Məhkəmə qərarları › İş №2-1(103)-1539/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1539/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1539/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “X4 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X6, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “X4 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-783/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan İİ-JQ seriyalı 411019 saylı 23 iyul 1993-cü il tarixli ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 ölüm səbəbi kimi qarın boşluğundan almış olduğu güllə yarasından ölməsi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 15 mart 2019-cu il tarixli 075 nömrəli əmri ilə X9 ölümündən sonra “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur. X1 həyat yoldaşı X5 “Vətən müharibəsi əlilləri və şəhid ailələri” Cəmiyyəti tərəfindən 0160 saylı 19.08.1998-ci il tarixli vəsiqə verilmişdir. İddiaçı atası X4 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciətə cavab olaraq cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinin 12/N-3961 saylı 16.11.2018-ci il tarixli və 12/N-4767 saylı 21.11.2019-cu il tarixli məktublarından görünür ki, mərhum X9 1993-cü ilin iyun ayında Gəncə şəhərinə ezam edilmiş və xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Mövcud qanunvericiliyə əsasən X9 xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçu hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda “şəhid” adının verilməsinə əsas ola biləcək hadisələr sırasında yuxarıda qeyd edilən hadisələr təsbit olunmamışdır. Bundan sonra iddiaçı 15.02.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək atası X7 şəhidlik statusu və bununla bağlı arayış verilməsini xahiş etmiş, lakin onun müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “23 iyul 1993-cü ildə vəfat etmiş atası X4 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X9 Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş və 04.06.1993-cü ildə MTN tərəfindən Gəncə şəhərinə ezam edilərək xidməti vəzifəsini yerinə yetirərkən N saylı hərbi hissənin qarşısında qarın boşluğundan almış olduğu güllə yarasından həlak olmuşdur. 04.06.1993-cü ildə Gəncədə S.Hüseynovun nəzarətində olan N saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuş, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdür. Həmin hadisələr zamanı onun atası Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuşdur. İddiaçı atasına şəhid statusu verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, bu günədək ona hər hansı rəsmi məlumat verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının atası 1992-ci ildən keçmiş MTN-ə həqiqi hərbi xidmətə qəbul edilərək Xüsusi Təyinatlı Dəstənin əməliyyat əməkdaşı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin 4 iyun tarixində Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar xidməti vəzifələrinin icrası zamanı ağır yaralanmış və 5 iyun tarixində vəfat etmişdir. Mərhumun ölüm haqqında şəhadətnaməsində ölümün baş vermə səbəbinin güllə yarası olduğu qeyd edilmişdir. 1993-cü ilin Gəncə hadisələrinin qarşısının alınması zamanı X4 vəfat etməsi onun xidməti vəzifələrinin icrası ilə bağlı olsa da həmin xidməti vəzifələrin icrası “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində qeyd olunan tapşırıqlarla əlaqədar olmamışdır. İddiaçı və onun ailə üzvləri 2011- 2019-cu illərdə hər il eyni məzmunlu ərizələrlə MTN və DTX-ya müraciət etmiş və bununla əlaqədar ona 12/N-3961 saylı 16.11.2018-ci il tarixli və 12/N-4767 saylı 21.11.2019-cu il tarixli məktublarla yazılı formada, digər hallarda məsələ ilə bağlı mobil telefon vasitəsilə əlaqə saxlanılaraq cavablar verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-783/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və cavabdeh orqanın nümayəndəsinin etirazından aydın olur ki, Z.Nəzirov xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur, bu işin mübahisəsiz halıdır. Hazırki işdə mübahisə olunan məqam onun xeyrinə vəzifəsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırığın olubolmamasıdır. “Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun hadisələrində iştirak etmiş şəxslərə amnistiya verilməsi haqqında” Azərbaycan Respublikasının 9 iyun 1993-cü il tarixli 662 saylı Qanununa əsasən AZərbaycan Respublikasının Gəncə şəhərində silahlı münaqişəsində iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Z.Nəzirov ölkə daxilində baş vermiş daxili silahlı münaqişə zamanı həlak olmuşdur ki, bu hadisələr Qaydaların 1.2.6-cı yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisə kimi qiymətləndirilə bilməz. Sənubər Nəzirovaya verilmiş 0160 saylı vəsiqəyə istinad edilsə də, işdən müəyyən olunur ki, vəsiqə səlahiyyətli orqan tərəfindən deyil, “Vətən müharibəsi əlilləri və şəhid ailələri” cəmiyyəti tərəfindən verilmişdir və bu vəsiqə şəhid hesab olunması üçün sübut qismində qəbul edilə bilməz. Məhkəmə cavabdehin imtinasının onun hüquqlarının pozulmamasına səbəb olması qənaətinə gəlmişdir. Məhkəmənin əsaslandırılması formal xarakter daşımış, sadəcə iddia tələbini təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (həyat yoldaşı) X12 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciətləri cavablandırılmış, lakin 15.02.2022-ci il tarixdə etdiyi ərizəyə münasibətdə sonuncu tərəfindən hərəkətsizlik göstərilmişdir. Bundan 35 gündən çox keçdikdən sonra iddiaçı 30.03.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırki işdən görünür ki, iddiaçı Qaydaların 2.1-ci maddəsində nəzərdə tutulan şəhid ailəsinin üzvlərinə daxil deyil. Lakin bu hal iddiaçının atasının şəhid hesab edilməsi, bununla onun adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmək kimi imkandan məhrum edilməsi üçün əsas deyildir. Çünki iddia ərizəsindən də görünür ki, iddiaçının tələbi ona şəhid ailəsi statusunun verilməsi deyil, atası Z.Nəzirovun şəhid hesab olunması barədə arayışın verilməsi ilə bağlıdır. Qaydalardan isə görünür ki, belə bir tələblə çıxış edə bilər:

1. maraqlı şəxslər - müraciət vasitəsilə;

2. dövlət orqanları - vəsatət vasitəsilə;

3. müvafiq hərbi hissə - vəsatət vasitəsilə. Göründüyü kimi, qanunverici nəinki maraqlı şəxslərə, eyni zamanda dövlət orqanlarına və müvafiq hərbi hissəyə də şəxsə şəhid adının verilməsi üçün aidiyyəti üzrə müraciət etmək imkanını tanımışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı atasının şəhid hesab edilməsi barədə müraciətlə çıxış edən maraqlı şəxs kimi qəbul edilməlidir. Sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ da mövcuddur. Kollegiya hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı tələbi 1993-cü il tarixdə Gəncə hadisələri zamanı həlak olmuş “atası X4 şəhid hesab edilməsi və bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi” barədədir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmiş, 15.02.2022-ci il tarixdə edilmiş müraciətinə isə cavab verilməmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Z.Nəzirovun ölkə daxilində baş vermiş daxili silahlı münaqişə zamanı həlak olmasına, bu hadisələrin Qaydaların 1.2.6-cı yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisə kimi qiymətləndirilə bilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı atası Z.Nəzirova şəhid statusunun verilməsi barədə tələblə çıxış edərkən Qaydaların 1.2.6-cı yarımbəndinə istinad edir. Lakin həmin normanın məzmunundan görünür ki, şəxsin istinad edilən normaya əsasən şəhid hesab edilməsi üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, yəni dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması tələb olunur. İş materiallarından görünür ki, Z.Nəzirov Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun silahlı münaqişəsində həlak olmuşdur. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, ““1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputatistintaq komissiyasının işinin yekunu barədə” Azərbaycan Respublikası Milli Məclisinin 16 iyul 1993-cü il tarixli 648 nömrəli qərarına əsasən 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr ... yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilməklə onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilmişdir. Qərarda qeyd edilmişdir ki, “...bütün yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur.” Qərarla Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar Gəncə qarnizonu və Azərbaycan Respublikası hərbi prokurorluqları tərəfindən fakt üzrə cinayət işi qaldırıldığı nəzərə alınmış və Azərbaycan Respublikası Baş prokuroruna tapşırılmışdır ki, deputatistintaq komissiyası tərəfindən toplanmış materiallara və Milli Məclisdə səslənən çıxışlara əsasən hərtərəfli istintaq aparıb qanun çərçivəsində lazımi tədbirlər görsün. Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun hadisələrində iştirak etmiş şəxslərə amnistiya verilməsi haqqında” Azərbaycan Respublikasının 9 iyun 1993-cü il tarixli 622 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun silahlı münaqişəsində iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Beləliklə, sadalananlardan görünür ki, Z.Nəzirov ölkə daxilində baş vermiş daxili silahlı münaqişə zamanı həlak olmuşdur, hansı ki, bu hadisələr Qaydaların 1.2.6-cı yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisə kimi qiymətləndirilə bilməz. Bundan əlavə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “döyüş şəraitində” anlayışının təfsiri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 367 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində hərbi cinayətlər fəslinə daxil olan maddələrdə nəzərdə tutulmuş “döyüş şəraitində” olma dedikdə, öndə və ya arxada olmasından asılı olmayaraq bilavasitə düşmənə (rəqibə) qarşı duran hərbi hissələrin və ya bölmələrin, habelə arxada olsa da döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin və ya bölmələrin və başa düşülməlidir. Bu hallar iddiaçının həlak olduğu zaman mövcud olmadığından müəyyən olunur ki, onun yerinə yetidiyi tapşırıq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıq olmamışdır.” İddiaçı tələbinin əsası kimi anası X5 verilmiş 0160 nömrəli vəsiqəyə istinad etsə də, buna münasibətdə birinci instansiya məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, həmin vəsiqə səlahiyyətli orqan tərəfindən deyil, “Vətən müharibəsi əlilləri və şəhid ailələri” cəmiyyəti tərəfindən verilmişdir və bu vəsiqə şəxsin şəhid hesab olunması üçün sübut qismində qəbul edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 783/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-783/2022 saylı 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar