Məhkəmə qərarları › İş №2-1(103)-1545/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1545/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1545/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sabiq dövlət qulluqçusunu ailə üzvü kimi ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi haqqında ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və 15 il 4 ay 15 gün dövlət qulluğu stajı nəzərə alınmaqla əvvəlki pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ilə nikaha daxil olmuşdur. Vaqif Hüseynov xx.xx.1967-ci ildən xx.xx.1975-ci ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində baş iqtisadçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər həmin Nazirlikdə baş iqtisadçı, xx.xx.1975- ci ildən xx.xx.1981- ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti Baş Quşçuluq Sənaye İdarəsində (Azərbbaşquşçuluqsənaye İdarəsi) maliyyə plan şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin işlədiyi illər üzrə Vaqif Hüseynova dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaqif Hüseynov xx.xx.2018-ci ildə vəfat etmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən ona sabiq dövlət qulluqçusunun arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin may ayına qədər pensiya məbləğinin ödənişində hər hansı problem olmamışdır. Lakin may ayının ödənişi zamanı pensiya məbləğinin əhəmiyyətli şəkildə azalması müşahidə edilmişdir. Bununa paralel olaraq cavabdeh orqan tərəfindən inzibati icraat qaydasında araşdırılma aparılması başlanılmış və həmin araşdırmaya rəsmi məktubla dəvət edilmişdir. İdarənin qəbul şöbəsində olarkən ona şifahi olaraq bildirilmişdir ki, vaxtilə əri Vaqif Hüseynova pensiya təynatı zamanı onun dövlət qulluğundakı iş stajı düzgün şəkildə hesablanmamış və bunun nəticəsində də ona, eləcə də iddiaçıya əsassız olaraq artıq pensiya məbləği ödənilmişdir. Bu əsasdan cavabdeh orqan ona təyin edilmiş pensiya məbləğini əsassız olaraq azaltmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10147/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə müvafiq sorğu verilmiş, Mərkəz məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 9-3/2-2631/2024 nömrəli məktubunda vəfat etmiş şəxsin dövlət büdcəsi hesabına və ya təsərrüfat hesabına maliyələşən qurumda işləməsinə dair cavab verilmişdir. Məktubda qeyd edilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1967-1975-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində iş müddətilə bağlı bildiririk ki, həmin illərdə adıçəkilən Nazirliyinin strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy bildirmək mümkün olmamışdır. Məhkəmə isə öz qərarını yalnız cavabdehin təqdim etdiyi hesablama və uyğunlaşdırma əsasında qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edərkən mərhum V.Hüseynovun qulluq stajını xx.xx.1961-xx.xx.1962-ci illər, xx.xx.1967-xx.xx.1975-ci illər, xx.xx.1975- xx.xx.1981-ci illər daxil olmaqla, 15 il 4 ay 15 gün müəyyən etmiş və həmin qulluq stajı nəzərə alınmaqla pensiyanın məbləğini hesablamışdır. İddiaçı ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciəti araşdırarkən mərhum V.Hüseynovun qulluq stajının düzgün hesablanmadığını aşkar etdiyindən ona təyin edilmiş əmək pensiyasının məbləğini azaltmışdır. Cavabdeh müəyyən etmişdir ki, mərhum V.Hüseynovun işlədiyi müddət içərisində yalnız xx.xx.1961-xx.xx.1962-ci illər, xx.xx.1967-xx.xx.1975-ci illər onun qulluq stajına daxil edilməlidir ki, bu da ümumilikdə 9 il 6 ay 29 gün edir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərək iddiaçının pensiya məbləği azaldılmışdır. İddiaçı sözügedən qərarla razılaşmayaraq, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “..... Göründüyü kimi, Siyahının 1-ci hissəsi ilə uyğunlaşdırma Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatındakı qurumlara və ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələrə yalnız 1991-ci il oktyabrın 18-dək olan müddət üzrə şamil edilmişdir. İş materiallarından görünür ki, mərhum V.Hüseynovun işlədiyi qurum bu meyarlara cavab verməmişdir. Belə ki, iddiaçının 1975-1981-ci illərdə işlədiyi Quşçuluq Sənaye İdarəsi yuxarıda istinad olunan Fərmanın 1.16-cı bəndində nəzərdə tutulduğu kimi büdcədən maliyyələşən deyil, təsərrüfat hesablı təşkilat olmuşdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını vəya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbuletdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İşin mübahisələndirilməyən hallarından aydındır ki, iddiaçının mərhum əri xx.xx.1967ci ildən xx.xx.1975-ci ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində baş iqtisadçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər həmin Nazirlikdə baş iqtisadçı, xx.xx.1975- ci ildən xx.xx.1981-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti Baş Quşçuluq Sənaye İdarəsində (Azərbbaşquşçuluqsənaye İdarəsi) maliyyə plan şöbəsinin rəisi vəzifəsində işləmişdir və ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Daha sonra isə iddiaçının əri X2 xx.xx.2018-ci il tarixində ölmüş, bundan sonra iddiaçıya xx.xx.2018-ci il tarixində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında da hansı hallara görə 2018-cu il tarixində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 06 may 2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Kollegiya bir daha vurğulayır ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Qeyd olunanalara əsasasən Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İzibati Мəhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin olunmalıdır. Kollegiyanın hazırkı mövqeyi oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadənin sədrliyi ilə qəbul edilmiş vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10147/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilsin və 15 il 4 ay 15 gün dövlət qulluğu stajı nəzərə alınmaqla iddiaçının əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar