Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1545/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüqüqunun qeydiyyata alınıb çıxarış və plan-ölçünün verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9752/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 106v nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 26 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə onun arasında imzalanmış 37087 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 106V saylı bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin bağ sahəsi hazırda onun istifadəsindədir. Bağ sahəsi dörd tərəfdən mişar daşı ilə hasara alınmışdır. Həmin müqavilədən görünür ki, qeyd olunan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 26 nömrəli sərəncamına əsasən ona verilmişdir. O, həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin bağ sahəsinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi 16b saylı bağ sahəsinin bir hissəsinə uyğundur. Bundan başqa iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqqında” Qanunun 8-ci maddəsində nəzərədə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9752/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 26 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37087 nömrəli müqavilə ilə iddiaçıya verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 106v nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2022-ci il tarixdə idarəyə müraciət etmişdir.Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddia olunan bağ sahəsi “106b” saylı bağın bir hissəsinə uyğun gəlir. Bundan başqa iddiaçı tərəfindən müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan “106v” saylı bağ sahəsinə dair 37087 nömrəli müqavilə İdarənin arxivində aşkar olunmamışdır. Əlavə olaraq bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, icarə müqaviləsinin əslini məhkəməyə təqdim edərək, bağ sahəsinin hasara alındğını və orada heyvan saxlamaq üçün tövlə tikildiyini, torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 106v nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün tərtib olunub verilməsini tələb etmişdir. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37087 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, XaşaXuna ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 106v saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 26 nömrəli sərəncamının arxiv çıxarışından görünür ki, X2 və İstismarı Birliyinin «Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi barədə» xx.xx.2006-cı il tarixli 107 nömrəli protokolu təsdiq edilmiş, Xaşa-Xuna ərazisindəki 106 nömrəli bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi, mübahisələndirilən bağ sahəsinin iddiaçının icarəsinə qanuni əsaslarla verilmiş və bu arxiv məlumatları ilə təsdiq olunur. Cavabdehin, imtina məktubunda, iddia ərizəsinə etirazıda və hazırkı apellyasiya şikayətinin dəlillərində bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtinasının yeganə səbəbi kimi, bütün oxşar mübahisələrdə olduğu kimi, iddiaçının istifadəsində olan həmin torpaq sahəsinin yerləşməsinə görə bağların sxematik xərtiəsinə uyğun gəlmədyi, digər (“106b” )bağ sahəsinə uyğun gəldiyini mübahisələndirməsinə gəldikdə, birincisi, bağ sahəsi iddiaçının icarəsinə verildiyi 2006-cı ildən hal-hazıradək onun faktiki istifadəsində olması və ona qarşı bu günə qədər, istər qonşu bağ sahibləri, istərsə də digər üçüncü şəxslər tərəfindən hər hansı mübahisə qaldırılmamışdır. Həm də buna əsas da yoxdur. Çünki, həmin vaxt sxematik xəritənin, bölünmüş bağların naturada yerləşmə vəziyyətinə uyğun tərtib olunub-olunmadığı özü qeyri-müəyyəndir. İddiaçının bağ sahasinin həmin sxematik xəritə ilə həmin uyğunsuzluğu isə onun bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hüquqların dövlət qeydiyyatından imtina hallarının təsbit olunduğu 15-ci maddəsində qeyd olunan əsasla qeydiyyatdan imtinada nəzərdə tutulmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərədə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qeydiyyat orqanı olaraq, qanunvericiliyin qeyd olunan tələblərinə varmadan “sxamatik xəritəyə uyğunsuzluq” adı altında laqeyid ifadə formasında, “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinin tələbi baxımından, artıq həmin torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilmiş iddiaçıya bağ saəhsinin onun adına qeydiyyata alınmasından yayınır. Belə ki, həmin Qanunun 9-cu maddəsi nəzərədə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.7-ci maddəsi isə nəzərədə tutur ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi əsası ilə iddiaçının adına qeydiyyatdan imtina etməsi onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən də görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9752/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9752/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1545/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1545/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver