Məhkəmə qərarları › İş №2-1(103)-1547/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1547/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1547/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “oğlu X1 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” iddiasına dair iş üzrə ərizəçi İddiaçı oglunun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)-1375/2019 saylı qərarına izah verilməsinin təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(82)- 1375/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Azərbaycan Respub-li-kasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkSHXÇDX-nin Cəbrayıl rayon bölməsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və X2 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 “şəhid” statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respub-li-kasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)-1375/2019 saylı saylı qərarı ilə iddia təmin edilmişdir (hakim X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2-1(103)-2116/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İcra üçün geri qaytarılmış iş materialları 26.02.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)- 1375/2019 saylı qərarı 12 mart 2020-ci il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 07 may 2020ci il tarixli məktubunda məhkəmə qərarının icra olundugu bildirilmişdir. İddiaçı 14.02.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)-1375/2019 saylı qərarına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(82)-1375/2019 saylı qərardadı ilə izah verilmə barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında çıxışında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “X1 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə inzibati işə baxılaraq iddia tələbləri təmin edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən verilmiş 10.04.2000-ci il tarixli G-2 saylı və 10.05.2002-ci il tarixli, 178 saylı arayışlarla təsdiq edilir ki, X2 şəhid statusu 21.10.1999-cu ıl tarixdən verilmiş, onun adı şəhidlərin qeydiyyatı kitabında G-2 nömrə ilə qeydiyyatdan keçmiş, şəhidin valideynlərinə “şəhid ailəsinin vəsiqəsi” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün prezident təqaüdünün təsis edilməsi haqqında” 19.12.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə 2007-ci ildə aparılmış yoxlamanın nəticəsində bir çox şəhidin, o cümlədən X1 şəhid statusu 2007-ci ildə ləğv edilmişdir. Məhkəmə qərarından aydın görünür ki, məhkəmə X1 şəhid statusunun ləğvinin qanunsuz olduğunu tanımış və şəhid statusunun bərpa edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında onun şəhid statusunun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alındığı üçün şəhid statusu ləğv edildiyi andan bərpa edilməlidir. Lakin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən həmin məhkəmə qərarının icrası ilə bağlı verilmiş arayışda X2 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin iş 2- 1(82)-1375/2019 saylı 27 may 2019-cu il tarixli qərarına əsasən şəhid statusu verilməsi göstərilmişdir. Məhkəmə qərarında şəhid statusunun verilməsi yox, bərpa edilməsi açıq aydın yazılsa da, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən məhkəmə qərarı düzgün təfsir edilmədiyindən yanlış arayış tərtib edilmişdir. Odur ki, məhkəmə qərarının izah edilməsinə zərurət yaranmışdır. Ona görə də qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilinin çıxışı ilə razı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)- 1375/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iddiası təmin edilmiş, oğlu X1 şəhid statusunun bərpa edilməsi və bununla bağlı aidiyyəti üzrə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2- 1(103)-2116/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 08 fevral 2021-ci il tarixli məktubunda 26.02.2020-ci il tarixdə mərhumun atası İddiaçı ƏƏSMN-nin Sumqayıt şəhər şöbəsinə verilməsi üçün arayış yazılaraq təqdim edildiyi bildirilmişdir. Göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2- 1(82)-1375/2019 saylı qərarı tam icra olunmuş, qərarda şəhid statusunun ləğv edildiyi andan bərpa edilməsi barədə cavabdeh inzibati orqanın üzərinə heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası MPM-nin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli, 2-1(82)-1375/2019 qərarına “şəhid statusunun ləğv edildiyi andan bərpa edilməsi” kimi izah verilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(82)-1375/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar