Məhkəmə qərarları › İş №2-1(103)-1542/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1542/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1542/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12731/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehndə mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009-cu il tarixindən 24.03.2020-ci tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə torpaq sahəsi və mənzillə təmin edilməmişdir. Həmçinin onun adına daşınmaz əmlak yoxdur və hazırda kirayədə qalır. Buna görə də o, cavabdehə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmiş və mənzillə təmin olunmağı barədə sərəncam verilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun mənzillə (yaşayış sahəsi ilə) və torpaq sahəsi ilə təmin olunması üçün 2 şərt müəyyən edir: 1) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu ən azı 15 təqvim ili xidmət etməlidir; 2) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu xidməti mənzildə yaşayan olmalı və ya onun ümumiyyətlə yaşayış sahəsi olmamalıdır. Həmçinin qanunvericilik ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun yaşayış sahəsi ilə (mənzillə) təmin olunmasını onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və ya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun hər hansı bir maddəsi ilə ehtiyata və ya istefaya buraxılması ilə şərtləndirməmişdir, məhdudlaşdırmamışdır. O, mənzillə təmin olunmaq üçün hər iki şərtə cavab verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12731/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1). yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması. 2). yaşayış sahəsinin olmaması; 3). 15 təqvim ili və daha çox xidmət etməsi; Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən təqdim olunmuş 186 saylı 18.08.2020-ci il tarixli arayışdan məlum olmuşdur ki, baş gizir İddiaçı 05.01.1999-cu il tarixdən, 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi xidmət, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009- cu il tarixindən 24.03.2020-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, İddiaçı Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hissəsində göstərilən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009-cu il tarixindən 24 03 2020-cı tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığına görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun ona şamil edilmədiyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası aşağıdakı sübutlara diqqət edir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı həqiqətən 05.01.1999-cu il tarixindən 26.07.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, 24.06.2001-ci il tarixindən 17.02.2009-cu il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çavuş qismində, 17.02.2009-cu il tarixindən 24 03 2020-cı tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX Sərhəd Nəzarəti rəisinin 23.03.2020-ci il tarixli 58 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli 370-21387-3221 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1980-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan MR, Culfa rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Kirayəyə verən X2 ilə Kirayəçi İddiaçı arasında imzalanmış 17.11.2021-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirayəyə verən X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili Kirayəçi İddiaçı kirayəyə verməyi, Kirayəçi isə Kirayəyə verənə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.09.2020-ci il tarixli **********28 saylı arayışından görünür ki, İddiaçı adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.09.2020-ci il tarixli **********29 saylı arayışından görünür ki, X3 adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 19.06.2020-ci il tarixli 51/37 saylı arayışından görünür ki, İddiaçı həqiqətən DSX-də xidmət etdiyi müddət ərzində, torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Bu, iddiaçının yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin norma xidmət müddəti başa çatdığına görə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12731/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12731/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar