Məhkəmə qərarları › İş №2-1(103)-1539/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1539/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1539/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12991/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun və İddiaçı1 ünvan 1 ünvanına qeydiyyata alınmalarını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun və İddiaçı1 ünvan 1 ünvanında yaşadığı fərdi evin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – İddiaçılar) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 saylı evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X2 almışdır. Qeyd olunan evdə hal-hazırda ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Həmin evi aldıqdan sonra kommunal və digər xidmətlərin göstərilməsi məqsədi ilə bütün müqavilələr İddiaçı2 adına rəsmiləşdirilmişdir. İddiaçı2 bütün vergiləri və kommunal ödənişləri yuxarıda qeyd olunan evi aldıqdan sonra vaxtı-vaxtında ödəmişdir. İddiaçı2 özü və qızı İddiaçı1 ünvan 2 ünvanında yerləşən evə qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin QMB-nə müraciət etsə də, Bakı şəhəri Binəqədi RPİ-nin rəisi İlqar Məmmədov tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 3-13-46/2-A245xx/xx/2023 saylı cavab məktubu ilə İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən evə qeydiyyatının alınmasından imtina edilmişdir. Yuxarıda qeyd olunan ünvanda yerləşən evin əvvəlki sahibi X5 da eyni əsaslarla Binəqədi RPİ-nin Qeydiyyat və ŞVŞ-nə müraciət etsə də, imtina cavabı almış, bundan sonra X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvan 2 ünvanında yerləşən evə yaşamaq hüququnun tanınması və həmin ünvana qeydiyyata götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2296/2007 saylı, 12 iyul 2007-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, X5 və ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən evə yaşayış hüquqları tanınmış və həmin evə qeydiyyata alınmaları Binəqədi RPİ-nin Qeydiyyat və ŞVŞ-nə həvalə edilmişdir. Bundan sonra, X5 və ailə üzvlərinin həmin evə yaşayış hüquqları tanınmaqla qeydiyyata alınmışlar. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov keçəsi 12a ünvanında yerləşən fərdi yaşayış evini X1 Murad Nadir oğluna satmışdır. Özünün notarial təsdiq edilmiş ərizələrinə əsasən kommunal xidmətlərə dair müqavilələrin İddiaçı2 adına rəsmiləşdirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. İddiaçı2 hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov keçəsi 12a ünvanında yerləşən evdə yaşayır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12991/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12991/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili ərizə göndərərək ölkə xaricində olduğunu nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ölkə xaricində olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.. Eyni zamanda, işdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli, 18/2-31462/23 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan heç bir şəxs müəyyən edilmədi. Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, sorğuda qeyd olunan ünvanla bağlı nümayəndəlikdə rəsmi hər hansı bir məlumat tapılmamışdır. Qeyd olunanlardan aydın olur ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır. Belə olan halda aydın olur ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçıların həmin ünvanda yaşamaqla kommunal xidmətlərə görə haqq ödəməsi isə Qanunun 5-ci maddəsində göstərilən sənədləri əvəz edən hal kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan normalarından göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12991/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar