Məhkəmə qərarları › İş №2-1(103)-1540/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1540/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1540/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)-348/2021 saylı qərarından iddiaçının nümayəndəsi Nümayəndə və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)-348/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan B 45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2020 saylı, 02.12.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X18 İcraiyyə Komitəsinin 1985-ci il tarixli, 15/358 nömrəli qərarına əsasən, vətəndaş X15 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.m olan B 45 saylı ayrılmışdır. X19 “Azərelektroterm” EİB Bağçılıq Yoldaşlığına ərizə ilə müraciət edərək, B-45 №-li bağ sahəsini qaytarmaq və onu bağçılıq yoldaşlığı üzvlüyündən azad edilməsini xahiş etmişdir. X19 göstərilən bağ sahəsini zavod işçiləri arasında alan olmadığı üçün iddiaçıya verilməsini xahiş etmişdir. “Azərelektroterm” EİB X6 Heyətinin 12.05.1999-cu il tarixli iclasının protokolundan çıxarışa əsasən, iddiaçı “Azərelektroterm” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, B 45 nömrəli bağ sahəsi bütün tikililəri (500 kv.m) ilə birlikdə iddiaçıya verilməsinə razılıq verilmiş və X19 bağçılıq yoldaşlığın üzvlüyündən azad edilmişdir. Lakin bu günə qədər bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də iddiaçı müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv. metr olan B-45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Buna görə də iddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili R.Miriyev apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X18 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində “Azərelektroterm” İstehsalat Birliyində təşkil edilmiş Bağçılıq-yoldaşlıq birliyinin üzvləri üçün torpaq sahəsi ayrılmışdır. Mübahisələndirilən məhkəmə qərarında göstərilir ki, “Azərelektroterm” Elmi- X9 X7 ilə 13 sentyabr 1985-ci il tarixli 28 saylı protokolla birgə iclasda təsdiq etdiyi siyahıda, həmin siyahıya edilmiş əlavədə istər İddiaçı, istərsə də B 45 nömrəli bağ sahəsinin əvvəlki istifadəçisi olmuş X12 adları aşkar edilməmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki,iddiaçı Əzizova X13 cəmiyyətinin üzvlüyünə 12 may 1999-cu il tarixdə qəbul edilmiş və ona bu barədə üzvlük kitabçası da verilmişdir. Belə olduğu təqdirdə, onun adı 13 sentyabr 1985-ci il tarixdə tərtib edilmiş 28 saylı protokolla təsdiq edilmiş siyahıya necə əlavə edilə bilərdi ? Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358; nömrəli Qərarına əsasən “Azərelektroterm” EİB-nin Bağçılın-yoldaşlıq birliyinim 290 nəfər üzvünə Hövsan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Məhkəmənin istinad etdiyi yalnız yuxanda qeyd edilən siyahıda 116 şəxsin adı qeyd edilmişdir. Həmin siyahını nəzərdən keçirdikdə aydın olur ki, orada çoxlu sayda qeyri millətlərin nümayəndələrinə, o cümlədən mənfur qonşu millətindən olan şəxslərə də bağçılıq təsərrüfatında torpaq sahəsi ayrılmışdır. Təbiidir ki, həmin millətin nümayəndələri artıq otuz ildir ki, oradan uzaqlaşmışlar və bağ sahələri də digər müxtəlif şəxslərə verilmişdir. Mübahisəli B 45 nömrəli bağ sahəsinin iddiaçıdan əvvəlki istifadəçisi X12 da adının qeyd edilən siyahıda olmaması tamamilə başa düşüləndir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında daha sonra DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin 17.03.2020-ci il tarixli **********13 saylı məktubuna istinad edilərək qeyd edilir ki, İddiaçı “Azərelektroterm” EİB-nin Bağçılıq-yoldaşlıq birliyinə qəbul edilməsi barədə 12.05.1999-cu il tarixli protokol, Bağçılıq-yoldaşlıq birliyi üzvlərinin həmin tarixli siyahısı, həmçinin bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Qərarda həmçinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin 30.10.2020-ci il tarixli **********33 saylı məktubu ilə alınmış mütəxəssis rəyinə istinad edilərək qeyd edilir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki bağ massivində iddia etdiyi B 45 saylı bağ sahəsi və onun naturada göstərdiyi torpaq sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadast baza məlumatlarına əsasən qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Lakin həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Mübahisələndirilən qərarın özündə şərh olunan məlumatlarla bir daha təsdiq olunur ki, İddiaçı iddia etdiyi B 45 saylı torpaq sahəsi və onun naturada göstərdiyi torpaq sahəsi elektron kadast baza məlumatlarına əsasən qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Belə olduğu təqdirdə iddiaçının Bağçılıq-yoldaşlıq birliyinə qəbul edilməsi barədə 12.05.1999-cu il tarixli protokolun, bağçılıq-yoldaşlıq birliyi üzvlərinin həmin tarixli siyahısı və bölgü sxeminin arxiv qovluğunda aşkar edilməməsi, həmin sənədlərin Bağçılıq Cəmiyyətinin idarə heyəti, yaxud səlahiyyətli şəxsi tərəfindən vaxtında aidiyyəti orqana təqdim edilməməsi, eləcədə səlahiyyətli orqanın belə məlumatları vaxtaşırı Bağçılıq-yoldaşlıq birliklərindən tələb olunmaması fikrimizcə, hazırkı vəziyyətdə iddanın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. O ki, qaldı Bağçılıq-yoldaşlıq birliklərinin üzvlərinə vaxtilə - 1985-ci ildə ayrılmış torpaq sahəsinin hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilməsinə, bu barədə aşağıdakları qeyd etməyi zəruri hesab etmişdir. İşə əlavə edilərək məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim etdiyi mülahizə- vəsatətdən görünür ki, İddiaçınm iddia etdiyi torpaq sahəsi SOKAR-m daimi istifadəsində olmamış, lakin Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-111Q nömrəli Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarfının daxil olduğu blokun bərpasə,işqlənməsi və hasidatm pay bölgüsü haqqında” Sazişə əsasən “ X11 Limited ” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bununla yanaşı, Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsi iddia tələbi ilə bağlı bütün məsələlərin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Y.Səfərəliyev apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 13.12.2019-cu il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X18 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 nömrəli qərarına, 1986-cı ilin yanvar ayında 86/05 saylı və fevral ayında 05 “a” saylı ayrıc aktlarına əsasən, “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə Hövsan bağ qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “Azərelektroterm” X2 Heyətinin və X5 birgə iclasının 13 sentyabr 1985-ci il tarixli 28 saylı protokolu ilə təsdiq edilmiş “Azərelektroterm” Elmi-İstehsalat Birliyinin bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısında, həmçinin əlavə siyahıda da X12 və İddiaçı adları aşkar olunmamışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 17.03.2020-ci il tarixli, **********13 saylı məktubda İddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyinə qəbul edilməsi barədə 12.05.1999-cu il tarixli protokolun, bağçılıq yoldaşlıq üzvlərinin həmin tarixli siyahısının, həmçinin də bölgü sxeminin arxiv qovluğunda aşkar edilmədiyi bildirilmişdir DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 30.10.2020-ci il tarixli, **********33 saylı tarixli məktubu ilə alınmış mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivindəki B 45 saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən sənədlərin və koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması üçün mütəxəssis rəyi tələb olunaraq məhkəməyə təqdim edilmiş mülahizə-vəsatətdə göstərilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi əvvəllər SOKAR-ın istifadəsində olmamış, lakin sonradan Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X11 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Qanunun 4-cü bəndində göstərilir ki, sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə ona ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün əsası barədə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və X12 adları aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmədə iddiaçı Bakı şəhər X18 İcraiyyə Komitəsinin 1985-ci il tarixli, 15/358 nömrəli qərarına əsasən, X15 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.m olan B 45 saylı bağ sahəsindən iddiaçının xeyrinə ərizə ilə imtina etdiyi üçün “Azərelektroterm” EİB X6 Heyətinin 12.05.1999-cu il tarixli iclasının protokolundan çıxarış ilə “Azərelektroterm” bağçılıq yoldaşlığına üzv qəbul edildiyini, B 45 nömrəli bağ sahəsi bütün tikililəri (500 kv.m) ilə birlikdə iddiaçıya verilməsinə razılıq verildiyini və X19 bağçılıq yoldaşlığın üzvlüyündən azad edildiyini bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı “Azərelektroterm” EİB Bağçılıq Yoldaşlığı tərəfindən tərtib edilmiş üzvlərinin siyahısında X19 adlı şəxsin və İddiaçı adları aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “bağçının üzvlük kitabçası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməmişdir. Buna görə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin dispoziyası iddiaçıya münasibətdə tam şəkildə mövcud olmadığı üçün tətbiq edilməsi mümkün deyil. Bundan başqa, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7-ci maddələrinə əsasən, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin iclasının protokolundan çıxarış üzvlük kitabçası və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi göstərilsə də, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B 45 nömrəli bağ sahəsi üzərində onun hüquqlarının yaranması əsası kimi istinad etdiyi “Azərelektroterm” EİB X6 heyətinin 12.05.1999-cu il tarixli iclasının protokolundan çıxarışın əsli və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq, təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının təqdim etdiyi həmin sənədi nəzərdən keçirərkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə “Azərelektroterm” X2 Heyətinin və X5 birgə iclasının protokolu oldugundan X17 rəhbəri, X5 sədri və katibi tərəfindən imzalanaraq həm də X5 möhürü ilə təsdiq edilməli oldugu halda (nömrəsi də qeyd olunmaqla, necə ki DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovlugunda saxlanılan tələb edilmiş sənədlərdə bu öz əksini tapmışdır) iddiaçının təqdim etdiyini sənəddə bunlar əks olunmamış, sənədin tamlıgı pozulmuşdur. Beləliklə də həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilmədiyindən iddiaçının torpaqayırma sənədi kimi təqdim etdiyi sənəddə bağ sahəsinin iddiaçıya ayrıldığı müəyyən olunmur. Əlavə olaraq məhkəmə araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B 45 nömrəli bağ sahəsinin yerləşən ərazinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X11 Limited” Şirkətinin istifadəsinə verildiyi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X8 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi” barədə 6 mart 2007-ci il Azərbaycan Respublikası Qanunun 4-cu maddəsinə əsasən həmin Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanın 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İşin halları ilə müəyyən edilir ki, mühahisələndirilən torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B 45 nömrəli bağ sahəsinin yerləşən ərazinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X11 Limited” Şirkətinin istifadəsinə verildiyi müəyyən edilir və belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə və və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2-1(112)-348/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar