Məhkəmə qərarları › İş №2-1(103)-1543/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1543/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1543/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə X6 Elman qızının katibliyi ilə, 3-cü şəxs "xxxx" kiçik müəssisəsinin vəkili və nümayəndəsi X4, 3-cü şəxs "xxxx" kiçik müəssisəsinin nümayəndəsi X1 iştirakaları ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə bələdiyyəsinə qarşı ( "xxxx" kiçik müəssisəsi və Azərbaycan Respublikası ƏMDX yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxslər qismində cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadından 3-cü şəxs X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı 3-cü şəxs "xxxx" Kiçik Müəssisəsi olmaqla məhkəmədə iddia qaldıraraq Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 8/33 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3950/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Həbibi” Kiçik Müəssisəsi və 2-1(112)-797/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası ƏMDX yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək hazırkı inzibati iş üzrə icraat dayandırılmışdır. Qərardaddan narazı qalan 3-cü şəxs X7 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. iş üzrə tərəflərin izahatları alınmamış, tərəflərin iştirakı ilə heç bir araşdırma hərəkəti aparılmamışdır. tərəflər arasında eyni əsaslarla eyni tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və həmin iş üzrə bütün zəruri ekspertizalar keçirilmiş, zəruri sənədlər toplanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştriak edən 3-cü şəxs "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili X.Aydınbəyov apellayiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı, cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası ƏMDX yanında X2 Təşkili üzrə Dövlət Agentliyi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə bələdiyyəsinin 15 mart 2007ci il tarixli, 8/33 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində yerləşən 10 8020 kv.m. (1,08 ha) torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə "xxxx" kiçik müəssisəsinin mülkiyyətinə verilmişdir (hər kv.m. üçün 8 manat, 32 qəpik ödəmək şərtilə) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya qeyd edir ki, işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə Binəqədi rayonu M.Ə. Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli, 8/33 nömrəli qərarı ilə "xxxx" kiçik müəssisəsinin mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində yerləşən 10 8020 kv.m. (1,08 ha) torpaq sahəsinin faktiki yeri və koordinatları göstərilməklə Binəqədi rayonu M.Ə. Rəsulzadə bələdiyyəsi üçün ayrılmış ərazinin hüdudları daxilində olmaqla bələdiyyə və ya dövlət torpagı olması, neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahələri olubolmaması müəyyən edilməlidir. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, iş üzrə tikinti texniki ekspertizası keçirilməli və və aidiyyəti qurumdan ekspert rəyi alınanadək icraat dayandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya şikayəti iş materiallarının dəlilləri və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan Məcəllənin 98.1-ci maddəsinə görə ekspertiza təyin edilməsi barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin məhkəmə tərəfindən xəbərdarlıq edilməsi də göstərilməlidir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxsin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. İPM-in 50.0.1-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iş üzrə icraatın dayandırılması və ya təxirə salınması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası birinci instasiyanını mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisənin ədalətli həll edilməsi məqsədilə iş üzrə məhkəmə ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə olunmalı, iş materialları ekspert rəyinin alınması üçün həmin quruma göndərilməli və ekspert rəyləri alınanadək iş üzrə icraat dayandırılmalıdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə məhkəmə ekspertizası təyin etməklə, ekspert rəyləri alınanadək iş üzrə icraat dayandırılması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-213/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar