Məhkəmə qərarları › İş №2-1(103)-1546/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1546/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1546/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planının surətindən görünür ki, “Gəmitəmirçisi” BYC-nin sahəsində yerləşən M-20 saylı bağ sahəsi İddiaçı istifadəsindədir (12.06.2021-ci il tarixdə təsdiq edilmişdir.). “GəmiTəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 12.06.2021-ci il tarixli BY-66 nömrəli arayışının və üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin M-20 saylı bağ sahəsinin istifadəçisidir (12.06.2021-ci il tarixdə təsdiq edilmişdir.). İddiaçı X5 istifadəsində olan bağ sahəsinə çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********73 saylı 05.07.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin “Gəmitəmirçisi” bağçılıqyoldaşlıq tərəfindən verilmiş üzvlük kitabçasında sərəncam 2021-ci ildə yeni möhürlə möhürlənmişdir. Əlavə olaraq, “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsnin 01.03.2021-ci il tarixli 2(102)-2413/2021 saylı işi üzrə bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 005 ha torpaq sahəsi olan M-20 saylı bağ sahəsinə onun mülkiyyət hüquqlarının dövlər reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Gəmitəmirçi” Bağçılıq-Yoldaşlıq Cəmiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0,05 ha torpaq sahəsi olan M-20 saylı bağ sahəsi ona ayrılmış, həmin bağ sahəsi hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıqyoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin təqdim olunan sənədlər 2021-ci ildə yeni möhürlə təsdiq edilmişdir. “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsi vardır, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********73 saylı 05.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.05 ha, faktiki 0,0523 ha-dır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 1987-ci ildə Bakı İcraiyyə Sovetinin qərarı ilə işlədiyi X6 Dadaş Bünyadzadə adına gəmi təmiri zavoduna Hövsan qəsəbəsinin bağçılıq massivində növbəlik əsasında püşk atma yolu ilə M-20 saylı sahəsi 0.05 ha olmaqla bağ sahəsi verilmişdir. Bağ evinin tikilməsi üçün ona bank tərəfindən 4200 rubl ssuda (kredit) ayrılmışdır. Zavodda bağ evinin tikilməsi üçün onun adına sitarış açılmışdır. Zavodun tikinti sahəsinin iştirakı ilə pulu nağd kassaya ödəmək şərtilə bağ evi 1995-ci ildə yekunlaşmışdır. Aldığı krediti vaxtında banka ödəmişdir. Bütün tikinti materiallarının pulunu kassaya ödəməklə zavod tərəfindən bağ sahəsi ona verilmişdir. Bağ sahəsi və bağ evi hal-hazıra kimi onun istifadəsindədir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 05.07.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 19.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 005 ha torpaq sahəsi olan M-20 saylı bağ sahəsinə onun mülkiyyət hüquqlarının dövlər reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” barədədir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun adının sözügedən bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının istinad etdiyi “Bağçının üzvlük kitabçası”nın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyinin müəyyən edilmədiyinə, həmin üzvlük kitabçasının iddiaçının iddialı olduğu 0,05 ha M-20 saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməsinə, onun iddialı olduğu bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübutun (hüquqmüəyyənedici sənəd) təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Göründüyü kimi, qanunvericiliyin tələbə əsasən bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Hazırki işdə iddiaçı tələbinin əsası olaraq məhkəməyə bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri tərəfindən 2021-ci ildə imzalanmış və möhürlə təsdiq edilmiş üzvlük kitabçasını təqdim etmişdir. Həmin kitabçada cəmiyyət üzvlərinin iclasının protokolu barədə hər hansı məlumat əks olunmamışdır. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.09.2021-ci il tarixli məktubundan görünür ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.05 ha torpaq sahəsi olan M-20 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin məktuba əlavə edilmiş, “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısının təsdiq edilmiş surətində İddiaçı adı aşkar edilməmişdir. Beləliklə, iş üzrə iddiaçının istifadəsində olduğu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi bağ sahəsinin ona adı çəkilən üzvlük kitabçası əsasında verildiyi bildirilsə də, qanunun tələbinə görə həmin üzvlük kitabçasının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən olunmur. Bundan başqa iddiaçı həmin bağ sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd qismində digər sübutları, məsələn: müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ona ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsini, sərəncam və orderi; üzvlərin iclasının protokolundan çıxarışı təqdim edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi üzvlük kitabçasının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi sübuta yetirilmədiyindən, yəni birinci instansiya məhkəməsinə sorğu əsasında təqdim olunmuş sənədlər sırasında iddiaçının adı olmadığı səbəbindən bu barədə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Bu baxımdan iddiaçının “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı vəsatəti də təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar