Məhkəmə qərarları › İş №2-1(103)-1539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1539/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1539/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1975-ci il tarixində Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd olunan məktubun geri çağırılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-3127/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 08.12.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə göndərdiyi 10.09.2020-ci il tarixli, N17/68-123914-16 saylı məktubun göndərilməsindən ibarət icra hərəkətinin qanunsuz hesab edilməsi və qeyd olunan məktubun geri çağırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 2(001)-1067/2020 saylı qətnaməsinə əsasən, 02.01.2008-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanması üçün ondan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Müvafiq olaraq 04.02.2020-ci il tarixli, 2(001)-1067/2020 saylı icra vərəqəsinə əsasən icra icraatı başlanmış və 02.05.2020-ci il tarixində Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun iş yeri olan "xxxx" MMC-nin mühasibatlığına hər ay əmək haqqının 70 % hissəsinin tutulmasına dair 17/68- 30182-21 saylı rəsmi məktub göndərilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(001)-2058/2020 saylı digər icra vərəqəsinə əsasən ikinci icra işi başlanmış və tələbkar "xxxx" QSC-nin xeyrinə 1772.79 manat borcun tutulması üçün bu dəfə də, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 10.09.2020-ci il tarixdə iş yerinə "xxxx" MMC-yə hər ay əmək haqqının 50 % hissəsinin tutulmasına dair 17/68- 123914-16 saylı ikinci rəsmi məktub göndərilmişdir. Göründüyü kimi, 4 ayın içində iki müxtəlif məhkəmə qətnaməsinin icrası onun əmək haqqına yönəldilmiş və bu zaman ümumi əmək haqqının 120 % hissəsinin tutulması müəyyən edilmişdir. Təbii ki, nəyinsə 120 % tutulması mümkün deyildir və nəticə etibarı ilə bu iki icra vərəqəsi əsasında onun bütün əmək haqqı, yəni 100% tam silinir. Belə olan halda, ona sadəcə ərizə yazıb, öz xahişi ilə işdən çıxmaq qalır, çünki heç bir əmək haqqı ala bilmir. Hesab edir ki, cavabdeh qurum Binəqədi rayon İcra və Probasiya Şöbəsi ikinci dəfə, ikinci icra vərəqəsinə əsasən əmək haqqından tutulmanın miqdarını düzgün müəyyən etməmişdir. Ən azından onlara məlum idi ki, onun artıq əmək haqqının 70 %-i tutulur və cəmi 30 %-i qalır. Şifahi olaraq qeyd olunan icra qurumuna müraciət etsə də ki, heç olmasa 16.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən tutulma miqdarı 10 % müəyyən edilsin, ona rədd cavabı verilmiş və bunun yalnız tələbkarın (yəni bankın) razılığı ilə mümkün ola biləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-3127/2021 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-3127/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçının apellyasiya şikayətində “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına” qeyd etməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən müvafiq məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-3127/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar