Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1538/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X4, üçüncü şəxs AR Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2104/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1990-cı ildə anadangəlmə ürək qüsurlu, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə diaqnozu ilə xəstə doğulmuşdur. 2011-ci ilin iyun ayından 47 manat məbləğdə sosial pensiya almışdır. Atası xx.xx.2009-cu ildə rəhmətə getdikdən sonra həmin ilin sentyabr ayından 2011-ci ilin may ayının 25-dək atasının pensiyasının 50%-ni kollecdə əyani təhsil aldığı müddətdə almışdır. 2011-ci ilin sentyabr ayından əvvəllər 47 manat, 2019-cu ilin aprel ayından 110 manat sosial pensiya alır. Ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Müraciətinə xx.xx.2019-cu il tarixli **********7 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ona ilkin olaraq xx.xx.2009-cu il tarixdə ümumi səbəbdən ikinci dərəcə əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1.1.2-ci maddəsinə əsasən ona 18 yasınadək sağlamlıq imkanlarının məhdudluğuna dair məlumatlar İdarədə mövcud olmadığından, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçıya xx.xx.2009-cu il tarixdə 8 nömrəli TSEK-də ilkin olaraq 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini Məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə iddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Üçüncü şəxsin birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İİ dərəcə” diaqnozu ilə ilkin müayinə olunmuş və ona ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. AR Əmək və X5 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatın verilməsinə dair portaldan çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinə görə, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Eyni Qanunun 17.1-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh həm xx.xx.2019-cu il tarixli imtina məktubunda, həm iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazında, həm də apellyasiya şikayətində iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 14.1 və 17.1-ci maddələrində nəzərdə tutulan şərtləri yalnız “... 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş ...” hissədə mübahisə edir (İPM-82), həmin hissədə isə onun arqumentləri əsassızdır. Çünki, iddiaçıya təyin olunan əlilliyin səbəbinin anadangəlmə, yəni 18 yaşına çatanadək olması mötəbər rəsmi sənədlərlə tam təsdiq olunur və əlilliyin ilk dəfə 19 yaşda təyin olunması bu faktı təkzib etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin xx.xx.2019-cu il tarixli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2104/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1538/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1538/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver