Məhkəmə qərarları › İş №2-1(103)-1539/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1539/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1539/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə dayandırılmış əmək pensiyasının bərpa edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2353/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Mərhəmət” kiçik müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və dayandırılmış əmək pensiyasının dayandığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, güzəştli şərtlərlə ona təyin olunmuş yaşa görə əmək pensiyası cavabdeh tərəfindən 2019-cu ilin may ayından dayandırılmışdır. xx.xx.2019-cu il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, dayandırılmış əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh ərizəyə cavab olaraq xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərmişdir ki, onun xx.xx.2006-cı il tarixədək 23 il 3 ay sığorta stajı və 8 il 8 ay 29 gün qüzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli stajı vardır. xx.xx.2006-cı il tarixdən sonra işlədiyi “Mərhəmət” kiçik müəssisəsi məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi üçün 2006-2014-cü illər sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda onun nə 25 il sığorta stajı, nə də ki, 12 il 6 ay güzəştli stajı olmadığı üçün 57 yaşında yaşa görə əmək pensiyasına hüququ olmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun 2006-2014-cü illərdə “Mərhəmət” kiçik müəssisəsində işləməsi barədə qeydlər vardır. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyası hüququ müəyyən edilərkən məcburi dövlət sosial sığorta haqları ödənilən dövr nəzərə alınır. Lakin 2006-cı ildən 2014-cü ilədək “Mərhəmət" kiçik müəssisəsi məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi üçün iddiaçının fərdi hesabında 1 manat da olsun pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən, “Mərhəmət” kiçik müəssisəsindəki staj nəzərə alına bilməz. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək 23 il 3 ay sığorta stajı və 8 il 8 ay 29 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən güzəştli stajı vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı və 12 il 6 ay güzəştli stajı olmadığı üçün onun 57 yaşında yaşa görə əmək pensiyasına hüququ olmamış və ona səhvən təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəməyə təqdim edilmiş və iddiaçıya məxsus olan notarial qaydada təsdiqlənmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Mərhəmət” kiçik müəssisəsində işləmişdir. Məhkəmə qərar qəbul edərkən AR Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna istinad etmişdir. Hesab edir ki, yaranmış vəziyyətdə mübahisənin ədalətli həlli üçün əlavə sənədlərin axtarılması və araşdırılması üçün prosessual imkanlar tükənməmişdir. Belə ki, əgər məhkəmədə iddiaçının qeyd olunan müəssisədə işləməsi faktına şübhə yaranıbsa, məhkəmə bu müəssisələrdən və ya müvafiq arxivlərdən müəssisə üzrə əmr kitablarını tələb edib araşdırmalı idi. Lakin məhkəmə bunu etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və məhz bundan sonra həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsi). Odur ki, sözügedən inzibati akt qəbul edilmədiyi müddətdə əmək pensiyası hüququnun realizə edilməsi mümkün olmur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun: 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 25-ci maddəsinə görə, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi həyata keçirir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalı idi: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından müəyyən edilir ki, DSMF Qaradağ rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 675 nömrəli qərarı ilə iddiaçıya 57 yaşdan 2 nömrəli Siyahı ilə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, lakin onun xüsusi və ümumi iş stajının xx.xx.2006-cı il tarixədək mövcud olmadığı aşkar edilərək, pensiyanın ödənişi dayandırılmış və statusu X5 xx.xx.2019-cu il tarixdən etibarsız sayılmışdır. Bundan sonra, iddiaçı pensiyanın bərpa olunması üçün cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubunda göstərmişdir ki, xx.xx.2006-cı il tarixədək olan siğorta stajı əmək kitabçası əsasında müəyyən olunur. xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial siğorta haqları ödənilən dövr siğorta stajına daxil edilir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006-cı il tarixədək 23 il 3 ay siğorta stajı və 8 il 8 ay 29 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli stajı olmuşdu. xx.xx.2006-cı il tarixdən sonra iddiaçının işlədiyi “Mərhəmət” kiçik müəssisəsi məcburi dövlət sosial siğorta haqlarını ödəmədiyi üçün 2006-2014-cü illər sosial siğorta stajına daxil edilə bilməz. Belə olan halda onun nə 25 il siğorta stajı, nə də ki, 12 il 6 ay güzəştli stajı olmadığı üçün 57 yaşından yaşa görə əmək pensiyası hüququ olmamışdır. Bu səbəbdən ona düzgün təyin edilməmiş pensiyanın ödənişi dayandırılmışdır. Göründüyü kimi, hazırkı iddia tələbi faktiki cəhətdən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Mərhəmət” kiçik müəssisəsində işləməsi ilə əsaslandırılır və bu müddətin sosial sığorta stajına daxil edilməsi tələb edilir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunla sığorta stajının müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunduğu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunduğu imperativ qaydada tənzimlənmişdir. Bununla da, qanunverici xx.xx.2006-cı il tarixdən sonrakı sosial sığorta stajının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınmasını məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmiş və bu faktın da AR Əmək və X2 Nazirliyi tərəfindən verilən sənədlə təsdiq olunmasını istəmişdir. Qeyd olunan tələblərin mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Mərhəmət” kiçik müəssisəsində işləməsinə istinad olunan sığorta stajı qanunla müəyyən olunmuş sənədlə təsdiqini tapmır. Bu sənədi iddiaçı təqdim etməmişdir, baxmayaraq ki, bu onun vəzifələrinə aid idi. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu qaydadan hərəkətlə, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. Odur ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid sığorta stajını təsdiq etmək məqsədilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə sənədi AR Əmək və X2 Nazirliyindən alıb, cavabdehə təqdim etmək iddiaçının vəzifəsi idi və bu vəzifəni yerinə yetirmək onun üçün çətin deyildi. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən də, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid sığorta stajını təsdiq etmək məqsədilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənədi cavabdehə təqdim etməməklə İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla nəzərdə tutulan qaydada yerinə yetirməsi anlamına gəlir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İddiaçının belə bir sənədi cavabdehə təqdim etdiyi fərz olunsa, o halda iddia xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid sığorta stajının iddiaçı tərəfindən ümumiyyətlə toplanmaması əsası ilə rədd ediləcəkdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********844100 nömrəli məktubuna görə, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən “Mərhəmət” kiçik müəssisəsinin (VÖEN **********) xx.xx.2016-cı il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. Əlavə olaraq, fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqələrinə əsasən vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş olmamışdır. Həmçinin, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi ona məxsus İT-1792405 nömrəli əmək kitabçasının əslindən müəyyən edilir ki, 14-15-ci səhifələrdəki qeydlərə görə, o, avqust, 2010 - dekabr, 2010 tarixlərdə “Mərhəmət” kiçik müəssisəsində (qeydlərə vurulan möhür “xxxxxxxxxxxx” MMC, 14-cü səhifədə düzəlişə vurulan möhür “Mərhəmət” kiçik müəssisəsi), 16-17-ci səhifələrdəki qeydlərə görə, o, noyabr, 2011 - yanvar, 2014 tarixlərdə “Mərhəmət” kiçik müəssisəsində (qeydlərə vurulan möhür “xxxxxxxxxxxx” MMC), 18-19-cu səhifələrdəki qeydlərə görə, o, fevral, 2006 - mart, 2010 tarixlərdə “Mərhəmət” kiçik müəssisəsində (qeydlərə vurulan möhür “Mərhəmət” kiçik müəssisəsi), 20-21-ci səhifələrdəki qeydlərə görə isə, o, fevral, 2006 - mart, 2012 tarixlərdə “Mərhəmət” kiçik müəssisəsində (qeydlərə vurulan möhür “Mərhəmət” kiçik müəssisəsi) işləmiş, bununla da iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6-cı bəndinin imperativ tələblərini əmək kitabçasına sonradan qeyri-mötəbər məlumatlar daxil etmək yolu ilə ödəmək kimi cəhdlərə baş vurmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona təyin edilmiş güzəştli şərtlərlə pensiyanın bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2353/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar