Məhkəmə qərarları › İş №2-1(103)-1539/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1539/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1539/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçıya ilki dəfə xx.xx.2017-ci il tarixdə növbəti qiymətləndirmə tarixi xx.xx.2022- ci il olmaqla 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Dəqiqləşdirilməmiş beyin infarktı. Sağ beyin yarımkürəsində işemik insult. Digər rubrikalrda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma K76.0” Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Ağırlaşma G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). Ağırlaşma G81.1. Spastik hemiplegiya, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər H35.8. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar., Ou-Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər E66 piylənmə. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli dibet, Şəkərli diabet tip 2. İnsulin tələbi. Ağır forma. Yanaşı xəstəliklər İ10 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ” olmuşdur.

3. İddiaçıya xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması - Səbəb: Nevrolojı statusu səthi yazılıb (əzələ gücü qeyd edilməyib) əsası ilə imtina cavabı verilmişdir. Diqnoz: “169.3 Beyin infarktının nəticələri, Keçirilmiş işemik insultun qalıq əlaməti G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez” olmuşdur.

4. İddiaçıya xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təəsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin əsası ilə imtina cavabı verilmişdir. Diqnoz: “Keçirilmiş işemik insultun qalıq əlaməti Sol tərəfli hemiparez. Hipertoniya xəstəliyi İİ mərhələ. Hipertonik ensefalopatiya. Şəkərli diabet tip 2.Ü.İ.X q/stabil stenokardiya İİ f.s.” olmuşdur.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə baxılaraq müvafiq inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Cavabdehin xx.xx.2024-cü il tarixli Vətəndaşın əyani müayinə olunması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8in xx.xx.2024-cü il tarixli, T 639/2024 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinə əsasən Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00086988NNV nömrəli X1: 10 kodu üzrə: Forma 88-də qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, soltərəfli hemiparez. Yanaşı xəstəliklər: El 1.7- insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, İ67.4- hipertenziv ensefalopatiya, F48.0nevrasteniya, asteno- nevrotik sindrom, İ20.8- stenokardiyanm digər formaları, ÜİX, qeyri-stabil stenokardiya İİ f.s., İlO-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da yenidən müraciəti zamanı şikayətləri sol ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olmuş, vərəm xəstəliyi residiv verdiyindən vərəm əleyhinə dərmanlar qəbul etdiyini bildirmiş, nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ciddi patologiya aşkar edilməmiş, hərəki sferada sol yuxarı ətrafı aktiv hərəkət etdirmədən imtina etmiş, amma passiv olaraq qaldırdıqda qolunu həmin səviyyədə saxlamış, hətta koordinator sınaq zamanı sol qolunu aktiv olaraq qaldırmış, vətər refleksləri solda sağa nisbətən cüzi artıb, patoloji reflekslər (mənfi) olmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

11. İddiаçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi X8ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi, iddiaçıya ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 ildir şəkər xəstəsidir və insulin tələblidir. 2017-ci ildə beyin insultu keçirmiş, həmin ildə ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. 5-ci ilin tamamında o, yerli poliklinikada müayinə olunmuş, poliklinika tərəfindən onun sənədləri cavabdehə göndərilmiş, lakin ona sənədləri natamam olduğu üçün imtina cavabı verilmişdir. İddiaçı daha sonra cavabdeh orqanın mütəxissisləri tərəfindən əyani müayinə olunmuş, lakin ona müsbət cavab veriməmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

13. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin.” əsası ilə Mərkəzə geri göndərilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə ekspert rəyində iddiaçıya əlillik təyinatına səbəb olmuş diaqnozların hal-hazırda ona əlillik təyininə əsas vermədiyi göstərilmişdir.

16. Məhkəmə tərəfindən iddiaçının sağlamlıq dərəcəsinin müəyyən edilməsi üçün yeganə sübut kimi ekspert rəyi çıxış etdiyindən, həmçinin rəy iş üzrə digər mötəbər sübutlarla təkzib olunmadığından məhkəmə həmin rəyin mötəbərliyinin şübhə altına alınmasına əsas görmür. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir.

17. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT- 10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya):

1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.

3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.

32. Belə ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçıya ilki dəfə xx.xx.2017-ci il tarixdə növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il olmaqla əlillik təyin edilmişdir. Həmin müddət bitdiyi üçün iddiaçı iki dəfə yeni göndəriş alaraq cavabdehə müraciət etmiş, lakin göndərişin natamam doldurulması səbəbindən cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı bundan sonra cavabdeh tərəfindən əyani müayinədən keçirilmiş və cavabdehin qərarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən imtian edilmişdir.

33. İddiaçıya ilk dəfə əlillik dərəcəsi təyin edilərkən ona “Dəqiqləşdirilməmiş beyin infarktı. Sağ beyin yarımkürəsində işemik insult. Digər rubrikalrda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma K76.0” Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Ağırlaşma G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). Ağırlaşma G81.1. Spastik hemiplegiya, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər H35.8. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar., Ou-Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər E66 piylənmə. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli dibet, Şəkərli diabet tip 2. İnsulin tələbi. Ağır forma. Yanaşı xəstəliklər İ10 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozları qoyulmuşdur. Həmin diaqnozun hal-hazırda ona əlillik təyinatına əsas veribverməməsini, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.

34. Ekspert rəyində yuxarıda həmin diaqnozların iddiaçının stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da yenidən müraciəti zamanı şikayətlərinin sol ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olmduğu, nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ciddi patologiyanın aşkar edilmədiyi bildirilmişdir.

35. İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (97.1.). Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir (101.1.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.).

37. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi iş üzrə ekspert rəyində iddiaçıya əlillik təyinatına səbəb olmuş diaqnozların hal-hazırda ona əlillik təyininə əsas vermədiyi göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçının sağlamlıq dərəcəsinin müəyyən edilməsi üçün yeganə sübut kimi ekspert rəyi çıxış etdiyindən, həmçinin rəy iş üzrə digər mötəbər sübutlarla təkzib olunmadığından məhkəmə həmin rəyin mötəbərliyinin şübhə altına alınmasına əsas görmür.

38. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir.

39. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz.

40. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

41. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

42. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.

43. Daha sonra məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda istinad olunduğu kimi, iddiaçıya ilki dəfə xx.xx.2017-ci il tarixdə növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il olmaqla əlillik təyin edilmişdir. Həmin müddət bitdiyi üçün iddiaçı iki dəfə yeni göndəriş alaraq cavabdehə müraciət etmiş, lakin göndərişin natamam doldurulması səbəbindən cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı bundan sonra cavabdeh tərəfindən əyani müayinədən keçirilmiş və cavabdehin qərarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən imtian edilmişdir.

44. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertiza təyin olunaraq ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 həvalə edilmişdir.

45. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 xx.xx.2024-cü il tarixli, T639/2024 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “ 1.Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı.

46. 2. -Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00086988NNV nömrəli X1: 10 kodu üzrə: Forma 88-də qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G81.1-spastik hemiplegiva, soltərəfli hemiparez. Yanaşı xəstəliklər: El 1.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, İ67.4-hipertenziv ensefalopatiya, F48.0nevrasteniya, asteno- nevrotik sindrom, İ20.8-stenokardiyanm digər formaları, ÜİX, qeyri-stabil stenokardiya İİ f.s., İlO-essensial (birincili) hipertenziya, hıpertoniya xəstəliyi İİ mərhələ” diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələrin əsasında müəyyən edilsə də, 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da yenidən müraciəti zamanı şikayətləri sol - ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olmuş, vərəm xəstəliyi residiv verdiyindən vərəm əleyhinə dərmanlar qəbul etdiyini bildirmiş, nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ciddi patologiya aşkar edilməmiş, hərəki sferada sol yuxarı ətrafı aktiv hərəkət etdirmədən imtina etmiş, amma passiv olaraq qaldırdıqda qolunu həmin səviyyədə saxlamış, hətta koordinator sınaq zamanı sol qolunu aktiv olaraq qaldırmış, vətər refleksləri solda sağa nisbətən cüzi artıb, patoloji reflekslər (mənfi) olmuşdur.

47. ”İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83)

48. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır.

49. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiçıda olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır.

50. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur.

51. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.

52. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

53. Belə ki, Ekspert rəyində yuxarıda həmin diaqnozlar iddiaçının stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da müraciəti zamanı şikayətlərinin sol ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olduğu, nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ciddi patologiyanın aşkar edilmədiyinə istinad etmişdir.

54. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşayaraq qeyd edir ki, əvvəla iddiaçı onda olan xəstəliklərdən və sağlamlığı ilə bağlı digər şikayətlərini olduğu kimi ifadə etməməsi əlilliyə əsas verən xəstəliklərin həqiqətən də iddiaçıda olmaması kimi qəbul olunması doğru yanaşma deyildir.

55. Necə ki, hazırkı iş üzrə Ekspert rəyində yuxarıda əvvəlki əlilliyə əsas verən tibbi göndərişdə həmin diaqnozlar iddiaçının stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: (6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83)).

56. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

57. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. İddiаçı İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar