Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1545/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7900/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş 35.000 manat məbləğində, ona və ailə üzvlərinə dəymiş 15.000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 50.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-7900/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci dərəcəli kapitan rütbəsində ehtiyatda olan zabitdir. Cavabdehin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət müddəti ərzində 2002-ci ilin oktyabrından 2004-cü ilin aprel ayına kimi X2 ingilis dili kursunu, sonra isə “Beynəlxalq dəniz zabiti” kursunu bitirmişdir. 2004-cü ilin may ayından oktyabr ayına kimi Almaniyada Dəniz ixtisası üzrə, iti sürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah kurslarını bitirmişdir. Həmçinin 2008-ci ildə NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində fərdi əməkaşlıq planı üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsində 1 ay müddətinə iştirak etmişdir. Xidmət dövründə ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Bəhreyn, Pakistan, Kanada, Fransa, İtaliya, Çexiya, Rusiya, İran və s.) simpozium və s. kurslarda iştirak etmişdir. 15 avqust 2020-ci il tarixində cavabdeh inzibati orqanın müvafiq əmri ilə aşağı vəzifəyə, yəni N saylı hərbi hissənin Dəniz müşahidə şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Buna da əsas kimi N saylı hərbi hissənin komandirinin Müdafiə Nazirliyinə göndərdiyi saxta təqdimat göstərilir. Halbuki, cavabdeh orqan göndərilən təqdimatın həqiqətə uyğun olub-olmamağını öz vəzifə borcuna görə yoxlamalı, bu qədər xidmətləri olan, xarici ölkələrdə çoxsaylı kursları bitirmiş, hökumətlərarası komissiyaların üzvü olan hazırlıqlı zabitin saxta ittihamlarla aşağı vəzifəyə keçirilməsinə göz yummamalı idi. N saylı hərbi hissənin komandirinin qanunsuz hərəkətləri nəticəsində iddiaçı “1-ci dərəcəli kapitan” hərbi rütbəsini ala bilməmiş, bunun nəticəsində də əlavə yaşayış sahəsi almaq hüququndan məhrum olunmuşdur. Bundan əlavə, N saylı hərbi hissə komandanlığı onu və ailəsini yaşayış hüququndan qanunsuz şəkildə məhrum etmək istəmişdir. Buna görə də uzun müddət ərzində psixoloji təzyiqlərə məruz qalmışlar. Bütün bunları nəzərə alaraq həm N saylı hərbi hissəyə, həm də cavabdeh müraciətlər edərək ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqandan daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “eyni zamanda müraciətinizdə göstərilən növbəti hərbi rütbənin verilməməsi ilə bağlı, Sizə və ailənizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarında öz əksini tapmamışdır. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutuimuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır”. Cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi iiə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarla iddianı təmin etməmişdir. Məhkəmə hazırki işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan Ali Məhkəmənin qüvvəyə minmiş və iddiaçının xeyrinə olan halları nəzərə almayaraq formal “Töhmət” cəzasını bəhanə edərək qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə «iddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri özlüyündə iddiaçının növbəti hərbi rütbə almaqdan məhrum etməmişdir» qənaətinə gələrkən səhvə yol vermiş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Əvvəla, iddiaçının aşağı vəzifəyə keçirilməsinin qanunsuz olması artıq Ali Məhkəmənin qüvvəyə minmiş qərarı ilə sübuta yetirilmiş faktdır. O, əvvəlki vəzifədə qalaraq növbəti rütbə və əlavə yaşayış sahəsi də ala bilərdi. İkincisi, məhkəmə öz qərarında cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi psixoloji sarsıntılara, sağlamlığına dəymiş zərərə ümumiyyətlə heç bir münasibət göstərməmişdir. Halbuki, iddiaçı Ali Məhkəmənin qüvvəyə minmiş qərarları ilə sübut olunmuş cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığını itirmiş və həmin hərəkətlər sağlamlığına ciddi və davamlı şəkildə ziyan vurmaqda davam edir. 2023-cü ilin dekabr ayında Bakı Sağlamlıq Mərkəzində açıq ürək əməliyyatı keçirməsi də buna sübutdur. Belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaət də absurd, qəbul etdiyi qərar isə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən “iddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri özlüyündə iddiaçının növbəti hərbi rütbə almaqdan məhrum etməmişdir. Belə ki, iddiaçının “2-ci dərəcəli kapitan’’ hərbi rütbəsində müəyyən edilmiş xidmət müddəti başa çatdığı vaxt ləğv edilməmiş (iddiaçı tərəfindən məlumatlı olduğu vaxt belə mübahisələndirilməmiş) “töhmət” intizam cəzası olduğundan iddiaçı növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versə də, növbəti hərbi rütbə verilməsinə təqdim olunmaması “Hərbi xidmətkeçmə haqqında” Əsasanamənin tələblərinə uyğun olmuşdur” qənaətinə gələrkən yanlış arqument əsasında səhv qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Qərarda qeyd edilir ki, “göstərilən intizam cəzalarına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qəran ilə hüquqi qiymət verildiyinə dair iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin intizam cəzaları ləğv edilməmiş, “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzasının qanunsuzluğu həmin qərarda şərh olunsa da, “töhmət” verilməsi barədə əmrin qanunsuzluğu ilə bağlı hər hansı hüquqi qiymət verilməmişdir”. Məhkəmənin bu cür qənaətə gəlməsi absurd olmaqla heyrət doğurur. Əgər məhkəmə onun aşağı vəzifəyə keçirilməsinə dair əmri qanunsuz hesab edərək ləğv etmişdirsə, həmin əmrin verilməsi üçün əsas kimi göstərilən “Töhmət” cəzası da artıq qanunsuz hesab olunur. Məhkəmə qərarın əsaslandırma hissəsinin yekunu olaraq toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab etmişdir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən yanlışlığa yol vermişdir. Həmin nəticəyə gəlməzdən öncə məhkəmə iddiaçının qanunsuz olaraq aşağı vəzifəyə keçirildiyini, həmin əmrin verilməsi üçün qanunsuz cəzaların yazılmasını, qanunsuz əmr məhkəmə qaydasında ləğv olunduqdan sonra həmin cəzanın da əhəmiyyətini itirməsi faktına göz yummuşdur. İddiaçının mənzil hüququndan məhrum olunması ilə bağlı Ali Məhkəməyədək davam etmiş məhkəmə proseslərini, qüvvəyə minmiş qərarı, bütün bu müddət ərzində ailəsinin keçirdiyi psixoloji sarsıntı və depressiyaları gözardına alaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş madi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciətinizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Müraciətinizin vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində aşağı vəzifəyə keçirilməyinizlə bağlı hissəsində bildirilir ki, qeyd olunan inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-2270/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburi olaraq təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda müraciətinizdə göstərilən, növbəti hərbi rütbənin verilməməsi ilə bağlı, Sizə və ailənizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması Sizə izah olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 1/2439 saylı məktubdan görünür ki, ehtiyatda olan 2-ci dərəcəl kapitan İddiaçı “2-ci dərəcəli kapitan” hərbi rütbəsi Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmri ilə “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə əsasən vaxtından əvvəl verilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıllıq qaydasında, onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə xidmət etdikləri hərbi hissələrdən təqdim olunmuş təqdimatlar əsasında verilir. Ehtiyatda olan 2-ci dərəcəli kapitan İddiaçı xidmət keçdiyi N nömrəli hərbi hissədən növbəti hərbi rütbənin verilməsi barədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1454 nömrəli məktubundan görünür ki, ehtiyatda olan 2-ci dərəcəli kapitan İddiaçı sonuncu dəfə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə “Vaxtından əvvəl 2-ci dərəcəli kapitan” hərbi rütbəsi verilmişdir. İddiaçı “Növbəti 1-ci dərəcəli kapitan” hərbi rütbənin verilməsi üçün təqdimatın göndərilməməsinin səbəbi İddiaçı götürülməmiş (xx.xx.2020-ci il tarixdə Verilmiş əmr və tapşırığı vaxtında icra etmədiyinə görə N №-li hərbi hissə komandiri tərəfindən “Töhmət”; xx.xx.2020-ci il tarixdə Xidmət zamanı buraxdığı nöqsanlara, tabeliyində olanlara zəif nəzarət etdiyinə və vəzifə borclarının icrasına laqeyid yanaşdığına görə N №-li hərbi hissə komandiri tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”) intizam cəzaları olduğu üçün təqdimat yuxarı kadr orqanına göndərilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 43-cü bəndinə əsasən hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər. Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir. Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti, müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun. 44-cü bəndinə əsasən intizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı “2-ci dərəcəli kapitan” hərbi rütbəsi Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmri ilə “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə əsasən vaxtından əvvəl verilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə müvafiq olaraq iddiaçının işgüzar keyfiyyətləri nəzərə alınaraq iddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmr vermişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə), həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasanamənin tələblərinə əsasən, hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıllıq qaydasında, onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsi hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə xidmət etdikləri hərbi hissələrdən təqdim edilmiş təqdimatlar əsasında verilir. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya xidmət keçdiyi N nömrəli hərbi hissədən növbəti hərbi rütbənin verilməsi barədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya növbəti hərbi rütbənin verilməsi üçün təqdimatın göndərilməməsinin səbəbi onun götürülməmiş (xx.xx.2020-ci il tarixdə Verilmiş əmr və tapşırığı vaxtında icra etmədiyinə görə N №-li hərbi hissə komandiri tərəfindən “Töhmət”; xx.xx.2020-ci il tarixdə Xidmət zamanı buraxdığı nöqsanlara, tabeliyində olanlara zəif nəzarət etdiyinə və vəzifə borclarının icrasına laqeyid yanaşdığına görə N №-li hərbi hissə komandiri tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”) intizam cəzalarının olmasıdır. Həmin intizam cəzaları ləğv edilməmiş, “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzasının qanunsuzluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında şərh olunsa da, “töhmət” verilməsi barədə əmrin qanunsuzluğu ilə bağlı hər hansı hüquqi qiymət verilməmişdir. Bundan əlavə həmin qərarda iddiaçının özünün bildirdiklərinə əsasən 14 avqust 2020-ci ildə töhmət verilməsi barədə əmrdən məlumatlı olması göstərilmişdir. Göründüyü kimi, iddiaçı 02 iyun 2020-ci il tarixli “töhmət” verilməsi barədə əmrdən məlumatlı olsa da mübahisələndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının barəsində qüvvədə olan intizam cəzaları olduğundan, hətta məhkəmə tərəfindən ləğv edilən əmr olmasaydı belə, yəni iddiaçı növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versə də, növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınacaqdı. İddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri özlüyündə iddiaçının növbəti hərbi rütbə almaqdan məhrum etməmişdir. Belə ki, iddiaçının “2-ci dərəcəli kapitan” hərbi rütbəsində müəyyən edilmiş xidmət müddəti başa çatdığı vaxt ləğv edilməmiş “töhmət” intizam cəzası olduğundan iddiaçı növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versə də, növbəti hərbi rütbə verilməsinə təqdim olunmaması “Hərbi xidmətkeçmə haqqında” Əsasanamənin tələblərinə uyğun olmuşdur. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7900/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1545/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1545/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver