Məhkəmə qərarları › İş №2-1(103)-1540/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1540/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1540/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X12 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4721/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı Rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009cu il tarixli 2495 saylı sərəncamı ilə mərhum həyat yoldaşı X2 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra mərhum həyat yoldaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə 2 saylı Bakı Asan Xidmət mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında Milli Arxiv İdarəsinə sorğu göndərilmiş və cavab olaraq bildirilmişdir ki, sərəncama akt və cizgi əlavə edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli Suraxanı rayon İH-nin rəsmi məktubuna əsasən mərhum həyat yoldaşına torpaq sahəsinin ayrılması öz təsdiqini tapmışdır. Qeyd edir ki, hazırda yaşadığı fərdi yaşayış evinin altında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək istəyir. Bununla əlaqədar cavabdeh Suraxanı rayon İH-nə rəsmi müraciət etmişdir. Cavabdeh orqan isə xx.xx.2023- cü il tarixli rəsmi məktubla bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuş və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2495 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2495 nömrəli sərəncamından görünür ki, X5 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Vət. Novruzova ayrılmış sahədə fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və X3 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. - xx.xx.2018-ci il tarixli, 932509 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixində ölmüşdür. - Bakı şəhəri 10 saylı Notariat kontorunun xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, mərhum, X1 adma olan, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti başçısının 2495 saylı 17 dekabr 1999-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən sahəsi 600 (altı yüz) kv.m. olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, Bakı şəhəri 10 saylı notariat kontoruna, mərhumun arvadı- İddiaçı Mikayıl qızı tərəfindən müraciət olunmuşdur. Mərhum- X1 xx.xx.2018-ci ildə vəfatı ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 163 reyestr nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, 124 kv.metr artıq torpaq sahəsindən istifadə edilmişdir. - Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-20/2-2- 91/24 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Suraxanı rayonu Zığ qəsəbəsi qərb hissəsində 600 kv m torpaq sahəsində tikilmiş evdə 2000-ci ildən qeydiyyatsız yaşayır. Oğlu -X9, gəlini -X10, nəvəsi-İddiaçı Novruz qızı, nəvəsi-X6, nəvəsi-X7 onunla birgə həmin evdə birgə yaşayanlardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (sərəncamın verildiyi tarixdə qüvvədə olan) - 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. - 10-cu madəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; - 22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... - 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı Rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə cizginin verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, torpaq sahəsi ayrılmış şəxsə naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçıya torpaq sahəsinə cizginin verilməsindən imtina barədə cavabdehin mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Qanunvericilik normalarına əsasən müəyyən edilir ki, torpaq sahəsi ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə olan halda cavabdehin iddianın mümkünsüz sayılması barədə dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar