Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1544/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-6160/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6160/2021 saylı 10.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Göygöl rayon Mərkəzi xəstəxanasının 02.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mə’də xorası; Diaqnozun mətni: Mədə və 12 b/b xr xora tez tez kəskinləşən deformasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; 2.2.Mədə və 12 b/b xr xora tez tez kəskinləşən deformasiyası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron sistemdə yalnız 2003 və 2014-cü ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqiqəti əks etdirməsini şübhə altına almışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 02.04.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X4 (bundan sonra mətndə - TSERAS) çıxarışdan görünür ki, İddiaçı ilkin olaraq 05.03.2003-cü il tarixdə 1 il müddətinə və 02.04.2014-cü il tarixdə 1 il müddətinə “mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası” xəstəliyi ilə ikinci dərəcə əlillik təyin edilmişdir; - Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının 02.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, X2 ilk dəfə 05.03.2003-cü il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 02.04.2014-cü il tarixdən TSEK-dən Müayinə aktından çıxarışa əsasən İİ qrup əlillik müddətsiz təyin olunduğu üçün pensiyanın ödəniş müddəti müddətsiz təyin olunmuş(SER TSE-01 N 382031), lakin Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X5 əlilliyin sonuncu müddəti 04.04.2015-ci il tarixə müəyyən edildiyi üçün pensiyanın ödənişi 11.06.2020-ci il tarixdə aydınlaşdırılması üçün dayandırılmışdır; Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən, iddiaçıya 02.04.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi göstərilsə də, TSERAS-da qeyd edilmiş iddiaçıya 02.04.2014-cü ildə əlilliyin müddətsiz deyil, 1 il müddətinə təyin edilməsinə dair elektron məlumata əsasən cavabdeh tərəfindən ona ödənilən pensiya ödənişi 11.06.2020-ci il tarixdən dayandırılmışdır. Cavabdeh iddiaçının müvafiq müraciətinə cavab olaraq 14.10.2020-ci il tarixli, **********0 saylı məktubla əlilliyinin etibarlılıq müddətinin 02.04.2015-ci il tarixdən bitdiyini bildirilmiş və əlilliyin yenidən qiymətləndirilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək, ona 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktiarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin qanunun 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X8 (TSERAS) yaradılmışdır. Hazırki iş üzrə İddiaçı tələbi - 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair yekun nəticəsini əsaslandırarkən əsaslı olaraq qeyd etmişdir ki, “... cavabdeh inzibati orqan etirazında yalnız TSERAS-da olan məlumata istinad etmiş, TSERAS yaradılmamışdan əvvəl, yəni 02.04.2014-cü il tarixdə təyin edilmiş əlilliyin müddətinin 1 il olması ilə bağlı məlumatın sözügedən sistemə əlavə ediməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən TSERAS-a daxil edilmiş məlumatın mötəbərliyi qənaətinə gəlmək mümkün deyildir. Bir halda ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan TSEK-də müayinə aktından çıxarış mövcuddur. O cümlədən iddiaçıya 2003-cü ildən fasiləsiz olaraq əlilliyə görə pensiya ödənilmiş və pensiya təyinatı aparan orqan tərəfindən pensiya ödənilməsinə əsas olmuş müayinə aktlarından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən elektron sistemdə yalnız 2003 və 2014-cü ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqiqəti əks etdirməsini şübhə altına alır.” Apelyasiya baxışı zamanı cavabdeh mövqeyini əsaslandırarkən müayinə iclaslarının protokol kitabından çıxarış təqdim etmişdir, hansı ki, həmin çıxarışda iddiaçıya 2014-cü ildə əlilliiyin 1 il müddətinə təyin edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir və qeyd edir ki, iş materiallarında olan AR ƏƏSMN 26 №li TSEK Göygöl Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 382031 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı 02.04.2014-cü il tarixdə ikinci dərəcəli əlillik dərəcəsi müddətsiz olaraq verilmişdir. Həmin çıxarış isə müvafiq səlahiyyətli orqanın sədri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Həmçinin, Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının 02.09.2021-ci il tarixli məktubunda da, TSEK-dən Müayinə aktından çıxarışa əsasən 02.04.2014-cü il tarixdən X2 İİ qrup əlillik müddətsiz təyin olunduğu üçün pensiyanın da müddətsiz təyin olunduğu qeyd edilmişdir.(SER TSE-01 N 382031) Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda sadalanan faktiki halları cavabdehin istinad etdiyi protokol qeydlərinin yalnışlıq olması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçıya əlillik təyin edilən tarixlərdə AR NK-nın 1997-ci il 29 avqust tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmin əsasnamənin tələblərindən aydın olur ki, ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilməli və fasiləsiz olaraq on il təyin edildiyi hallarda isə müddətsiz təyin edilmiş hesab edilirdi. İşdə olan Dövlət Sosial Müdafiə X10 Şəxsin 18 saylı regional ərazi filialının 27.08.2021-ci il tarixli məktubuna əlavə edilmiş, iddiaçıya pensiyanın ödənilməsi üçün əsas olmuş əlillik müayinələrindən çıxarışların notraial qaydada təsdiq edilmiş surətlərinə əsasən, 2004, 2005, 2006, 2007, 2009, 2010, 2011, 2012, 2013-cü il tarixlərdə 1 il müdətinə ikinci dərəcə əlillik təyin edilmiş, 2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya ilkin olaraq 2003-cü ildə ikinci dərəcəli əlillik təyin edilmiş, bundan sonra hər dəfə 1 il uzadılmaqla müddəti artırılmış, 2014-cü il tarixdə isə artıq 10cu il üzrə 2-ci dərəcə əlillik təyin edilmişdir. Bu halda, müddətsiz əlillik dərəcəsi verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati orqanın birbaşa vəzifəsi olmuşdur. Kollegiya həmçninin bildirir ki, cavabdeh orqan apelyasiya şikayətində elektron sistemdə yalnız 2003 və 2014-cü ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcud olduğundan, iddiaçı barəsində olan məlumatların həqiqəti əks etdirməsinin şübhə altında olmasını qeyd etsə də, bu mövqe mülahizə xarakterli olmaqla, hər hansı dəlillə əsaslandırılmamışdır. Göründüyü kimi, işin yuxarıda qeyd edilən faktiki halları, 2014-cü ildə iddiaçıya əlilliyin 1 il müddətinə təyin edilməsinə dair elektron sistemdə qeyd edilən məlumatın yanlışlıq olması nəticəsinə gəlməyə dəlalət edir. Beləliklə, məhkəmə baxışı zamanı cavabdeh orqan tərəfindən 02.04.2014-cü ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin təyin edilmə müddətinin bir il olaraq qeydə alınmasının qanunsuzluğu və əsassızlığı müəyyən edilir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə isə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-6160/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1544/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1544/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver