Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1541/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müraciətə cavab verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11238/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə iddiaçı 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o əyani müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA nömrəli forma 88 yazılıb elektron sistemə daxil edildikdə, ona 09.07.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu barədə 30.07.2021-ci il tarixə kimi dəfələrlə, 30.07.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə cavabdehin cavab məktubu yerləşdirilərək orada göstərilmişdir ki, “0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir". Eyni zamanda bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat var və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək iddiaçının elektron şəxsi kabinetinə cavabdeh tərəfindən qeyd edilən məzmunda 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmiş, o, bu barədə məhkəməyə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirərkən görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu səbəbdən o cavabdehə dəfələrlə müraciət etmişdir. Hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 19.08.2021-ci il tarixdə müraciətinə cavabdeh tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11238/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Agentlik tərəfindən 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixində onun əlilliyi qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 30 yaxın şəxsi elektron kabinetinə məktub yerləşdirilmiş. Lakin bu məktubların heç biri poçt vasitəsilə ona göndərilməmişdir. Hal-hazırda yenə də kabinetində olan məlumatlara əsasən 19.08.2021-ci il tarixdə müraciətlərinə Agentlik tərəfindən cavab verilməmiş, «Vətəndaşların müraciətləri haqqında» qanunun tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, 0280003AAFMA nömrəli göndəriş əsasında 12.10.2016-cı il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 12.10.2021-ci ilə kimi 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 09.07.2021-ci il tarixdə Onun əlilliyi 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 09.07.2026-cı ilə kimi. 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. O, 09.08.2021-ci il tarixdə cavabdeh Agentliyinə ərizə ilə müraciət edərək, elektron sistemdə ona qarşı edilən saxtakarlığın təcili bərpa edilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 09.07.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. Həmin müraciət 19.08.2021-ci il tarixində cavabdehə daxil olmuş, sonuncu tərəfindən 23.09.2021-ci il tarixli məktubla cavablandırılaraq göstərilmişdir ki, X1 X2 və səbəb əlaqəsi barədə 25.06.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, hazırda iddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" səbəbi ilə 12.10.2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi-12.10.2021-ci ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar iddiaçı göndərişin (forma 88) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. İşin tədqiq olunan hallarından göründüyü kimi, iddiaçının cavabdehə müraciəti bilavasitə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuş və həmin məsələ də öz müsbət həllini taparaq cavabdeh tərəfindən onun arzuladığı səbəb əlaqəsi ilə əlillik təyin edilmiş və bu barədə onun elektron poçtuna məlumat yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt elektron üsulla da göndərilə bilər və bu üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hazırkı müraciətinə cavab verilməsi tələbinə dair öhdəliyin icrası haqqında (İPM m.m.2.2.3” 34.1) iddia ərizəsinin əsaslandırılmış iddia ərizəsi kimi qəbul edilməsi istisna edildiyinə görə iddia mümkün iddia kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdeh tərəfindən «Vətəndaşların müraciətləri haqqında» qanunun tələblərinin pozulduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11238/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11238/2021 saylı, 27.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1541/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1541/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver