Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1544/2019 31.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4621/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması və müvafiq fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması xahişi ilə hazırkı cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmişdir. Belə ki, o, xx xxxxxxx 1979-cu il tarixdən Daxili İşlər Nazirliyinin X1 sıravi yanğınsöndürən, rayon məhkəməsində məhkəmə iclas katibi, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalında hakim və Ədliyyə Nazirliyində xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış və hal-hazırda həmin nazirlikdə baş məsləhətçi, baş ədliyyə müşaviri kimi fəaliyyətini davam etdirir. 1981 – 1983-cü illərdə hərbi xidmətdə olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 nömrəli qərarı ilə «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası» təsdiq edilmişdir. Həmin Qaydanın 2.2.7ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir. O, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün müvafiq sənədləri (ərizə, Ədliyyə Nazirliyinin arayışı, əmək kitabçasının nazirlik tərəfindən təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti və əmək haqqı barədə arayış) DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə təqdim etmişdir. hal-hazırda o, güzəştli şərtlərlə əmək pensiyası alır. Lakin pensiya təyin olunarkən düzgün hesablanmamışdır. O, bu barədə müraciət etdikdən sonra pensiyada artım olmuş, lakin pensiya «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2010-cu il tarixli Qanununa əsasən hesablanmamışdır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin 5-ci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci və 20.1.4-cü maddələrinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29-cu maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır. Əmək pensiyası yaşına çatmış sabiq hakimlərin tutmuş olduqdarı vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2010-cu il tarixli 1092-İİİDQ saylı Qanununun 1-ci bəndi ilə 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələrin əlavə edilməsi qərar alınmışdır. 3. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi mqidarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. 4. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Həmin Qanunun müddəallarında bu Qanunun xx xxxxxxx 2010-cu il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. İddiaçı cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə ərizə ilə müraciət edərək «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxxx 2010-cu il tarixli Qanunun müddəaları nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və ötən müddət ərzində pensiya məbləğində ödənilməmiş fərqin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və İPM-in 2-ci, 33-cü, 52-ci, 58-ci, 68-ci, 69-cu maddələrinə əsaslanaraq, ona (iddiaçıya) qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsi iddiaya yazılı etiraz etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (sabiq hakimlərin) əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının (sosial sığorta ayırmalarına cəlb olunan gəlirləri) orta aylıq məbləğindən əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla hesablanır. İddiaçı hakim işlədiyi dövrdə qeyd etdiyi müalicə və məzuniyyətə gedərkən aldığı müavinətlər barədə heç bir rəsmi arayış təqdim etməmişdir. İddiaçının hakim işlədiyi illərdə həmin müavinətlər sosial sığorta haqlarına cəlb olunmayan müavinətlər arasında yer alırdı. DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4621/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı yaşa görə əmək pensiyasının xx xxxxxxx 2010cu il tarixdən hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən müavinət və müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4621/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəfərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Hərbi Məhkəmənin hakimi kimi işləmiş və ona hakim vəzifəsində işlədiyi dövrdə aldığı orta əmək haqqı miqdarında əmək pensiyası təyin olunmuşdur. İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsinə ərizə ilə müraciət edərək «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxxx 2010-cu il tarixli Qanunun müddəaları nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və ötən müddət ərzində pensiya məbləğində ödənilməmiş fərqin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 2010-cu ildən əvvəlki dövrdə ədliyyə orqanlarında 25 ildən artıq xidmət etmiş şəxs kimi onun 5 il (60 ay) hakim işlədiyi dövr üzrə əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, həmin tarixdən sonrakı dövrdə qanunvericilikdə onun pensiya təminatında “hüquqi vəziyyəti yaxşılaşdıran” (əmək haqqında artımlar olunmaqla) dəyişikliklərin ona münasibətdə tətbiq olunmaması həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə tamamilə ziddir və belə hal onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, müvafiq dəyişikliklərlə hakimin əmək haqqına əlavə olaraq vəzifə maaşının 15 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul məbləği nəzərdə tutulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, qanunvericilik digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirilməklə dövlət və cəmiyyət nəticə etibarı ilə hakimin əməyini xüsusi qiymətləndirməni, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Bu baxımdan mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır. Qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərliyi prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı selektiv yanaşmaya yol verilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.7-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər (maddə 20.1.4), «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) (maddə 20.1.7) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 20.11-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 23.10-cu maddəsinə görə ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.11-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən ədliyyə orqanlarında 25 il qulluq etmiş, həmin orqanlarda qulluğunu davam etdirən ədliyyə orqanlarının işçisinə aylıq əmək haqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. Həmin maddənin 4-cü hissəsinə görə hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı, həmin Qanuna xx xxxxxxx 2010-cu il tarixli Qanunla düzəliş edildikdən sonra 107-ci 107-ci maddəsinin yeni redaksiyada verilmiş 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı nəzərdə tutulmuşdur. Həmin Qanunun 106-cı maddəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara verilən vəzifə maaşının 15 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul məbləği nəzərə alınmaqla yenidən hesablanması üçün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunda hakimlərin əmək haqqındakı sonrakı artımların nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və bu artımların əmək pensiyası yaşına çatmış sabiq hakimlərə də tətbiq edildiyi birmənalı olaraq göstərilmişdir. Odur ki, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasının yenidən hesablanması zamanı onların bu artımları alıb-almaması, habelə həmin artımları alması barədə arayış təqdim edibetməməsindən asılı olmayaraq, onların bu hüququ mövcuddur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4621/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1544/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1544/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver