Məhkəmə qərarları › İş №2-1(103)-1543/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1543/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1543/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Murğuzova Nərminə Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət X1 və baş direktoru Məhəmməd İmanova, Əmlak Məsələləri Dövlət Komitəsinə və sədr müavini Rafiq Cəlilova, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (HTAM) Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və direktoru Faiq Məlikova, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (DƏDRX) Daşınmaz Əmlakının Dövlət Reyetsr Xidmətinə və rəisi H.Mustafayevə qarşı “qanunsuzluqların aradan qaldırılması, 47 saylı mağaza adlı müəssisənin xx.xx.1995ci il tarixdən hüquqi varisi İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2673/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət X1 və baş direktoru Məhəmməd İmanova, Əmlak Məsələləri Dövlət Komitəsinə və sədr müavini Rafiq Cəlilova, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (HTAM) Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və direktoru Faiq Məlikova, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (DƏDRX) Daşınmaz Əmlakının Dövlət Reyetsr Xidmətinə və rəisi H.Mustafayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuzluqların aradan qaldırılması, 47 saylı mağaza adlı müəssisənin xx.xx.1995-ci il tarixdən hüquqi varisi olan İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2673/2020 saylı qərardadı ilə iddia, mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini və apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, onun sahibliyində olan və hüquqi varisi olduğu əmlak cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçının iddia tələbi “qanunsuzluqların aradan qaldırılması, 47 saylı mağaza adlı müəssisənin xx.xx.1995-ci il tarixdən hüquqi varisi olan İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsi” barədədir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası ondan ibarətdir ki, iddianın inzibati məhkəmə ictraatı o zaman mümkündür ki, həmin iddia inzibati icraatın prosedur qaydalarına müvafiq olaraq subyektiv hüququ olan şəxs tərəfindən cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilsin, inzibati icraat qaydasında baxılan iddia növünə uyğun gəlsin və iddia ərizəsində iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması əsaslandırılmış olsun. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciətinin inzibati orqan tərəfindən təmin edilməməsi ilə bağlı olduğundan hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli orqan da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmalı olduğu halda iddiaçı tərəfindən cavabdeh qismində iddiaya cavab verməli olmayan inzibati orqanlar, hüquqi şəxslər və onların vəzifəli şəxsləri göstərilmişdir. Bununla belə hazırkı halda mübahisə predmeti olan əmlak ilkin olaraq dövlət əmlakı olduğundan, həmçinin həmin daşınmaz əmlak hərrac vasitəsilə başqa şəxslərə satıldığından və həmin şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar olduğundan kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından da göründüyü ki, hazırda mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş, keçirilmiş hərracın nəticələrinə uyğun olaraq X2 və X3 alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hər iki şəxsin adına dövlət reyestrindən çıxarışlar verilmişdir. İ.Abdullayev və B.Qurbanov İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaları təmin edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra hərəkətlərinə başlanılmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, İddiaçı tərəfindən hazırkı cavabdehlərə qarşı eyni iddia tələbi (mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, qanunsuz hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi) ilə məhkəməyə müraciət edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2387/2020 saylı xx.xx.2020 tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və kassasiya şikayətinə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisə predmeti olan qeyriyaşayış sahəsindən çıxarılması və həmin sahənin yeni mülkiyyətçilərinə verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olması, həmçinin İddiaçı “mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, qanunsuz hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması, belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı digər iddia tələbinə baxılması hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Nə qədər ki, İddiaçı mülki qaydada eyni cavabdehlərə qarşı vermiş olduğu iddia tələbinə mülki icraat qaydasında baxılır, həmçinin X2 və X3 verilmiş dövlət reyestrindən çıxarışlar qüvvədədir, iddiaçının çıxarışın verilməsi tələbi ilə inzibati orqana qarşı iddia qaldırmaq hüququ istisna edilir. Qeyd edilən mülki məhkəmə icraatı üzrə İddiaçı iddia tələbi təmin olunduğu və X2 və X3 verilmiş dövlət reyestrindən çıxarışlar ləğv edildikdən sonra iddiaçı yenidən dövlət mülkiyyətinə qayıdan əmlakın özəlləşdirilməsi ilə bağlı səlahiyyətli inzibati orqana – Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilər. Sonuncu tərəfindən onun tələbi təmin edilmədiyi halda inzibati orqanın hərəkətini mübahisələndirməklə inzibati icraat qaydasında məhkəməyə iddia verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaya cavab verməli olmayan şəxslər olduqlarından, həmçinin çıxarışların ləğv edilməsi ilə bağlı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıldığından, hazırkı iddia tələbi mümkün hesab edilə bilməz və iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2673/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar