Məhkəmə qərarları › İş №2-1(103)-1541/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1541/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1541/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “bölük komandiri (rota komandiri) vəzifəsində işləməyi nəzərə alınaraq, həmin vəzifəyə uyğun olaraq, pensiyanın yenidən hesablanması məqsədilə “məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-608/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.02.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10 aprel 1990-cı ildən 01 sentyabr 1995-ci ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi liseydə “bölük komandiri” (rota komandiri) vəzifəsində işləməyini nəzərə alaraq, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1990-1995-ci illər ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «bölük komandiri» (rota komandiri) vəzifəsində işləmişdir. İşlədiyi müddətdə nümunəvi xidmətinə görə dəfələrlə lisey rəisi tərəfindən «təşəkkür» və «fəxri fərman»lara layiq görülmüş, 1992-1993-cü illərdə Füzuli bölgəsində gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 28 iyun 1994-cü il tarixli qanuna əsasən Azərbaycan Respublikasının «Müharibə Veteranı» adına layiq görülmüş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Ştab Rəisinin 2/286 saylı 09 aprel 1993-cü il tarixli əmrinə əsasən 09 aprel 1993-cü il tarixdən 12 aprel 1993-cü il tarixədək Füzuli rayonunun 702-ci briqadasında ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi C.Naxçıvanski adına Bakı Hərbi Məktəbinin 024 saylı 15 may 1993-cü il tarixli əmrinə əsasən, 12 aprel 1993-cü il tarixdən 14 may 1993-cü il tarixədək Füzuli rayonunun döyüş bölgəsində ezamiyyətdə olmuş, 702-ci briqadada komandir batalyon olmuş, ezamiyyətdə olduğu zaman yanında qəlpə partlamış, bu isə onun qulağının eşitməməsinə gətirib çıxarmışdır. O, 1995-ci ildən 2005-ci ilə qədər həkim komissiyasından keçmiş və ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının təkrari müayinədən keçən əlillər üçün SER TSE-01 № ******* saylı arayışa əsasən, İİ (ikinci) qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik verilmişdir. 1995-ci ildə o, əlilliklə əlaqədar pensiyaya çıxmaqla işdən tərxis olunmuş, 23 fevral 1988-ci ildə SSRİ X4 «SSRİ Silahlı Qüvvələrin 70 illiyi» yubiley medalına layiq görülmüş, AVMVİB-nin sədri F.Rzaquliyev tərəfindən 05 sentyabr 2019-cu il tarixdə «Milli Ordu - 100» medalı, «Müharibə veteranı» medalı, 05 oktyabr 2019-cu il tarixdə «AVMVİB- 25 il» medalı ilə təltif olunmuş. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona 1 sentyabr 1995-ci il tarixində «kapitan» rütbəsinə, «təlim tağımının komandiri» vəzifəsinə uyğun olaraq «hərbi xidmət dövrü ilə əlaqədar» İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq «hərbi xidmət dövrü ilə əlaqədar» İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi - 478,59 manat məbləğində əmək pensiyası müəyyən edilərək kart hesabına köçürülür. Hesab edir ki, cavabdeh tərəfindən pensiyası düzgün hesablanmayıb. Belə ki, 1995-ci ildən bu günə qədər «tağım komandiri» (komandir vzvod) vəzifəsinə görə təqaüd alır. Halbuki o, «bölük komandiri» (rota komandiri) vəzifəsində işləmiş və Hərbi Komissarlıqdakı şəxsi işində, hərbi biletində də «bölük komandiri» (rota komandiri) qeyd edilmişdir. Lakin Müdafiə Nazirliyində olan şəxsi işində onun vəzifəsi yanlış olaraq «tağım komandiri» (komandir vzvod) qeyd edilmişdir. Bu səbəbdən də ona təqaüd «bölük komandiri» (rota komandiri) vəzifəsinə görə yox, «tağım komandiri» (komandir vzvod) vəzifəsinə görə hesablanmışdır. O, qeyd etdikləri ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi surətdə müraciət etsə də ona cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, «Cəmşid Naxçıvanski adına Bakı Hərbi Məktəbinin tədris bölüyünün komandiri» vəzifəsindən «Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris taqımın komandiri» vəzifəsinə keçirilməyinin səbəbi yaşı və ya səhhətilə bağlı olmamışdır. Bu səbəbdən də təyin olunmuş pensiyanın yenidən hesablanması məqsədi ilə yeni «Məlumat vərəqi» tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin cavabdehlər sırasından çıxarılması və İddiaçı 10 aprel 1990-cı ildən 01 sentyabr 1995-ci ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «bölük komandiri» (rota komandiri) vəzifəsində işləməyi nəzərə alınaraq, həmin vəzifəyə uyğun olaraq, pensiyanın yenidən hesablanması məqsədilə “məlumat vərəqəsi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-608/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)- 608/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 029670 nömrəli, 15 mart 1999-cu il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 07 yanvar 2020-ci il tarixli, 12/45 saylı məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı “Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris bölüyün komandiri” vəzifəsindən “Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris taqımın komandiri” vəzifəsinə keçirilməyinin səbəbi yaşının və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də təyin olunmuş pensiyanın yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi” tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26 dekabr 2019-cu il tarixli, **********1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 1 sentyabr 1995-ci il tarixində “kapitan” rütbəsinə, “təlim tağımının komandiri" vəzifəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 555,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəniz-105,15 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyini 870,15 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi-478,59 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. - 16 oktyabr 1992-ci il tarixli № 02087 saylı əmrindən çıxarışdan görünür ki, C.Naxçıvanski adına xüsusi internat məktəbinin baş tərbiyəçisi-hərbi mütəxəssislər qrupunun bölük komandiri kapitan X6 tutduğu vəzifədən azad edilərək, C.Naxçıvanski adına ibtidai hərbi məktəbin tədris bölməsinin bölük komandiri vəzifəsinə təyin edilmişdir. - 21 iyun 1994-cü il tarixli № 0520 saylı əmrindən çıxarışdan görünür ki, C.Naxçıvanski adına ibtidai hərbi məktəbin bölük komandiri kapitan X6 tutduğu vəzifədən azad edilərək, həmin məktəbin tağım komandiri vəzifəsinə təyin edilmişdir. - 19 iyul 1995-ci il tarixli 0935 saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) kapitan X6, C.Naxçıvanski adına hərbi ibtidai məbtəbinin tağım komandiri vəzifəsindən azad edilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı X6 xx.xx.1964-cü il təvəllüdlü olmaqla müharibə veteranıdır, “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” (xəstəliyə görə) bəndi ilə 19.07.1995-ci il tarixdə təxris olunmuşdur. Ona 1 sentyabr 1995-ci il tarixində “kapitan” rütbəsinə, “təlim tağımının komandiri" vəzifəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək sonuncu vəzifəsinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “bölük komandiri” vəzifəsi olduğunu iddia edərək, pensiyasının yenidən hesablanması məqsədilə həmin vəzifədəki təminat xərcliyi nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmiş, lakin Məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinə nələrin daxil olması göstərilmişdir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İş materiallarından göründüyü kimi iddiaçının sonuncu vəzifəsi Cəmşid Naxçıvanski adına Hərbi liseyin tədris tağımının komandiri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 0935 nömrəli 19 iyul 1995-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ”v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris taqımının komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı aşağı maaşlı vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar keçirilməmiş və aşağı maaşlı vəzifəyə keçirilən müddətədək ümumi xidmət illəri 20 ildən az olmuşdur. Bununla da iddiaçının sonuncu vəzifəsinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “bölük komandiri” olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona iddia etdiyi sonuncu vəzifəsinə uyğun olaraq yeni məlumat vərəqinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya yeni məlumat vərəqinin verilməməsinə dair faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, lakin iddiaçı ona yeni məlumat vərəqinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-608/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-608/2021 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar