Məhkəmə qərarları › İş №2-1(103)-1539/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1539/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1539/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı «Səyyah (TSTT-RİTM)» MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vəzifəli şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14138/2022 qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Səyyah (TSTT-RİTM)» MMC cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14138/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin geri qaytarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal RİH tarixi abidələrin bərpa edilməsi əvəzinə həmin ərazidə söküntü və dağıntı ilə müşayiət olunan hərəkətləri (hərəkətsizliyi) nəticəsində Azərbaycan Xalqının Konstitusiya normaları ilə təsbit edilmiş hüquq və mənafelərinin, eləcə də qanunla müəyyən edilmiş maraqlarının pozulması səbəbindən cavabdehin qanunsuz hesab edilən həmin hərəkətləri ilə “İnzibati İcraat Haqqında” Qanunun normalarının kobud şəkildə pozulması ilə müşayiət olunub. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddia ərizəsindən və apelyasiya şikayətindən görünür ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində tarixi abidələrin və təbii ehtiyatların məhv edildiyini və bunun nəticəsində milli maraqlara zərər vurulduğunu, sakinlərin evlərinin və torpaqlarının əlindən alındığını bildirir. Bunun nəticəsi olaraqda cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçı sakinlərin evlərinin və torpaqlarının əlindən alındığını qeyd etməklə digər şəxslərin adından çıxış etmiş, məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını təsdiq edəcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14138/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Kamran Əkbərov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar