Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1538/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati iş üzrə cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3703/2017 saylı 25.01.2022-ci il qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı, 11 avqust 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı 21.10.1978-ci il tarixdən 29.11.1988-ci il tarixədək Mərkəzielektriktökmə zavodunda (keçmiş Elektrosentrolit) xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 22.08.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci ildən orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2256/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)- 687/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarına əsasən də Bakı Apelyasiya Məhkəməsinin həmin qərarı da dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərarı məhkəmənin 17 may 2018-ci il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Cavabdehnə göndərilmişdir. 29 yanvar 2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, vətəndaşın müraciətinə baxılması ilə əlaqədar qərarın icrasını Nizami rayon şöbəsinə göndərilməsi xahiş etmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qyvvəsini almış qərarı 01 fevral 2019-cu il tarixində Fondun Bakı şəhəri Nizami rayon Şöbəsinə göndərilmişdir. Daha sonra, Bakı şəhəri Nizami rayon Şöbəsi məhkəməyə 13 fevral 2019-cu il tarixli məktub ünvanlayaraq bildimişdir ki, X2 pensiya hüququnun yarandığı tarixdən icra edilərək əmək pensiyasının təyin edilmişdir. Bundan sonra, 26.04.2021-ci il tarixdə, cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə mürəciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3703/2017 saylı, 11 avqust 2017-ci il tarixli qərarının ləğv olunması, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “...pensiya işində olan sənədlərdə mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 27.05.2017-ci il tarixinədək Bakı şəhəri Yasamal rayonunda bir neçə ünvanda rəsmi qeydiyyatda olmuş, qeyd olunan tarixdən Suraxanı rayonu, Balandin-42 ünvanına rəsmi qeydiyyata alınmış, 5 ay sonra, yəni 30.10.2017-ci il tarixdən əvvəlki - ünvan 5 ünvanına qayıtmış, 2018-ci ilin 09-22 dekabr tarixində ünvan 6 ünvanında və sonuncu dəfə 22.12.2018-ci ildən yenidən əvvəlki ünvan 5 ünvanında rəsmi qeydiyyata alınmış xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı və imzasının saxtalaşdırıldığı ehtimal olunan, həmçinin tarixi qeyd olunmayan ərizəsi (1 nömrəli əlavə) ünvan üzrə qeydiyyatda olmadığı ərazi üzrə Fondun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 27.11.2018-ci il tarixdə qəbul edilmişdir...” 3 instansiya məhkəməsinin qərarlarınında vətəndaşın əmək fəaliyyəti barədə heç bir məlumat qeyd edilmədiyi müəyyən edilməmişdir. Ehtimal olunur ki, vətəndaş bilərəkdən sonrakı dövrlərdə işləməsi barədə məhkəmələrə məlumat verməmiş və əmək kitabçasını təqdim etməmiş, onun 2 əmək kitabçası mövcud olmuş, əsl əmək kitabçası gizlədilməklə məhkəməyə təqdim edilmiş digər əmək kitabçası əvvəlcədən saxtalaşdırılmışdır. Bundan əlavə, səlahiyyətləri daxilində araşdırma tədbirlərinin davamı olaraq Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi Hüsü Atamov, böyük mütəxəssisi Eyvaz Əhmədov və ASC-nin kadrlar şöbəsinin rəisi Sitarə Rəhimovanın iştirakı ilə vətəndaş İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən zərərli iş şəraiti kimi əsas götürülmüş Elektrosentrolit zavodunda (indiki Bakı "Elektriktökmə” ASC) 21.10.1978-29.11.1988-ci il dövr ərzində qəlibtökmə sexində çıxarıcı köməkçisi və çıxarıcı peşələrində işləməsi faktının düzgünlüyü müəssisədə saxlanılan əmrlər kitabı və fərdi şəxsi hesab cədvəlləri (əməkhaqqı cədvəlləri nəzərdə tutulur) ilə yerində qarşılıqlı yoxlanılmış, nəticədə vətəndaşın 1988-ci ilə aid olan fərdi şəxsi hesab cədvəli, yəni həmin il ərzində qeyd olunan istehsalat və peşə üzrə əmək haqqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin aşkar olunmadığı müəyyən edilərək bu barədə 18.11.2020-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunanlara əsasən faktiki işləmiş olan dövrün nəzərə alınması ilə İddiaçı zərərli şəraitdə işlədiyi cəmi iş stajı qanunvericilikdə tələb olunan 10 il staja qarşı 9 il 2 ay təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Araşdırma nəticəsində vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş digər peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısı”nda nəzərdə tutulmadığı müəyyənləşdirilmişdir. İddiaçı aylıq pensiyasının 01.01.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Ümumilikdə, Qanunun tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi nəticəsində 22.08.2007-ci il tarixdən 01.01.2020-ci il tarixədək cəmi 248795,25 (153216,17+47789,54) manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan İddiaçı pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda yaşa görə əmək pensiya hüququ qanunvericiliklə 22.08.2022-ci il tarixdən yarandığı müəyyən olunur. Beləliklə, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və 01.01.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 248 795,25 manat təşkil etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3703/2017 saylı 25.01.2022-ci il qərardadı ilə ərizə mümkün sayılmamışdır. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizədə göstərilənlərə uyğun olaraq əsaslandırılmış, eyni zamanda əlavə olaraq bildirilmişdir ki, iddiaçıya vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsassız götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu ƏƏSMN Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmış, həmin araşdırma ilə əlaqədar nazirlik tərəfindən AR Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdiarəsinə müraciət edilmişdir. Bu səbəbdən də əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaq. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin (prosessual hüquq varisinin) V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizəçinin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Birincisi, konkret halda, iddiaçının ərizəsində qeyd olunan hallar Məcəllənin qeyd olunan tələbləri baxımından yeni açılmış hallar kimi qiymətləndirilə bilməz Ərizəçinin apellyasiya şikayətində istinad etdiyi, “nazirlik tərəfindən AR Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdiarəsinə müraciət edilməsinə” gəldikdə isə bununla bağlı qanuni qüvvəsini almış ittiham hökmü mövcud olmadığı halda, həmin halın da yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür. Ən azından ərizəçi tərəfindən ərizədə əsasən qanuni qüvvəsini almış məhkəmə qərarlarından narazılıq ifadə olunaraq işin düzgün və hərtərəfli araşdırılmamasından şikayət olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən və ən əsası, iş materiallarına əsasən müəyyən hallardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 saylı, 11 avqust 2017-ci il tarixli qərarı 10 aprel 2018-ci il tarixdə qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra, Fondun Nizami rayon Bakı şəhəri tərəfindən həmin qərar icra olunaraq iddiaçı X2, onun pensiya hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilmiş və bu barədə məhkəməyə 13 fevral 2019-cu il tarixli məktubu ilə məlumat vermişdir. Bundan sonra, ərizəçinin qeyd olunan ərizəsindən göründüyü kimi, iddiaçının pensiya işi araşıdrılarkən onun əmək kitabçasının surətində qeyd olunmuş digər peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısı”nda nəzərdə tutulmadığı (və s. hallar) müəyyən edildiyindən, 01.01.2020-ci il tarixədək ona aparılmış pensiyaödənişi, araşdırma ilə əlaqədar həmin tarixdən dayandırılmışdır. Göründüyü kimi, artıq 01.01.2020-ci il tarixindən ərizəçi ərizəsində istinad etdiyi yeni açılmış hallardan məlumatlı olmuşdur. Lakin iş materiallarından görünür ki, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə 26.04.2021-xci il tarixində müraciət etmişdir. Halbuki, İPM-in 103.1-ci maddəsinin imperativ tələbinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Göründüyü kimi, ərizəçi presessual qanunvericiliklə müəyyən olunan müddət ötürülməklə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı işin təzələnməsi məhkəmədən xahiş olunmuşdur. Beləliklə də qeyd olunanlar, İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından onu deməyə əsas verir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar yoxdur. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin məhkəmə icraatının mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3703/2017 saylı 25.01.2022-ci il qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3703/2017 saylı 25.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1538/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1538/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver