Məhkəmə qərarları › İş №2-1(103)-154/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-154/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-154/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi öhdəliyinin qanunsuz hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və müvafiq qərarla onun üzərinə qoyulmuş vergi öhdəliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...O, faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına baxmayaraq cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********922800 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə ona əlaqəli məlumatlara əsasən vergi borcuna görə 785,95 manat, qərarın hazırlandığı tarixə vergi üzrə 358,78 manat olmaqla əsassız vergi borcuna cəlb olunmuşdur. Hesab edir ki, qərarın hər hansı faktiki və hüquqi əsası olmadığından ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma nəticəsində Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumi dəyəri 32297,37 manat (ƏDV daxil) olan nəqliyyat vasitəsinin idxal edilməsinə baxmayaraq təqdim edilmiş 2021-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə və hasilatda məbləğin əks etdirilməməsi və 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci ilin 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Verginin, sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********922800 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş və həmin qərarla İddiaçı üzərinə vergi öhdəliyinin qoyulması qanunsuz hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində ümumi dəyəri 39297,37 manat (ƏDV daxil) olan nəqliyyat vasitəsinin idxal edilməsinə baxmayaraq təqdim edilmiş 2021-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə və hasilatda məbləğ əks etdirilməmiş və 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. İddiaçının nəqliyyat vasitələrinin idxalı ilə məşğul olduğu nəzərə alınmaqla ona Vergi Məcəlləsinin 37.2.37, 37, 67.1, 219.1 və 94-cü maddələinin tələblərinə əsasən əlaqəli məlumata əsasən vergi orqanı tərəfindən ona tamamilə vergi qanunvericiliyinə uyğun vergi hesablanmasına baxmayraq, məhkəmə ədalətsiz qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********922800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinə və onun işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli cavabdeh orqana ünvanlanmış ərizəsinə və xx.xx.2022-ci il tarixli şikayətinə əsasən müəyyən olunur ki, o, cavabdeh tərəfindən fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmasına etiraz edərək bildirmişdir ki, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur bu səbəbdən də onun vergi borcu yarana bilməz. Məhkəmə kollegiyası hesabedir ki, iddiaçı qeyd olunan mövqeyində haqlıdır. Belə ki, cavabdeh vergi orqanının iddiaçıya ünvanlanmış «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubuna, iddia ərizəsinə etirazına, məhkəməyə ünvanlanmış müraciətə baxılması barədə xx.xx.2023-cü il tarixli məktubuna, həmin məktubuna əlavə edilmiş idxal olunan avtomobil barədə məlumata və xx.xx.2021-ci iltarixli gömrük bəyannaməsinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 39297,37 manat (ƏDV daxil) 1 ədəd “Mersedes-Benz Atego” markalı nəqliyyat vasitəsini idxal etdiyinə, lakin hesabat təqdim etmədiyinə görə ona ********** saylı VÖEN verilməklə əlaqəli məlumata əsasən 2021-ci ilin 4-cü rübü üçün 785,95 manat məbləğində sadələşdirilmiş vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli elektron hesablama barədə qərar göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiçının sahibkarlıqla məşğul olduğu sübuta yetirilmədiyi halda, ona 2021-ci ildə qeyd olunan nəqliyyat vasitəsinin idxalına görə müvafiq ərizəsi olmadan vergi ödəyicisi kimi 2021-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi hesablanması vergi qanunvericiliyinə tamamilə ziddir. Birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İkincisi, həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir... Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən “vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.” Vergi qanunvericiliyinin sadalanan tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin qeydiyyat aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə nəzərədə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Konkret halda isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qazanc əldə etdiyini təsdiq edə bilən tutarlı sübutetmə vasitələri mövcud deyildir. Ən azından onun vergi ödəyicisi kimi uçota alınması ilə bağlı onun vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir. Üçüncüsü, cavabdehin qərarından görünür ki, iddiaçya kameral yoxlama qaydasında 2021-ci ilin 4-cü rübü üçün hesablanan sadələşdirilmiş vergi xx.xx.2022-ci il tarixdə hesablanmış, yəni, vergi qanunvericiliyi ilə müəyyən olunan müddət ötürülmüşdür. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçıya kameral yoxlama qaydasında mübahisələndirilən qərarla 2021-ci ilin 4-cü rübü üçün vergi hesablanarkən yoxlama müddəti də ötürülmüşdür Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar