Məhkəmə qərarları › İş №2-1(103)-1546/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1546/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1546/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-ci il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.

2. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: - xx.xx.1978-ci il tarixdə Kəlbəcər elektrik şəbəkəsi Mex.və nəqliyyata çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə kadrlar üzrə baş müfəttiş keçirilmiş, xx.xx.1992-ci il tarixdə Kəlbəcər el.Şəbəkəsinə direktorun köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixdə işdən azad edilmiş; (14 il 02 ay 27 gün) - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Kəlbəcər rayon təsərrüfat hesablı avtoqaraja rəis vəzifəsində işləmiş; (01 il 07 ay 12 gün) - xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Ağdərə” kiçik müəssisəsində direktor müavini işləmiş; (01 il 09 ay 24 gün) - xx.xx.1996-cı il tarixdənn xx.xx.1999-cu il tarixədək Kəlbəcər elektrik şəbəkəsində direktor; (02 il 08 ay 29 gün) - xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Gəncə elektrik şəbəkəsi Daşkəsən şəbəkə rayonunda rəis; (04 ay) - xx.xx.1999-cu il tarixdən xx.xx.2000-cı il tarixədək Gəncə elektrik şəbəkəsi Daşkəsən şəbəkəsində rəis; (01 il 02 ay 03 gün) - xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DOST X8 rayonunda köməkçi işləmişdir. (02 ay 03 gün)

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarı ilə təsdiq olunmuş iş dövrünü əmək kitabçasında olan dövr ilə nəzərə alaraq onun 65 yaşdan yaşa görə əmək pensiya hüququnu yarandığını iddia edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi iddiaçının ümumi iş stajının toplanmamasına və qiyabi təhsil müddətinin ümumi sığorta stajına daxil edilməməsinə əsaslanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, diploma və arayışa əsasən onun ümumi sığorta stajı tələb olunan müddətdən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Sumqayıt Dövlət Texniki Kollecinin arxiv arayışına əsasən iddiaçı qiyabi təhsil şöbəsini bitirdiyinə görə təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı xidmət müddəti barədə hazırda Xidmətin Kəlbəcər rayon şöbəsində heç bir rəsmi sənəd yoxdur. İddiaçının hərbi xidmətdə olduğunu təsdiq edən əsas sənədhərbi bilet olmadığından və SXHÇDX-nın müvafiq şöbəsi tərəfindən verilmiş arayış rəsmi sənədlər əsasında deyil, iddiaçının öz sözlərinə əsasən tərtib edildiyindən iddiaçının hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, əmək kitabçasındaki qeydlərə əsasən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi “Ağdərə”kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, n iddiaçının əmək fəaliyyəti, hərbi xidmətə olduğu müddət və təhsil müddəti nəzərə alındıqda, onun ümumi iş stajı 25 ildən (24 il 08 gün+09 ay 10 gün = 24 il 09 ay 18 gün) az təşkil edir. Belə olan halda iddiaçının yaşa görə əmək pensiya hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilməmişdir.

9. İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 5.643,16 manat fərq ilə 23.156,84 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir.

10. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

23. “İnzibati icraat haqqında” Qanunun: 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi, ona 65 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:

1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;

2. Azı 25 il sığorta stajı olduqda;

35. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

36. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hazırki mübahisə üzrə iddiaçının ümumi iş stajının ödənilməməsinin əsası onun təhsil müddətinin ümumi iş stajına daxil edilməməsi ilə bağlıdır.

37. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəznində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş arxiv arayışında İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Kimya zavodlarının avadanlığı” ixtisası üzrə əyani təhsil almış, xx.xx.1979-cu il tarixdən (2-ci kursdan) xx.xx.1982-ci il tarixədək həmi ixtisas üzrə qiyabi formada Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. Göründüyü kimi iddiaçının təhsil müddətinin bir hissəsi əyani (1-ci kurs), digər hissəsi isə qiyabi formada (2-ci kursdan başlayaraq) olmuşdur.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə qeyd edir ki, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

39. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.

40. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

41. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

42. Əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq vətəndaşların ali təhsil müəssisələrində bütün formalarda (qiyabi və axşam təhsili) deyil, yalnız istehsalatdan ayrılmaqla aldıqları əyani təhsil müddətləri onların sosial sığorta stajına daxil edilir. Belə ki, qiyabi və axşam təhsili alan vətəndaşlar idarə və müəssisələrdə əsas iş yerlərində çalışmaqla öz əmək funksiyalarını yerinə yetirir və onların sessiya imtahanlar dövründə işdə olmadıqları müddət üçün əmək haqları saxlanmaqla bu müddət də onların iş stajına hesablanırdı, bu təhsil forması əyani təhsil müddətindən bir il artıq olurdu.

43. Hazırkı işin materiallarından da göründüyü kimi, iddiaçı təhsil müddətinin yalnız birinci ilini (xx.xx.1975-iyun 1976) əyani formada, ikinci kursdan (xx.xx.1979-xx.xx.1982) etibarən isə qiyabi formada Sumqayıt Dövlət Texniki Kollecində təhsil almış, beləliklə o, həmin kollecdə bilavasitə istehsalatdan ayrılmadan xx.xx.1979-xx.xx.1982-cı illərdə qiyabi şöbəsində təhsil almışdır ki, vaxtilə qüvvədə olmuş qanunvericiliyə əsasən qiyabi formada, yaxud axşam şöbəsində alınmış təhsil müddətləri sığorta stajına daxil edilə bilməz. Bundan əlavə iş materiallarındakı iddiaçıya məxsus əmək kitabçasından onun xx.xx.1978cı il tarixdən (təhsil aldığı dövrdə) bilavasitə əmək fəaliyyəti ilə məşğul olduğu, müxtəlif işlərdə və müəssisələrdə çalışdığı təsdiq edilir ki, həmin dövrlər də iddiaçının sığorta stajına daxil edilmişdir.

44. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 564/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2-1(102)- 188/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarlarında da öz əksini tapmışdır.

45. Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, əgər vətəndaşın təhsil aldığı müddət qiyabi və ya axşam təhsili formasında həyata keçirilərsə və bu müddət ərzində onun idarə, müəssisələrdə əsas iş yerlərində çalışmaqla öz əmək funksiyalarını yerinə yetirilməsi aşkar olunarsa, bu zaman həmin təhsil müddətinin sığorta stajına daxil edilməsi istisna olunur.

46. Qeyd olunanlara əsasən iddiaçının əmək fəaliyyəti, hərbi xidmətə olduğu müddət və təhsil müddəti nəzərə alındıqda, onun ümumi iş stajı 25 ildən (24 il 08 gün+09 ay 10 gün = 24 il 09 ay 18 gün) az təşkil edir. Belə olan halda iddiaçının yaşa görə əmək pensiya hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilməmişdir.

47. Yuxarıda qeyd olunlara əsasən müəyyən edilir ki, iddiaçının ümumilikdə 25 il stajı (cəmi 24 il 09 ay 18 gün) və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir.

48. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.

49. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar