Məhkəmə qərarları › İş №2-1(103)-1540/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1540/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1540/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının azyaşlı övladının adının dəyişdirilməsinə icazənin verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(112)- 9963/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «qərarın ləğv edilməsi və iddiaçının azyaşlı övladının adının dəyişdirilməsinə icazənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan onların 31 yanvar 2022-ci il tarixdə oğlan övladı doğulmuşdur. Onlar valideyn olaraq uşağın “Muhamməd” adlandırılmasına razılaşmışlar. Onlar uşağa doğum şəhadətnaməsi alınması üçün 2 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişlər. Şöbə uşağın doğumunun “Muhamməd” adı ilə qeydiyyata alınmasından imtina etmişdir. İddiaçının təkidindən sonra ona “Məhəmməd” adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı və ailəsi uşağın “Məhəmməd” adlandırılması ilə razılaşmadığından, məsələ ilə bağlı cavabdeh Binəqədi RİH-ə müraciət etmişlər. RİH-in Qəyyumluq və Himayəçilik Komissiyasının 5 aprel 2023-cü il tarixli 10/2023 nömrəli qərarı ilə yetkinlik yaşına çatmayan X2 adının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarın surəti iddiaçıya 10 aprel 2023-cü il tarixli məktubla poçt vasitəsilə göndərilmişdir. İddiaçı valideyn kimi həmin inzibati qərarla raşılaşmır və hesab edir ki, həmin qərarla verdiyi izahat və uşağın mənafeyi nəzərə alınmamışdır. Uşağı yaxınları “Muhamməd” adı ilə çağırırlar və bu gələcəkdə də davam edəcək. Bu ad uşağın mənafeyinə xələl gətirmir. Həmin ad qadağan edilmiş adların siyahısında olmadığı, həmçinin müsəlman dinində müqəddəs ad olduğu halda, onun seçilməməsi ilə bağlı inzibati orqanın mövqeyi bir vətəndaş kimi onu (iddiaçını) qane etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.Ramazanovanın şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, ərizəçinin şikayətinin dəlilləri inzibati işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə birlikdə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3, 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan Respublikası vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər. Konstitusiya Məhkəməsi qərarında həmçinin göstərmişdir ki, L.Ramazanovanın uşağa ad qoyulması tələbi barədə iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Konstitusiyanın 32-ci maddəsinin İ hissəsinə, İPM-in 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və bu işə qərarda əks olunmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə, İPM-in 2, 12, 32, 45, 46-cı maddələrinə əsaslanaraq, yetkinlik yaşına çatmayan 31 yanvar 2022-ci il təvəllüdlü X2 adının dəyişdirilmədən saxlanılması barədə Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5 aprel 2023-cü il tarixli 10/2023 nömrəli qərarının ləğv edilməsi və uşağın adının “Muhamməd”-ə dəyişdirilməsinə icazə verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(112)-9963/2023 saylı qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının azyaşlı övladının adının dəyişdirilməsinə icazənin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, inzibati orqan diskresion səlahiyyətindən sui-istifadə edərək iddiaçının valideyn kimi uşağın adını dəyişməklə bağlı hüququnu pozmuşdur. İnzibati orqan nəticədə nə valideynlərin birgə xahişini, nə də ki, uşağın mənafeyini nəzərə almamışdır. Hal-hazırda uşaq evdə “Muhəmməd” kimi çağırılır və gələcəkdə də belə olacaq. Bu adın uşağın mənafeyinə xələl gətirməsindən söhbət gedə bilməz. Bu ad qadağan edilmiş adların siyahısında deyil. Ədliyyə Nazirliyinin rəsmi saytında adla bağlı axtarış aparıldıqda da aydın görünür ki, 2023-cü ildə 115 nəfər uşağa Muhəmməd adı verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının övladının (X2) adının dəyişdirilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığı mövcud deyil və onların arzuladığı hal, uşağın adının “Məhəmməd”dən “Muhamməd”ə dəyişdirilməsinə icazə verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, “iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RİH apardığı inzibati icraatda “iddiaçının azyaşlı uşağının adının dəyişdirilməsi barədə icazə verilməsi” üzrə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuş və inzibati orqanın imtina qərarı qəbul edərkən aparılan inzibati icraatda qanunla müəyyən olunmuş müvafiq hədlərə əməl etməməsi, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 1.4-cü maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. “L.Ramazanovanın şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında mübahisə olmadıqda uşağa adın verilməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla bağlı istisna yalnız «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında nəzərdə tutulmuşdur. Həmin Qaydaların tələblərinə əsasən isə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Hazırki halda isə uşağa «Muhamməd» adının verilməsində valideynlər arasında fikir ayrılığının olması, valideynlərdən birinin razı olmaması halı məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bundan başqa, «Muhamməd» adı uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir və qanunvericiliyin tələblərinə də zidd hesab edilmir. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı saymır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi saytından çıxarışa əsasən müəyyən edilir ki, 2023-cü ildə 115 nəfər uşağa Muhəmməd adı verilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(112)-9963/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(112)-9963/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05 aprel 2023-cü il tarixli 10/2023 nömrəli “31 yanvar 2022-ci il təvəllüdlü X2 adının dəyişdirilmədən saxlanılması barədə” qərarı ləğv edilsin. İddiaçı azyaşlı övladı 31 yanvar 2022-ci il təvəllüdlü X2 adının “Muhamməd”-ə dəyişdirilməsinə icazənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar