Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1546/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “məlumat vərəqəsinin yenilənməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)- 6026/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “məlumat vərəqəsinin yenilənməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı vəsatət verərək Xarici İşlər Nazirliyinin də cavabdeh qismində cəlb edilməsini, məhkəmənin qərardadı ilə Nazirlik cavabdeh qismində cəlb edilmiş, eyni zamanda məhkəmə qərardadı ilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filial üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinə 2023-cü ilin mart və sentyabr aylarında dəqiqləşmələr vermiş, sədrlik edən iddia tələbinin onun hüquqi marağına uyğun olaraq yenidən dəqiqləşdirilməsini iddiaçıya təklif etmişdir. Həmin təklifə uyğun olaraq iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq artırılması üçün mərhum yoldaşının Səfirlikdə işlədiyi zaman aldığı vəzifə maaşı (2940 avro) barədə məlumatların da daxil edilməklə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti üzrə həmin məlumat vərəqəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilməsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsini, Xarici İşlər Nazirliyi və Filialın üçüncü şəxs qismində müəyyən edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşının Azərbaycan Respublikası Səfirliyinin ikinci katibi vəzifəsində, Xarici İşlər Nazirliyinin ikinci katibi vəzifəsində xarici ölkədən işləməsi nəzərə alınmadan ona pensiya təyin edilmişdir. Halbuki Nazirlik tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının həyat yoldaşı həmin vəzifələrdə işləmiş əmək haqqı almışdır. Lakin, pensiya təyini üçün əsas olan məlumat vərəqində həmin hallar nəzərə alınmadığından iddiaçının pensiyası düzgün hesablanmamışdır. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-6026/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, cavabdeh iddiaçının həyat yoldaşının səfirliyin ikinci katibi vəzifəsində aldığı əmək haqqının (2940 avro) məlumat vərəqəsində təqdim edilməməli olmasını heç vaxt həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqqlarının tutulmaması ilə əsaslandırmamışdir. Ümumiyyətlə, cavabdeh bunu mübahisələndirməmiş, bu mövzuya toxunmamış, sadəcə olaraq, iddiaçının həyat yoldaşı T.H.Qurbanovun 2012-ci ilin aprel ayınadək, yəni onun Xarici İşlər Nazirliyinə ezam olunduğu vaxtadək Milli Təhlükəsizlik Nazirliyində aldığı təminat xərcliyinə uyğun olan «Məlumat Vərəqi»ni tərtib etməklə kifayətlənmişdir. Mövcud yazışmaların məzmunları da bunu təsdiq edir. Cavabdehin məhkəmədə iştirak etmiş nümayəndəsi də qeyd olunan məsələlərə toxunmamışdır, ikincisi, məhkəmənin «cavabdehin mövcud olmayan əsaslandırması»nı Konstitususiya Məhkəməsinin qərarında qeyd olunan hüquqi mövqe baxımından əsaslı hesab etməsinin özü də, qanunçuluq baxımından əsassızdır. Belə ki, məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarını 25 iyul 2013-cü ildə yaranmış hüquq münasibətə şamil etməsi Azərbaycan Raspublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Həmin konstitusiya normasına görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir?). Üçüncüsü, məhkəmənin öz mövqeyini əsaslandırmaq üçün iddiaçının həyat yoldaşı kateqoriyasında olan şəxslərin xarici ölkədə aldığı əmək haqqından, yəni indiki halda avro ilə edilən ödənişlərdən məcburi dövlət sosial sığorta ayırmaları ödənilməməsi faktını vurğulaması məsələnin mahiyyətini dəyişmir, məhkəmənin qanunsuz və əsassız qərar qəbul etməsinə haqq qazandırmır. Belə ki, sığorta ayırmalarının ödənilməməsi ödənişdən yayınma ilə deyil, o zaman qüvvədə olan qanunvericilik norması ilə bağlı olmuşdur. «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 2022-ci ilin sonunadək qüvvədə olmuş 23.4-cü maddəsilə (çıxarış əlavə olunur) müəyyən edildiyi kimi, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənirdi. Lakim məhkəmə bu qanun normasını görmür, yaxud görmək istəmir, əvəzində, yuxarıda göstərildiyi kimi, «Diplomatik xidmət haqqında» Qanunun qüvvədə olmayan 23.5-ci maddəsinə istinad etməklə çıxardığı qanunsuz qərara haqq qazandırmağa çalışır. Dördüncüsü, məhkəmə qərarının əsaslandırma hissəsinin, «işin faktiki halları və qanunvericilik normalarınından da göründüyü kimi iddiaçının həyat yoldaşından həmin məcburi dövlət sosial sığorta haqqları tutulmamışdır ki, qeyd olunan səbəbdən də məlumat vərəqəsində əmək haqqı barədə məlumatın daxil edilməməsi barədə cavabdehin mövqeyi qanuni əsaslı olmuş, iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir)) məzmunlu yekun cümləsi subyektiv fikir ifadəsi sayıla bilər. Belə ki, qanundan başqa nəyə desən əsaslanır. İzah etmək lazım gəlir ki, məcburi dövlət sosial sığorta haqqlarının əsas hissəsi, yəni 22% həcmində olan hissəsi işçidən (o cümlədən iddiaçının həyat yoldaşından) deyil, işçinin çalışdığı təşkilatdan tutulur. Yəni işçinin çalışdığı təşkilat DSMF-yə işçinin əmək haqqının 25%-i həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyir. Həmin ödınişin ancaq 3%-i işçidən tutulur. Qalan hissəsini isə həmin təşkilat ödəyir. Əgər dövlətin qanunu ilə bu və ya digər təşkilat məcburi dövlət sosial sığorta haqqının ödənişindən azad edilirsə bu işçinin pensiya hüququndan məhrum edilməsinə dəlalət etmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının həyat yoldaşının səfirliyin ikinci katibi vəzifəsində aldığı əmək haqqı məbləğinin (2940 avro) məlumat vərəqəsinə daxil edilməsi ümumiyyətlə müzakirə mövzusu olmamışdır. Odur ki, iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunun sübut edildiyindən bəhs etmək yersizdir. Burada sübut edilmiş bir şey varsa, o da məhkəmənin yekun qərarının qanunsuz və əsassız olmasıdır. Beşincisi, vəfat etmiş hərbi qulluqçunun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (övladlarına) pensiya hüququnun yaranmasının mərhumun xidmət müddəti ilə (bu da öz növbəsində, sığorta stajı ilə) şərtləndirilməsi qanunsuz və əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsilə müəyyən edildiyi kimi, «hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə AR Xarici İşlər Nazirliyinin və AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili qismində iştirak etmiş Vəkil ərizə ünvanlayaraq, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Diplomatik xidmət haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. -23.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. -Hazırda qüvvədən düşmüş 23.4-cü maddəyə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. -23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1- ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - , Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. -2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının həyat yoldaşının ikinci katib vəzifəsində aldığı əmək haqqının (2940 avro) nəzərə alınmaqla məlumat vərəqisinin yenidən tərtib edilərək əmək pensiyasının artırılması üçün pensiya orqanına göndərilməsi ilə bağlıdır. İddiaçı həmin ödənişlərin nəzərə alınmalı olmasını iddia edərkən, cavabdeh məlumat vərəqəsində həmin məlumatların təqdim edilməməli olmasını onunla əsaslandırır ki, həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamışdır. Cavabdeh inzibati orqanın imtinasını əsaslı, apellyasiya şikayətinin dəlillərinə əsassız hesab edən kollegiya qeyd edir ki, yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir; Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir; Rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı məcburi dövlət sosial sığorta haqqı gəlir növlərinə aiddir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2- ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qeyd edilən hüquq normalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Lakin göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Qanunun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından, eləcə normaların məzmunundan aydın olur ki, iddiaçının həyat yoldaşı kateqoriyasında olan şəxslərin xarici ölkədə aldığı əmək haqqından, yəni indiki halda avro ilə edilən ödənişlərdən məcburi dövlət sosial sığorta ayırmaları həmin dövrdə həyata keçirilməmişdir. İddiaçının həyat yoldaşının almış olduğu əmək haqqısının 50 faizi saxlanılmaqla sığorta ödəmələri qüvvədə olmuş Diplomatik xidmət haqqında Qanunun 23.5-ci maddəsinə əsasən tutulmuşdur ki, həmin tutulma 2940 avro məbləğində xarici ölkədə xidməti ilə bağlı ödənilən əmək haqqına aid olmamışdır. Halbuki, Konstitusiya Məhkəməsinin qərarından da aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Əgər əmək haqqından məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi nəzərdə tutulmamışdırsa, dövlətin kompensasiya məqsədi ilə hər hansı ödənişindən də söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-804/2020, xx.xx.2020-ci il tarixli qərarında mövqe bu cür olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2-1(112)-6026/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1546/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1546/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver