisəli məsələ pensiyanın hesablanmağa başladığı tarix ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının onlara sonuncu dəfə xx.xx.2021-ci il tarixində müraciət etdiyini əsas götürərək (apelyasiya şikayətinin dəlili), pensiya məbləğini 23 dekabr 2018-ci il tarixdən sonrakı dövr üzrə hesablama apararaq ödəməyə başlamışdır. İddiaçı isə cavabdehə ilkin müraciətinin 25 dekabr 2015-ci il tarixində olduğunu bildirmişdir. İş materiallarından görünür ki, DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 25 dekabr 2015-ci il tarixli müraciətinə baxılmış 29 dekabr 2015-ci il tarixli məktubla aşağıdakı məzmunda imtina cavabı verilmişdir: - «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilən əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə və vəzifələrdə çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Təqdim edilən sənədlərə əsasən onun (ərizəçinin) işlədiyi iş stajı əmək şəraiti xüsusilə zərərli və ağır olan peşə və vəzifələrə - Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1.1.2-ci bəndinə uyğun olmadığından, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. İş materiallarından görünür ki, DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı pensiya təyinatına dair müraciətinə baxılmış 19 aprel 2017-ci il tarixli məktubla aşağıdakı məzmunda imtina cavabı verilmişdir: - «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan sığortaolunan kişilərə 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. Lakin təqdim edilən sənədlərə əsasən onun (ərizəçinin) iş stajının 12 il 6 ay olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar iddiaçı cavabdehə 2015 və 2017-ci illərdə müraciətlər ünvanlamışdır. «Əmək pensiyaları haqqında» Qanununun 30.1-ci maddəsinə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvədə olan (maddə həmin tarixdən əlavə olunmuşdur) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Kollegiya iddiaçının cavabdehə ilkin müraciət tarixinin 25 dekabr 2015-ci ildə, pensiya təyinat tarixinin isə 2015-ci ilin yanvar ayının 27-də olduğunu nəzərə alaraq, pensiya təyinatı tarixindən sonrakı bütün dövr üzrə pensiya ödənişinin “ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” iddiaçıya tam şəkildə ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı əsas hesab edərək, gəldiyi nəticə ilə razılaşır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8180/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1537/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1537/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver