Məhkəmə qərarları › İş №2-1(103)-1547/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1547/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1547/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X23, Cavabdehin nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməs” tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2022 nömrəli, xx.xx.2022-ci il qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının onun mərhum qardaşı X2 vərəsəsi olmağını nəzərə alaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqların mərhum qardaşı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum qardaşı X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum qardaşı X2 vərəsəsidir. Belə ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X14 576 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən o (İddiaçı) xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır. Bundan sonra tərəfindən mərhum X2 istifadəsində olmuş 2265v nömrəli bağ sahəsinin vərəsə olaraq mülkiyyət hüququnun əldə edilməsi üçün İdarəyə müraciət edilmişdir. İdarənin **********92 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0, 04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X15 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 29758 nömrəli müqavilənin tərtib edildiyi, lakin müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilmədiyi göstərilmişdir. Bundan başqa 06 dekabr 2021-ci il tarixdə tərəflərindən İdarəyə ərizə ilə müraciət edilmişdir. İdarənin 17 yanvar 2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsi icarədar olan X2 istifadə və sahibliyində olmuşdur. Hazırda da vərəsəsi olaraq onun (İddiaçı) istifadəsindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan bağ sahəsinin ayrılmasına dair müqavilə icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bundan başqa, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan sənədlər : - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X24 tərəfindən məhkəməyə ünvanlanmış 576 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X6 xx.xx.2008-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun arvadı İddiaçı mərhumun varisi olması barədə məlumat verilir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “2265v” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, tərəflərindən bağ sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan bağ sahəsinin ayrılmasına dair müqavilə icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bundan başqa, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsidir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubdan görünür ki, onun mərhum X9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 2265v saylı bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X13 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 29758 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. - Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2021- ci il tarixli, **********17 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0,22 ha torpaq sahəsi olan 2265 saylı bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı idarəsi ilə Tağı Məmədəli oğlu arasında xx.xx.1985-ci il tarixli, 1752 saylı müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi hər biri 0,04 ha olmaqla ailə üzvlərinin adlarına keçirilmişdir. Belə ki, sözügedən bağ sahəsinin 0,04 ha hissəsinə dair 2265v saylı bağ sahəsi kimi X6 adına xx.xx.2001-ci il tarixli, 29785 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktuba əlavə edilmiş X13 və İstismarı Birliyi ilə X10 arasından bağlanmış 19 fevral 2001-ci il tarixli, 29758 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixə kimi X3 icarəyə verilmişdir. İcarə müqaviləsində tərəflərin imzası yoxdur. - Həmin məktuba əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, məh12/13, ev 14, mənzil 89-da yaşayan X16 Bakı Bağlar İdarəsinə xx.xx.2001-ci il tarixli ərizə ilə müraciət edərək mərhum atasının Mərdəkan sahəsində 2265 saylı bağ sahəsinin evli hissəsinin qardaşı X7, qalan hissəsinin 0,04 hektar olmaqla Telman Tağıyevin, Cabir Tağıyevin, Yaşar Tağıyevin və onun arasında bölünməsinə sərəncam verilməsini xahiş etmişdir. - İdarə tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2265 nömrəli bağ sahəsi üzrə arxiv qovluğunun materiallarında olan: - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Məmmədəli Tağı oğlu arasından bağlanmış 08 yanvar 1974-cü il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə Mərdəkan qəsəbəsində yerləşən, 0.22 hektar torpaq sahəsi olan 2 otaqdan ibarət 28,10 kvm. yaşayış mənzili ilə 2265 nömrəli bağ sahəsini Məmmədəli Tağı oğluna icarəyə verilmişdir. - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Məmmədəli Tağı oğlu arasından bağlanmış 15 aprel 1985-ci il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə Mərdəkan qəsəbəsində yerləşən, 0.22 hektar torpaq sahəsi olan 2 otaqdan ibarət 28,10 kvm. yaşayış mənzili ilə 2265 nömrəli bağ sahəsini 16 yanvar 1993-cü il tarixə kimi Məmmədəli Tağı oğluna icarəyə verilmişdir. - Bakı şəhəri Oruconikodze VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədəli Tağı oğlu 26 aprel 1985-ci ildə ölmüşdür. - X13 və İstismarı Birliyi ilə X17 arasından bağlanmış 19 fevral 2001-ci il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi, 28,1 kvm. 2 otaqdan ibarət bina yerləşən 2265 nömrəli bağ sahəsi xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixə kimi X5 icarəyə verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1495/2019 saylı qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindən ibarət 2265 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçı X20 mərhum atası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X7 xüsusi mülkiyyətindədir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu - X25r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X20 xüsusi mülkiyyətindədir. - Mərdəkan ərazisindəki 1752 №-li müqavilə ilə 0,22 ha torpaq sahəsi olan 2265 №-li bağa dair arayışın surətindən görünür ki, bağın icarədarı Məmmədəli Tağı oğlu xx.xx.1985-ci il tarixdə vəfat etmiş, oğlu X17 xahiş edir ki, həmin bağı 0,04 ha özünün adına, qalan 0,04 ha oğlu X11, qalan 0,04 ha oğlu X6, qalan 0,04 ha oğlu X8, qalan 0,04 ha oğlu X12 adına keçirsinlər. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2265 nömrəli bağ sahəsi və həmin bağda olan sahəsi 28,1 kvm olan 2 otaqdan ibarət mənzil bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə əsasən Məmmədəli Tağı oğlunun icarəsinə verilmişdir. Məmmədəli Tağı oğlu 26 aprel 1985-ci ildə vəfat etmişdir. Bundan sonra Məmmədəli Tağı oğlunun uşaqları X13 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək atalarından qalan, sahəsi 0,22 hektar olan 2265 nömrəli bağ sahəsinə dair X21 ilə 0,04 hektar hissəsi, X16 ilə 0,04 hektar hissəsi, X18 ilə 0,04 hektar hissəsi, X22 ilə 0,04 hektar hissəsi və X17 ilə 0,04 hektar hissəsi və 28,1 kvm. yaşayış evindən ibarət hissəsi ilə müqavilə bağlanmasını xahiş etmişlər. X7 2265 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanunu qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmışdır. X16 isə xx.xx.2008-ci il tarixdə vəfat etdiyindən 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı X1 Fərman Məmmədəli oğlunun vərəsəsidir. İddiaçı cavabdeh inzibati orqandan imtina aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İşin hallarına tətbiq edilən hüquq normaları : «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilən normalara əsasən, X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqları yaranmışdır. Lakin, X16 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadan vəfat etdiyindən, hazırda onun vərəsəsi olan İddiaçı hüquqların X9 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, İddiaçı subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X9 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət : Cavabdehin apelyasiya şikayətinin dəlilləri, imtina məktubunda və birinci instansiya məhkəməsinə təqdim edilən etirazda müraciətin təmin edilməməsinə əsas kimi göstərilən səbəblərlə eynidir. Belə ki, cavabdeh inzibati orqan apelyasiya şikayətində İdarənin arxiv məlumatlarında mövcud olan bağ sahəsinin ayrılmasına dair müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmadığını, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyini, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsi olduğunu qeyd etmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi mübahisə predmeti olan 2265V nömrəli bağ sahəsi X6 atası Məmmədəli Tağı oğlunun icarəsinə verilmiş 2265 nömrəli bağ sahəsinin bir hissəsidir və sonuncunun ölümündən sonra 2001-ci ildə sahəsi 0,22 ha. olan 2265 nömrəli bağ sahəsi övladlarının müraciətinə əsasən hər birinə 0,04 ha. olmaqla bölünmüşdür. Birliyin komissiya iclasının 19 fevral 2001-ci il tarixli, 03 №-li protokolu ilə 2265V nömrəli bağ sahəsinə dair X16 ilə icarə müqaviləsi bağlanmış və bundan sonra sonuncunun istifadəsinə verilmişdir. Bağ sahəsinin ayrılmasına dair müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, inzibati icraatın düzgün və yaxud tam aparılmaması vətəndaşların qanunla qorunan mülkiyyət və bu kimi hüquqlarının həyata keçirilməsinə maneə olmamalıdır. Eyni zamanda müqavilə icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmasa belə müqavilənin arxiv əsası olduğundan hüquqmüəyyənedici sənəd hesab olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin müqavilənin “bağlanmış hesab edilməli” olması qənaətinə gəlmişdir. Bundan başqa bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən hal mərhum X6 və hazırkı iş üzrə iddiaçının iradəsindən asılı olan hal deyil və uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6334/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Baxışova Vüsalə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar