Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1544/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı evin verilməsi tələbinə dair inzibati mübahisə üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanına uyğun olaraq ev verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsi İPM-in 8.1.1, 8.1.2, 8.1.4-cü maddələrinə istinad edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 11 mart 2021-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhərində yerləşdiyindən (Bakı şəhəri, Parlament prospekti 3) iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli 2-1(112)-5907/2021 saylı qərardadı ilə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını nəzərdən keçirərək, işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi nəticəsinə gəlir. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisə müvafiq inzibati orqanla dövlət qulluqçusu (dövlət qulluğunun xüsusi növü üzrə) arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, onun ərazi aidiyyəti İPM-in 8.1.3-cü maddəsinin təsiri altına düşür. Belə ki, iş materiallarından görünür ki, mərhum X4 hərbi xidmət dövrü ilə əlaqədar sağlığında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən mərhum X3 verilən cavabda onun adının müvafiq siyahı tərtib olunanda komissiyaya təqdim olunacaq siyahıya daxil ediləcəyi bildirilmişdir. X4 vəfat edib. X1 qeydiyyatda olduğu ünvan Göygöl rayonu, Topalhəsənli kəndi olmaqla faktiki yaşayış yeri yaşayış yeri Şəmkir kəndi, Yeni Həyat kəndi olmuşdur. Hazırda mərhumun həyat yoldaşı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilən cavabda mərhumun xidmət dövrünün Müdafiə nazirinin müfafiq əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən mənzillə təminatının qeyd edilən fərmanın təsiri xaricində olduğu bildirilmişdir. Odur ki, mərhumun həyat yoldaşı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hazırki tələblə iddia qaldırır. İddiaçı qeydiyyat və yaşayış ünvanı ünvan 1ir. Hazırki mübahisə müvafiq inzibati orqanla hərbi qulluqçunun əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan mübahisəyə iddiaçının yaşayış yeri kimi qeydiyyatda olduğu yer üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Belə ki, həmin inzibati ərazidə yaşamış hərbi qulluqçu müvafiq tələblə sağlığında inzibati oqana müraciət etməklə iradəsini ifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı inzibati mübahisələrdə işə ərazi aidiyyatı qaydalarına uyğun olaraq baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati-Prosessual Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5 və 8.6-cı, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı evin verilməsi tələbi barədə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1544/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1544/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver