Məhkəmə qərarları › İş №2-1(103)-1538/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1538/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1538/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə qarşı “kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə qarşı “kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21140 manat məbləğində kompensasiyanın və əldən çıxmış faydanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən cavabdehin hərəkətlərinin inzibati xətalar üzrə işlərə əlaqədar olmasına istinad etmişdir. Halbuki onun şikayəti inzibati orqanın qərarından deyil, tələbi ona inzibati orqanın hərəkəti ilə bağlı dəymiş ziyanın ödənilməsi barədədir. Tərəflərin izahatları 09 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan avtomobili etibarnamə ilə idarə etmək üçün Ziyafət Ələkbərovun idarəetməsinə vermiş, lakin sonradan həmin şəxsin adına verilmiş etibarnaməni ləğv etmiş və avtomobilini geri almışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobilin Ziyafət Ələkbərovun idarəetməsində olarkən sonuncunun cərimə borcları olduğu üçün avtomobilə İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən məhdudiyyət tətbiq edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət edərək mülkiyyətində olan avtomobil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini tələb etsə də, bu tələbi avtomobillə bağlı cərimə borcları ödənilmədiyi üçün təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin iddiaçıya ünvanladığı məktublardan görünür ki, “Mercedes Benz C180” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sabiq sürücüsü vətəndaş X1 tərəfindənyol hərəkəti qaydaları pozulduğuna görə barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmçinin inzibati xəta haqqında işə baxılaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qəbul olunmuşdur. Lakin Z.Ələkbərov həmin qərarın qanuni qüvvəyə mindiyi gündən otuz gün müddətində cərimələri ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən hər növbəti gün üçün cərimə məbləğinin üzərinə onun bir faizi miqdarda 2 aydan çox olmamaq şərtilə dəbbə pulu hesablanmış və inzibati xətanın törədilməsi zamanı onun istifadəsində olan avtomobilin saxlanması haqda qərar qəbul olunmuşdur. Bununla yanaşı, Z.Ələkbərov barəsində Məcəllənin 529.3-cü maddəsinə əsasən inzibati sənədləşmə aparılaraq aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin müvafiq qərarı ilə Z.Ələkbərov İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Beləliklə, törədilən yol hərəkəti qayda pozuntularına görə Z.Ələkbərov barəsində qəbul olunmuş inzibati tənbeh tətbiqetmə haqqında qərarlara əsasən cərimələr ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin saxlanılması barədə səlahiyyətli orqanın qərarının icrasına xitam verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Hazırda iddiaçı mülkiyyətində olan avtomobili sabiq idarədən Z.Ələkbərova yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilmiş cərimələrin ödənilməməsi səbəbindən avtomobilinin üzərinə qoyulmuş məhdudiyyətə görə ondan istifadə edə bilmədiyi üçün ona ziyan dəydiyinə istinad edərək həmin ziyanla bağlı cavabdeh Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən kompensasiya olaraq 21140 manat məbləğində pul və əldən çıxmış faydanın ona ödənilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki mübahisənin predmetinin cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqəli olmasına, bu səbəbdən də, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatında baxılmasının qeyri-mümkün olmasına istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iş üzrə iddiaçının hüquqi marağı inzibati orqanın inzibati xətalarla bağlı fəaliyyətindən irəli gələn, başqa şəxsə (avtomobili sabiq idarəedən şəxsə) münasibətdə qəbul etdiyi qərarın ləğvinə deyil, inzibati orqanın onun mülkiyyətində olan avtomobil üzərinə qoyduğu məhdudiyyətin götürülməməsi ilə bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyi səbəbi ilə dəymiş ziyanın (kompensasiyanın) ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işin faktiki hallarına görə, mülkiyyətçi olan iddiaçının onun avtomobili üzərinə sabiq edarəedənin yol verdiyi qanun pozuntularına görə tətbiq edilmiş cərimələrin ödənilməməsi səbəbindən qoyulmuş məhdudiyyətlə bağlı mülkiyyətçi olaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə proseduru İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmədiyindən onun həmin hüquqlarının müdafiəsi ilə bağlı müraciəti inzibati məhkəmə icraatı qaydasında yolverilən olmalıdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğunu ümumiyyətlə aydınlaşdırmadan iddia tələbini qeyri-mümkün saymışdır ki, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını aydınlaşdırıb, cavabdeh inzibati orqanın başqa şəxsə (avtomobili sabiq idarəedənə) münasibətdə inzibati xətalara dair fəaliyyətindən irəli gələn hərəkəti (avtomobil üzərinə qoyduğu məhdudiyyət) ilə bağlı mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulduğunu müəyyən edib, onun bu hüquqlarının müdafiəsi üçün qaldırdığı iddia tələbinin inzibati xətalar üzrə olan məhkəmə icraatında baxılmasının qeyrimümkünlüyünü və buna görə də müvafiq inzibati orqana qarşı verdiyi hazırki iddia tələbinin inzibati məhkəmə icraatında baxılmasının yolverilənliyini nəzərə alıb işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməli idi. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 17.02.2021-ci il tarixli qərardadı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar