Məhkəmə qərarları › İş №2-1(103)-1542/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1542/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1542/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “kvalifikasiyanın tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13945/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə İddiaçı verilmiş “X6” Milli Universitetinin V16 №081463 saylı 10 iyun 2016-cı il tarixli diplomunun nostrifikasiya edilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 03 aprel 2023-cü il tarixli NA00007653 tarixli qərarının qanunsuz və etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-13945/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-2016-cı illərdə Ukrayna Respublikasında ali təhsil alan iddiaçı 2016-cı ildə “X6” Milli Universitetinin tam kursunu bitirərək hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmiş və hüquqşünasbakalavr adını almışdır. Buna dair ona verilmiş V16 №081463 saylı 10 iyun 2016-cı il tarixli diplom 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 01 dekabr 2016-cı il tarixində təsdiqlənmiş və apostil edilmişdir. 02 fevral 2023-cü il tarixində iddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici dövlətin ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə elektron ərizə təqdim etmişdir. İddiaçının müraciəti ilə bağlı cavabdeh orqan xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi barədə 03 aprel 2023-cü il tarixli qərar qəbul etmişdir. Qərarda imtina səbəbi olaraq ayrıca “sərhəd xidmətinin məlumatı (qiyabi) (bakalavriat)” göstərilmişdir. Qərarın mətnində göstərilmişdir ki, «Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Oaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur». İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının tamamilə qüsurlu, qanunsuz və ədalətsiz olduğunu göstərmiş və cavabdeh inzibati orqanın qərarı tamamilə əsassız və qanunsuz olduğundan qeyd olunan əsaslara görə, onun üzərinə iddiaçıya verilmiş “X6” Milli Universitetinin V16 №081463 saylı 10 iyun 2016-cı il tarixli diplomunun nostrifikasiya edilməsi və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasını, 03 aprel 2023-cii il tarixli NA00007653 №-li qərarın isə qanunsuz və etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Məhkəmə cavabdeh orqanın mövqeyini əsas tutub onun qərarının qanuni olması nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərarda onlara qiymət verilməmişdir. İddiaçı təhsil aldığı Universitetin tələb etdiyi təhsil normasını mənimsəmiş, bu fakt birmənalı olaraq həm ali təhsil müəssisəsinin özü, həm də diplomu təsdiq və apostil edən Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən təsdiqlənmişdir. İddiaçı imtahanları uğurla başa vurmuşdur. Təhsil proqramının mənimsənilməsi üçün hər gün dərsdə iştirak edilməli deyilən bir norma müəyyən edilməmişdir, başlıcası isə iddiaçının təhsil forması qiyabi olmuşdur. İş üçün mühüm əhəmiyyəti olan bu hallar aydınlaşdırılmamış, qərarda onlara qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00007653 nömrəli xx.xx.2023-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirləı Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nomrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan “X6” tərəfindən verilmiş 10 iyun 2016-cı il tarixli B16 № 081463 nömrəli Bakalavr diplomunun (tərcümə) təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 2016-cı ildə “X6”nın tam kursunu bitirmiş və “Hüquq” ali peşə istiqamətinin “X8 Dərəcəsi” ilə təltif olunmuşdur. Diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə apostil edilmişdir (№ A-71011-16). İş materiallarında olan “X6” tərəfindən verilmiş 10 iyun 2016-cı il tarixli B16 №081463 nömrəli Bakalavr diplomuna 10 iyun 2016-cı il tarixli ******* №-li Diploma Əlavənin (tərcümə) təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “X6”nda oxuduğu müddət ərzində (Hüquqşünas bakalavr) qiyabi tədris formasında təhsil almışdır (təlim müddəti xx.xx.2014xx.xx.2016). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 2013-2016-cı illərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2014 - İstiqamət Çıxış - Xarici ölkə Ukrayna; xx.xx.2014 - İstiqamət Giriş - Xarici ölkə Ukrayna; xx.xx.2015 - İstiqamət Çıxış - Xarici ölkə Ukrayna; xx.xx.2015 - İstiqamət Giriş - Xarici ölkə Ukrayna; xx.xx.2015 - İstiqamət Çıxış - Xarici ölkə Ukrayna; xx.xx.2015 - İstiqamət Giriş - Xarici ölkə Ukrayna; xx.xx.2016 - İstiqamət Çıxış - Xarici ölkə Belarusiya; xx.xx.2016 - İstiqamət Giriş - Xarici ölkə Ukrayna; xx.xx.2016 - İstiqamət Çıxış - Xarici ölkə İran; xx.xx.2016 - İstiqamət Giriş - Xarici ölkə İran. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-ci bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10-cu bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin faktiki hallarından görünür ki, “X6” tərəfindən verilmiş 10 iyun 2016-cı il tarixli B16 № 081463 nömrəli Bakalavr diplomuna əsasən İddiaçı 2016-cı ildə “X6”nın tam kursunu bitirmiş və “Hüquq” ali peşə istiqamətinin “X8 Dərəcəsi” ilə təltif olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müvafiq tələblə müraciət etsə də, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyindən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Belə ki, iddiaçı “X6”nın tədris normativi üzrə orada təhsil almaq üçün həmin ölkədə qısa müddət ərzində olmuşdur (2014/2015-ci tədris ili üzrə 5 gün, 2016/2017-ci tədris ili üzrə 6 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, bu baxımdan qısa müddətə tədris proqramını yerinə yetirmək qeyri-mümkündür. İddiaçı ali təhsil müəssisəsinin normativi qarşılığında həmin ölkədə qısa müddət olduğu üçün tədris proqramının yerinə yetirilməsi baxımından təhsilin müddətinin yetərli olmaması səbəbi ilə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13945/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar