Məhkəmə qərarları › İş №2-1(103)-1545/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1545/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1545/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrinin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4178/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin100/969ş saylı 22.10.2015-ci il tarixli əmrinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı 10.05.2001-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə gömrükxanasına inspektor vəzifəsinə təyin edilmiş və xidmət etdiyi dövr ərzində tutduğu vəzifəyə məsuliyyətlə yanaşmışdır. Lakin 2015-ci il tarixindən etibarən onunla rəhbərlik arasında münasibətlər pisləşmiş və nəticədə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndində göstərilmiş əsaslarla İddiaçı əmək fəaliyyətinə xitam verilmişdir. O, həmin əmrin əsassız olduğuna dair dəfələrlə cavabdehə və müvafiq dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi onun son müraciətinə 14.12.2020-ci il tarixli məktub ilə cavabında bildirmişdi ki, hazırda gömrük orqanlarına xidmətə bərpa olunması üçün heç bir hüquqi əsas mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4178/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4178/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqan tərəfindən işdənçıxma əmrinin və əmək kitabçasının ona nə vaxt verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. O da iddia müddətinin ötürülməsinin bərpa edilməsi barədə vəsatətdə dəfərlərlə işə bərpası ilə əlaqədar cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olduğunu və məsələnin sülh yolu ilə həll olunmasına çalışdığını göstərmişdir. Lakin məhkəmə tərəfindən işin bu halları nəzərə alınmamış, iddia müddətinin bərpası barədə ərizədə göstərilmiş halları sübut edəcək hər hansı faktın təqdim edilməməsi göstərilməmişdir. O, həmişə mübahisənin sülh yolu ilə həll olunacağını fikirləşirdi. Bu səbəbdən də iddia ilə əlaqədar hər hansı sübut toplamasını fikirləşməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında Komitənin 100/097 saylı 6 iyul 2015-ci il tarixli sərəncamına əsasən hazırda ləğv edilmiş Gəncə Gömrük İdarəsində aparılmış auditin nəticəsinə əsasən Komitənin 100/969ş saylı 28 oktyabr 2015-ci il tarixli əmri ilə “Gömrük oranlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən İddiaçı gömrük orqanlarından xaric edildiyini və onun gömrük orqanlarında xidmətinə xitam verildiyini bildirmişdir. Hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddiaçı iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 09 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddiası 100/969ş saylı 22.10.2015-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilmə vəsifəsinin cavabdehin üzərinə qoyulması barədədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin verilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etmiş və bununla bağlı iddiaçı məhkəməyə müddətin bərpası barədə ərizə vermişdir. İş üzrə iddiaçı müddətin bərpa edilməsi barədə ərizəsini onunla əsaslandırmışdı ki, bu müddət ərzində cavabdeh orqanla danışıqlar aparmış, gömrük orqanının rəhbər şəxslərinin qəbulunda olmuş, mübahisənin qarşılıqlı razılıqla həll edilməsinə cəhd göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşə baxan məhkəmə iddiaçının “müddətin bərpa edilməsi” barədə ərizəsində göstərdiyi dəlili ən azı 5 ildir ki, ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürülübötürülməməsi ilə bağlıdır. İşə baxan birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində “müddətin bərpa edilməsi” barədə ərizədə göstərilən dəlilləri əsassız hesab edərək və inzibati aktın qəbulundan 5 il müddətin keçdiyini vurğulayaraq iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsinin “iddia müddətinin ötürülməsi ilə bağlı iddianın qeyri-mümkün sayılması” barədə gəldiyi nəticə ilə razılaşsa da, qeyd edir ki, məhkəmə öz qərardadının əsaslandırıcı hissəsində iddiaçının “müddətin bərpa edilməsi” barədə ərizəsinə münasibət bildirsə də, həmin qərardadın nəticə hissəsində ərizənin təmin və ya rədd edildiyini göstərməmişdir. Buna görə də Kollegiya iddia müddətinin üzrsüz səbəblərlə ötürüldüyünü nəzərə alaraq iddianın qeyri-mümkün sayılması ilə razılaşsa da, hesab edir ki, müddətin bərpasına dair ərizənin həll edilməsi qərardadın nəticə hissəsində öz əksini tapmadığı üçün qərardad dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4178/2021 saylı 02 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilsin. İddiaçı tərəfindən verilmiş “müddətin bərpa edilməsi” barədə ərizə rədd edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar