Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1542/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına qarşı ona əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2014-cü və 2019-cu illərdə infarkt keçirmişdir. Bundan əlavə hepatit C və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Sadaladığı bu xəstəliklər rəsmi qaydada tibb kitabçasında qeyd edilmişdir. Ürəyində olan müvafiq problem ilə əlaqədar Komissiyadan küçmək üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə keçirilmişdir. xx.xx.2023- cü il tarixdə Müalicə Müəssisəsinin kardioloqu tərəfindən ürəyi EKQ edilmiş, xx.xx.2023- cü il tarixdə Tibbi Komissiya xəstəliyinə görə müvafiq diaqnoz təyin etmişdir. Komissiya zamanı Müalicə Müəssisəsinin baş həkimi bildirmişdir ki, diaqnozu əlillik meyarlarına tam uyğundur, 2-ci qrup əlildir və əlillik dərəcəsi almaq üçün xəstəliyi haqqında məlumatlar Tibbi Sosial Ekspertiza Komissiyasının məlumat bazasına daxil ediləcəkdir. Əlavə olaraq Müalicə Müəssisəsinin kardioloqu ona bildirmişdir ki, ürəyinin EKQ göstəricisini apparatın yaddaşında saxlamış, bir nüsxəsini ona vermiş, o cümlədən bildirmişdir ki, əgər təkrar yoxlanışa ehtiyac olarsa, EKQ apparatının yaddaşında saxlanılan göstəricilərə istinad edilə bilər. xx.xx.2023-cü il tarixdə Müalicə Müəssisəsindən cəza çəkdiyi müəssisəyə qaytarılmışdır. Bu günə kimi Tibbi Sosial Ekspertiza Komissiyası onun əlilliyini təyin etməmiş, bununla bağlı ünvanladığı üç ərizənin heç birinə cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş və iddia tələbi “qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Ədliyyə Nazirliyi Tibb İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və şəxsin əlilliyi barədə yekun qərar qəbul etmək mümkün olmadığına görə “göndəriş natamam doldurulma” əsası ilə tibb müəssisəsinə natamam məlumatların yenilənməsi məqsədilə geri göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilməsi qərara alınmış və canlı müayinənin nəticələrinə uyğun olaraq əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə 1 (bir) ay müddət təyin edilmişdir. Lakin göstərilən müddət ərzində qərardadın icrası ilə əlaqədar hər hansı çəlumat məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8541/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 3-16-20/2-Q-2817- 6/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, penitensiar müəssisələrdə cəza çəkdiyi dövrdə tibbi xidmətlə təmin edilmiş, səhhətində yaranmış narahatlıqla bağlı Tibb-sanitar hissəsində və Müalicə müəssisəsində dəfələrlə tibbi tədbirlərə cəlb olunmuş, müalicə üçün zəruri olan dərman preparatları ilə təmin edilmişdir. Ona əlillik dərəcəsinin təyin edilməsi üçün barəsindəki aidiyyəti məlumatlar 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt-sisteminin (TSERAS) elektron məlumat bazasına daxil edilmişdir. Lakin məsələyə Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən baxılaraq ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Müraciəti nəzərə alınaraq sağlamlıq durumunun hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixdə müalicə müəssisəsinə köçürülmüşdür. Stasionar müayinələr nəticəsində onda müəyyən edilən diaqnoz Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əlillik meyarlarına uyğun olduğu təqdirdə barəsindəki aidiyyəti məlumatlar TSERAS-a təkrar daxil ediləcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Müalicə Müəssisəsi tərəfindən təqdim edilmiş İddiaçı dair xx.xx.2023-cü il tarixli exokardioqrafiya məlumatına əsasən nəticə: Sol mədəciyin sistola diastolik ölçüləri ciddi böyümüşdür və sistolik funksiyası azalmışdır (LVEF~38%). Diastolik disfunkasiya İİ tipdə pozulmuşdur. Seqmentar divar hərəkət qüsuru (apikal; mid-septum akinetik, bazal-septim hipokinetik) qeyd edilir. Aorta kökü genişlənməyib, qapaqları sklerotikdir. Perikard boşluğu təmizdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-16963/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim edilmişdir. - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri = > İ20-İ25 - Ürəyin işemik xəstəlikləri = İ25.2 Ürəyin xroniki işemik xəstəliyi = Əvvəllər keçirilən miokard infarktı) İ25 Ürəyin xroniki işemik xəstəliyi stabil gərginlik stenokardiyası İİ f.s. infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı. İİ f.s. Yanaşı xəstəliklər 818 2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma 110 Essensial (birincili; hipertenziya hipertoniya xəstəliyi İİ dərəcə)” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması, əsas diaqnozun ağırlaşmalarını təsdiq ədan instrumental müayinələrin nəticələri, status localıs mütəxəssislərin rəyi anamnestık məlumatlar və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-125 - Ürəyin işemik xəstəlikləri => İ25 - ürəyin xroniki işemik xəstəliyi => 125.8 Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları) Ürəyin xroniki işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, İİ f.s infarktdan sonrakı kardioskleroz, ürək çatmamazlıgı İİ f.s.” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək “İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s Post infarkt kardioskleroz (2014)” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: Şəxsin əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşması tövsiyə olunur.” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. - Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (K00189648HUN saylı xx.xx.2024-cü il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2013-cü ildir (xroniki; orta ağır). Əsas diaqnoz: İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s. Postinfarkt kardioskleroz (2014) Ağırlaşma: İ50. Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı. İİ f.s Yanaşı xəstəlik: E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip Yanaşı xəstəlik: İ10 Essensial (birincili)hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə əlavə risk İV - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış 2-5/2-24552/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ürək xəstəliyindən əziyyət çəkməyi, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar Tibb Baş İdarəsinin göndərişinə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq göndərişin natamam doldurulması adı ilə 2 dəfə imtina cavabının verilməsi haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətində əks etdirilmiş halların yoxlanılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tapşırılmışdır. Verilmiş cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 4449003AABAF nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri, status localis, mütəxəssislərin rəyləri, anamnestik məlumatlar və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilən zaman vəziyyəti barədə məlumatın dəqiqləşdirilməsi və ətraflı qeyd olunması məsləhət görüldüyündən, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Ona dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə X1 ərazi üzrə Tibbi-sosial ekspert komissiyasının ekspert həkimləri tərəfindən müayinə edilmiş, aktlaşdırılaraq Agentliyə göndərilmişdir. Agentlikdə əlillik vəziyyəti yenidən araşdırılaraq, tibbi sənədlərə və obyektiv müayinələrin nəticəsinə əsasən xx.xx.2021-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Növbəti dəfə orqanizminin funksiyalarının pozulması faizi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin K00189648HUN nömrəli yeni göndərişi əsasında müəyyənləşdirilmiş, göndərişin natamam doldurulması səbəbindən əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Məhkum olduğundan əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində Agentliyin tabeliyində ərazi üzrə 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert həkimi tərəfindən xx.xx.2024-cü il tarixində müayinə olunmuş və sağlamlıq vəziyyəti aktlaşdırılaraq Agentliyə göndərilmişdir. Əlillik vəziyyəti Agentlikdə xx.xx.2024-cü il tarixdə yenidən araşdırılaraq, təqdim edilmiş tibbi sənədlərə və obyektiv müayinələrin nəticəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2024-cü il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinə ünvanlanmış 2-5/2-21829/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək ürək xəstəliyindən əziyyət çəkdiyini, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar Tibb Baş İdarəsinin göndərişinə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq göndərişin natamam doldurulduğu adı ilə 2 dəfə imtina cavabının verildiyini bildirmiş, qanunamüvafiq tədbirlər görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Əlilliyin təyinindən imtinaya dair sonuncu Bakı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): Həmin müəssisədə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2013-cü ildir (xroniki; orta ağır). Əsas diaqnoz: İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ f.s. Postinfarkt kardioskleroz (2014) Ağırlaşma: İ50. Ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı. İİ f.s Yanaşı xəstəlik: E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip Yanaşı xəstəlik: İ10 Essensial (birincili)hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə əlavə risk İV Göründüyü kimi XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müəssisəsində stasionar müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər İ10-İ15 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə -35-60 % 1 il müddətində 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə -65-80 % 2 il müddətində 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% müddətsiz 2.2.Ürəyin işemik xəstəliyi İ20 - İ25 2.2.1.ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 35-60 % 1 il müddətində; 2.2.2.ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 65- 80% 2 il müddətində 2.3. Ürək çatışmazlığı İ50 2.3.1ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ 35- 60 % 1 il müddətində; 2.3.2 ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ 65-80% 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya onun son qiymətləndirildiyi tarixdən (xx.xx.2024-cü il tarixindən) əlilliyin təyin edilməsi qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Həmçinin inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin sübut edilməsi öhdəliyi cavabdehin üzərinə düşsə də, həmin hallar sübut edilməmiş, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1542/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1542/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver