Məhkəmə qərarları › İş №2-1(103)-154/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-154/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-154/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “2-ci qrup əlil kimi güzəştli mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2-1(112)-1612/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Tağıyev İkram Süleyman oğlu iddia qaldıraraq 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 38, ev 206-da qeydiyyatda olmasını nəzərə alaraq İİ qrup müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi və siyahıya salınması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 10.04.1993-cü ildə yaralanaraq “Qapalı kəllə beyin travması, baş beyin əzilməsi, orta ağır dərəcə” diaqnozu qoyulmuşdur, 10.01.1994-cü ildə yenidən yaralanaraq “Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur.”Hərbi travma.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi ilə İİ qrup əlildir.Cavabdehə müraciət edərək əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İmtina onunla əsaslandırılmışdır ki, ən azı 5 il Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan şəxslər mənzil növbəsinə götürülürlər.Halbuki iddiaçı 2006- cı ildən Bakıda qeydiyyatdadır və yaşayır. Bakı İnzibati Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2-1(112)-1612/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25.05.2016-cı il tarixə kimi ünvan 1 ünvanında daimi qeydiyyatda olmuş və Azərbaycan Respublikası NK-nın müvafiq qərarı ilə həmin bina qəzalı olduğundan sökülərək binada yaşayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iddiaçının ailəsinə dövlət tərəfindən birdəfəlik 45000 manat kompensasiya ödənilmiş və iddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 36/2B-də yerləşən 3 otaqlı, 37.6 kv.m yaşayış sahəsi olan mənzilə 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində daimi qeydiyyata alınaraq mənzil şəraitini yaxşılaşdırmışdır. Azərbaycan Respublikasında Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab olunmasının əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman birinci qrup əlillər, sağlamlıq imkanı məhdud uşağın ailələri, habelə 2-ci və 3-cü qrup müharibə əlilləri ailədə adambaşına düşən “9” kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs sayılırlar. Göründüyü kimi iddiaçının yaşadığı mənzilin yaşayış sahəsi hər adambaşına düşən normadan artıq hesab edildiyindən onun tələbi təmin oluna bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı İİ qrup müharibə əlilidir, 2006-cı ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmiş, imtinasını onunla əsaslandırmışdır ki,iddiaçı 2016-cı ildən Bakı şəhərində qeydiyyatdadır, mənzil növbəsinə götürülməsi üçün iddiaçının 5 il Bakı şəhərində qeydiyyatda olması və yaşaması tələb olunur. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 38, ev 206-da qeydiyyatda olmasını nəzərə alaraq İİ qrup müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi və siyahıya salınması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Mənzil bölgüsü zamanı müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, reabilitasiya müəssisələrinin (mərkəzlərin) yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. ... Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İşin faktiki halalrına əsasən iddiaçı cavabdehin imtina cavabında göstərilən 5 il müddətindən də dəfələrlə artıq bir müddətdə, yəni 2006-cı ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.”. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdehin iddia ərizəsinə etirazda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan vətəndaşın mənzil növbəsinə götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 36/2B-də yerləşən 3 otaqlı, 37.6 kv.m yaşayış sahəsi olan mənzilə 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində daimi qeydiyyata alınaraq mənzil şəraitini yaxşılaşdırdığını qeyd etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS-nin arayışında qeyd olunmuşdur ki, ünvan 2 ünvanında X1 qeydiyyatsız yaşayır və ev özünə məxsusdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2-1(112)-1612/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar