Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1541/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-981/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdeh tərəfindən İddiaçı ödənilməmiş əvvəlki illər üçün, yəni xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilədək olan müddətə ödənilməli olan 12 il 10 ayın pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-981/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının “İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək olan müddətdə ödənilməli olan pensiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilə qədər Azərbaycan Respublikası X4 xidmət etmiş və hal-hazırda təqaüddə olan rütbəli polis mayorudur. X4 yaxşı xidmətlərinə görə Azərbaycan Respublikasının Ümummilli X8 tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Verilmiş İT-1 ******* saylı əmək kitabçasında iddiaçının X4 xidmət müddəti təqvim hesablaması ilə 16 il 9 ay 06 gün, imtiyazlı hesablama ilə 22 il 4 ay 17 gün təşkil edir. xx.xx.2003-cü ildən ona pensiya verilməli olduğu halda və həmin ildən pensiya hesablanacağına baxmayaraq, cavabdeh ona axırıncı 3 ili yəni xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilə qədər müddətdə olan pensiyasını ayda 359 manat 07 qəpik olmaqla vermiş, xx.xx.2018-ci ildə isə ömürlük 034388 nömrəli pensiya vəsiqəsi verilmişdir. Dəfələrlə cavabdehə, onun rəhbərliyin qəbulunda olmağına, dəfələrlə ərizələr yazmağına baxmayaraq əvvəlki illər üçün, yəni xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilədək olan müddətəki 12 il 10 ayın pensiyasını ala bilmir. Cavabdeh isə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməyini bildirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 027- 36048N-2019 saylı xx.xx.1219-cu il tarixli imtina məktubunda isə bildirilir ki, pensiya təyinatı üçün tərtib edilmiş Məlumat vərəqi AR DİN Maliyyə-Plan İdarəsinin 027-7636-1217 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə cavabdehə göndərilmiş, ehtiyata buraxılmış il xx.xx.2003-cü il göstərilmişdir. İmtina ərizəsində əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən xx xxxxxx 2007-ci il tarixindən hərbi qulluqçular və X6rin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları cavabdeh həyata keçirir və həmin orqana müraciət etməyini məsləhət görmüşlər. Sonuncu dəfə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə yazdığı yazılı müraciətinə isə xx xxxxxx 2019-cu il tarixli **********0 saylı cavab məktubu ilə imtina verilmişdir. O bu günə qədər əvvəlki illər üçün yəni 12 il 10 ay üçün pensiyasını ala bilmir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçının ərizəsində iddia etdiyi, 2003-cü il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. İddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Daxili İşlər Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək xx.xx.2017-ci il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-981/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan xx.xx.2020-ci il tarixdə cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan xx.xx.2020-ci il tarixdə iddiaçı apelyasiya şikayəti verərək, qərarın dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Daxili İşlər Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək xx.xx.2017-ci il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir”. Bu səbəbdən də tərəflərindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hakimi nəzərə almamışdır ki, onun xx.xx.2003-cü ildən pensiya hüququ yarandığı halda həmin andan hesablanaraq ödənilməli olduğu halda hakim xx xxxxxx 2007-ci il tarixdən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verildiyi anadək mövcud olmuş müvafiq icra hakimiyyəti orqanın olub-olmamasını müəyyən edərək həmin müddət ərzində yaranmış fərqin kim tərəfindən ödənilməsinə hüquqi qiymət verməmişdir. Halbuki, pensiya hüququ xx.xx.2003-ci il tarixində yarandığından təyin edilmiş əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa həmin tarixdə qüvvədə olan tələblərinə uyğun nəzərə alınmalıdır. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2006-cı ildən etibarən qüvvəyə minməsinə baxmayaraq qazanılmış pensiya hüququnu əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın, hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə isə yuxarda qeyd edildiyi kimi nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri 6 ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı hesablama qaydası ona münasibətdə hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Ödənilməli məbləğ inzibati orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla onun mülkiyyətini təşkil etdiyindən artıq əldə edilmiş hüquq kimi özümün mülkiyyəti olan həmin vəsaitin birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, onun mülkiyyət hüquqlarının qanunsuz, əsassız və qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 981/2020 saylı qərarı qismən-iddianın təmin edilən -İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsi (hazırkı adı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi) tərəfindən İddiaçı yaşa görə pensiya ilkin olaraq xx.xx.2015-ci il tarixdə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinin 17/5500 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı yaşa görə pensiya xx.xx.2016-cı il tarixdən ömürlük təyin edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2019cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq ona İdarə tərəfindən xx xxxxxx 2017-ci il tarixində yaşa görə pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin hesablanması üç il müddət üçün nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddəti üçün hesablanmış 12647,02 manat pensiya məbləği 2018-ci ilin yanvar və fevral aylarında hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.” İşə baxan məhkəmə iddianı qismən təmin edərkən “Əmək pensiyaları haqqında” Qanununun 31.1, 32.1, 37.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 2003-cü ildən yarandığından, cavabdeh tərəfindən ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyasının tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdən əvvəl pensiya təyin edildiyi üçün İddiaçı yaşa görə pensiya kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tətbiq edilməklə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlsə də, qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, nəticədə iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qismən, cavabdehin isə apellyasiya şikayəti həmin qərarın tam ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçıya keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği cavabdeh tərəfindən müraciət edilən tarixdən-Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən 2018-ci ilin yanvarfevral aylarında əvvəlki üç il üçün xx.xx.2015-ci il tarixdən hesablanmaqla ödənilməsi həyata keçirilmişdir. Hazırkı mübahisə isə keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsində xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) əks olunmuş müddət məhdudiyyətinin tətbiq edilməli olub-olmamasının mümkünlüyü ilə bağlıdır. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyrimütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Beləliklə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış, lakin keçmiş müddət üçün alınmamış əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqana həmin tarixdən sonra müraciət etmiş, odur ki, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya məbləğinin hesablanıb ödənilməsi qərara alınmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-981/2020 saylı qərarı qisməniddianın təmin edilən - İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-981/2020 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dayişdirilmədən saxlanılsın. İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1541/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1541/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver