Məhkəmə qərarları › İş №2-1(103)-1537/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1537/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1537/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın, digər bağ sahəsinə dair çıxarışın verilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4969/2023 saylı 13 oktyabr 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Biriliyi “Ləhiş ərazisində 801 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında” 20 may 2005-ci il tarixli, 26973 saylı müqaviləyə əsasən X3 və İstismarı Birliyi ilə İddiaçı1 arasında müqavilə bağlanılaraq, Birlik Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 801 “a” nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İddiaçı1in oğlunun istifadəsinə vermişdir. Eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Biriliyi “Ləhiş ərazisində 801 nömrəli bağın istifadəyə verilməsi haqqında” 20 may 2005-ci il tarixli, 17965 saylı müqaviləyə əsasən X3 və İstismarı Birliyi ilə X16 arasında müqavilə bağlanılaraq, Birlik Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 801 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla X8 istifadəsinə vermişdir. X16 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Asan xidmət mərkəzinə və Əmlak Xidmətləri məkanına ünvanladığı xx.xx.2022-ci il tarixli 2021 nömrəli məktubunda göstərilmişdi ki, xx.xx.2011-ci ildə ölmüş, ünvan 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.1938-ci il təvəllüdlü X10 vəfatı ilə bağlı vərəsəlik işi ilə əlaqədar olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha olan 801 saylı bağ sahəsinə çıxarışın vərəsəsi İddiaçı2 verilməsi xahiş edilmişdir. İddiaçı2 nümayəndəsi vasitəsilə hazırki tələblə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına verilmiş plan ölçüdə qeyd olunan sahə ilə üst-üstə düşür. Həmçinin koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı bağın ərazisinə uyğun gəlir. Odur ki, həmin torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Beləliklə, hər iki iddiaçıya müvafiq torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh orqan tərəfindən imtina verilmişdir. Həmin imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci tarixli 17965 saylı müqavilə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 nömrəli bağ sahəsi X16 adına mülkiyyət hüquqların qeydə alınması və çıxarışın verilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 20 may 2005-ci tarixli 26973 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 "a” nömrəli bağ sahəsinin İddiaçı1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə “iddia tələbinə dəqiqləşdirmə ərizəsi” təqdim edilərək, iddia tələbinin “Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci il tarixli 17965 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 №-li bağ sahəsinin mülkiyyət hüququ ilə X11 məxsus olması barədə arayışın verilməsi və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 20 may 2005-ci il tarixli 26973 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 “a” №-li bağ sahəsinin İddiaçı1 mülkiyyət hüququnun qeydə alınması, buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi məhkəmə icraatına qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 20 fevral 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra hakimiyyətinin 1989-cu il tarixli 62 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci il tarixli 17965 saylı müqavilə ilə Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 №-li bağ sahəsi X8 istifadəsinə verilmişdir. X16 07 aprel 2011-ci ildə vəfat etmişdir. Onun vərəsəsi İddiaçı2 atası X7 miras qalmış torpağa dair Bakı şəhəri 9 saylı notariat ofisində açılmış vərəsəlik işi ilə bağlı torpaq sahəsinin dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli **********690 №-li bildirişlə çıxarışın verilməsindən imtina olunmuşdur. İmtina üçün əsas kimi qeyd olunur ki, koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı bağın ərazisinə uyğun gəlir. Odur ki, Ləhiş ərazisində yerləşən 801, 802 və 800 saylı torpaq sahələrinin qanunu istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim olunması tələb olunur. Təkrarən həmin bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etdikdə isə xx.xx.2022-ci il tarixdə verilmiş **********60 №-li cavab məktubunda xx.xx.2022-ci il tarixli **********690 №-li məktubunda qeyd olunan əsaslar göstərilərək, yenə də 801, 802 və 800 saylı torpaq sahələrinin qanunu istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxemi iddiaçıdan tələb olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 62 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 20 may 2005-ci il tarixli 26973 saylı müqavilə ilə Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 “a” №-li bağ sahəsi X1 istifadəsinə verilmişdir. İddiaçı1 xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə dair mülkiyyət hüquqularını qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********30 №-li bildirişlə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur. İmtinanın səbəbi koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsinin qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı bağ ərazisinə uyğun gəldiyi göstərilərək, həmin torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla bölgü sxeminin təqdim olunmasının tələb olunması göstərilmişdir. Təkrarən iddiaçı cavabdeh qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh quruma xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh qurumun verdiyi xx.xx.2022-ci il tarixli **********58 №-li məktubunda da eyni əsaslar göstərilərək, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı1, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 801 “a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı2, X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 801 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı bağın ərazisinə uyğun gəlir. 801, 802 və 800 saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim olunmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçılara **********30 saylı, xx.xx.2022-ci il və **********58 saylı, xx.xx.2022-ci il tarixli və müvafiq olaraq **********90 saylı, xx.xx.2022-ci il tarixli və **********60 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4969/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci il tarixli 17965 saylı müqavilə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 №-li bağ sahəsinin mülkiyyət hüququ ilə X11 məxsus olması barədə arayışın İddiaçı2 verilməsi və Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 20 may 2005-ci il tarixli 26973 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 “a” №-li bağ sahəsinin İddiaçı1 mülkiyyət hüququnun qeydə alınması, buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Belə ki, koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı və bölünənlərinin bağlarının ərazisinə uyğun gəlir. Odur ki, 801, 802 və 800 saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim olunmalıdır. Torpaq sahəsinin bir hissəsi 996 saylı torpaq sahəsinin plan sxemində qeyd edilən sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə mübahisə predmetləri ayrı olan olan müstəqil işlər üzrə bir qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci il tarixli 17965 saylı müqavilə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 №-li bağ sahəsinin mülkiyyət hüququ ilə X11 məxsus olması barədə arayışın verilməsi və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 20 may 2005-ci il tarixli 26973 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 “a” №-li bağ sahəsinin İddiaçı1 mülkiyyət hüququnun qeydə alınması, buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədədir. Bununla bağlı iddiaçılar cavabdeh inzibati orqana müraciət etsələr də, sonuncu tərəfindən tələblərinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər və onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://eqanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıların tələbinin təmin olunmasından imtina edərkən “elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına verilmiş plan ölçüdə qeyd olunan sahə ilə üst-üstə düşməsinə və koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsinin qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 802 saylı bağın ərazisinə uyğun gəlməsi”nə istinad etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Torpaq sahəsinə dair müayinə aktı və koordinatların məhkəməyə göndərilməsi barədə” cavab məktubuna əsasən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatları təqdim edilmişdir. Təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən göstərilən bağ sahəsinin sərhədləri 3-5 daş hündürlüyündə hasarlanmışdır. Sahədə su quyusu var. Əlavə olaraq koordinatlar əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Müvafiq məlumatın təqdim edilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 800 və 802 saylı bağ sahələrinin dövlət qeydiyaytına alınması barədə məlumat idarədə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin “Yerində müayinə aparılmasına dair” 27 sentyabr 2023-cü il tarixli məhkəmə protokolundan görünür ki, iddiaçının göstərdiyi ünvanda olan torpaq sahəsinin iki tərəfində yol, digər tərəfində quyu və digər tərəfində isə qonşu torpaq sahəsi mövcuddur. İşin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana məhkəmə sorğusu göndərilmiş və iddiaçıların iddia etdikləri 801 və 801 “a” №-li bağ sahələri ilə cavabdehin imtinalarında göstərilən 802 №-li bağ sahəsinin üst-üstə düşüb-düşməməsi, düşdüyü təqdirdə hansı hissədə (dəqiq sahə kv.metrlə göstərilməklə) düşdüyünü əks etdirən müayinə aktının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmayıb. Koordinatlarla göstərilən ərazi qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən bir hissəsi 802 saylı bağın və bölünənlərinin ərazisinə, bir hissəsi isə 996 saylı bağa dair vaxtıilə tərtib edilmiş plan sxem üzrə sahə ilə üst-üstə düşür (996 saylı bağ nömrəsi də əraziyə uyğun gəlmir). Qeyd olunanlarla yanaşı, ilkin bağların bölgüsü zamanı sahələr koordinatlar sistemi ilə bölünmədiyindən qonşu sahələrlə dəqiq neçə kv.m hissədə üst-üstə düşdüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, 801 nömrəli bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki 1214 kv.m-dir. Bağ sahəsinin sərhədləri 3-5 cərgə hündürlüyündə m.daşları ilə hasarlanmışdır. Tikili yoxdur. Həmçinin həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, 801 a saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki 1200 kv.m-dir. Bağ sahəsinin sərhədləri 3-5 cərgə hündürlüyündə hasarlanmışdır. Sahədə su quyusu var. Göründüyü kimi, iddiaçıların iddia etdiyi torpaq sahələrinin elektron kadastr məlumatına əsasən sxematik xəritəyə uyğunsuzluğu müəyyən olunur, torpaq sahəsinin bir hissəsinin 996 saylı torpaq sahəsinin plan sxemində qeyd edilən sahə ilə üst-üstə düşmə dəlilini də cavabdeh məhz sxematik xəritə məlumatlarına istinadən irəli sürür. Cavabdeh orqan 996 saylı bağ sahəsinin qanuni istifadəçisi barədə məlumatın onda olmadığını bildirdiyi üçün məhkəmə kollegiyası əlaqəli hər hansı şəxsin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasına lüzum görməmişdir. Belə ki, həmin şəxslər tərəfindən qanuni istifadənin mövcudluğunu və həmin şəxslərin kimliyini məhkəməyə bildirməkdə sübutemə yükü cavabdeh orqanın üzərinə düşür ki, bu da cavabdeh orqan tərəfindən sübuta yetirilmir. Həmçinin iddiaçıların iddia etdiyi bağ torpaq sahələrinin sxematik xəritəyə uyğun olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçıların üzərinə qoyula bilməz və onların qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (məs: 2-1(102)-1415/2020 saylı və 2- 1(102)-2826/2019 saylı inzibati işlər). Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1996-ci il tarixdə qəbul edilmiş və qüvvədə olan «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan bağ sahələrinə dair iddiaçıların tələbini təmin etməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası cavabdehin 802 saylı bağın bir hissəsinin 996 saylı bağla üstüstə düşməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh 996 saylı bağın hansı ərazidə yerləşməsini və kimə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan iddiaçıların Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə X16 arasında bağlanmış 20 may 2005-ci il tarixli 17965 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 №-li bağ sahəsinin mülkiyyət hüququ ilə X11 məxsus olması barədə arayışın verilməsi və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 20 may 2005ci il tarixli 26973 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 801 “a” №-li bağ sahəsinin İddiaçı1 mülkiyyət hüququnun qeydə alınması, buna dair çıxarışın verilməsi tələbindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçılara ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iş üzrə aparılan məhkəmə araşdırmalarına görə, hər iki iddiaçının qohumluq əlaqələri mövcuddur, hər iki torpaq birbirindən hasarla ayrılmışdır, bir-birinə aidiyyatı yoxdur. Buna görə də məhkəmə kollegiyası torpaq sahələrinin ayrı-ayrılıqda yerləşməsinə baxmayaraq hər iki iddiaçının qohumluq əlaqələrinin mövcudluğunu və hər iki torpaq sahəsinin bir-birindən hasarla ayrılıb bitişik olduqlarını nəzərə alaraq hər iki iddiaçının iddiasına bir icraatda baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Kollegiya qeyd edir ki, ayrı-ayrı verilməli olan hər iki iddiaya qeyd olunan əsaslarla bir icraatda baxılması kobud prosessual pozuntu sayılmır və yalnız bu səbəb qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4969/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2 e-2-1(112)-4969/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar