Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1548/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb olunmaqla) “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.metr, yaşayış sahəsi 29,0 kv.metr və köməkçi sahəsi 27,0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə 16 mart 2021-ci il tarixli qərardad ilə "xxxx" MTK 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.metr, yaşayış sahəsi 29,0 kv.metr və köməkçi sahəsi 27,0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə dair onun adına (Nəcəfova Mustafa qızı-özü, X7-əri, X5-qızı, X6-qızı və X8-oğlu orderə daxil edilməklə) order verilməsi qərara alınmış və bunun əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti onun adına 006432 nömrəli, 30 dekabr 2008-ci il tarixli order vermişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsinin 24 nömrəli, 19 oktyabr 2020-ci il tarixli Forma 2 arayışına əsasən ünvan 1 fərdi yaşayış evi üzrə o, X7, X5, X6 və X8 qeydiyyatdadır. Belə ki, X7, X5 və X1 əsasında ailə üzvlərinin adına verilmiş fərdi yaşayış evinin adına özəlləşdirilməsinə dair notariat qaydasında ərizə vermişlər və evin eskiz planı çəkilmiş, bundan sonra fərdi yaşayış evinin özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli, 16 yanvar 2020ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişə əsasən cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Bundan sonra tərəfindən inzibati orqanın (daşınmaz əmlakın qeydə alınmalı orqanın) hərəkətindən yuxarı orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayət edilmiş və həmin dövlət qurumunun İN-X/O-11858 saylı, 27 noyabr 2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazı da onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə ********** saylı müraciəti olmuşdur. Lakin İdarənin elektron kadastr baza məlumatına əsasən qeyd olunan mənzil "xxxx" MTK-nın mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-3395/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.metr. yaşayış sahəsi 29,0 kv.metr və köməkçi sahəsi 27.0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə dair iddiaçının adına (özü, əri X7, qızı X5, qızı X6 və oğlu X8 orderə daxil edilməklə) order verilməsi qərara alınmış və bunun əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti onun adına 006432 nömrəli, 30 dekabr 2008-ci il tarixli order vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin, izahatında məhkəmə kollegiyasının sualına cavab olaraq "xxxx" MTK tərəfindən sözügedən evin yanında çoxmənzilli bina tikildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli sərəncamı əsasında istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 29 kv.metr və köməkçi sahəsi 27 kv.metr olan 74 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən sözügedən mənzil digər hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinin müəyyən edildiyi əsası ilə imtina edilmişdir. Mübahisə predmeti olan mənzil ümumi binanın birinci mərtəbəsində yerləşən həyət tipli mənzildir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası aşağıdakı sübutlara nəzər yetirir: -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008ci il tarixli sərəncamından görünür ki, İddiaçı müraciətini nəzərə alaraq onun yaşadığı S.Əsgərova küçəsi, 74 saylı evin 2 otaqlı yaşayış sahəsi 29 kv.metr və köməkçi sahələri 27 kv.metr olan mənzilinə order verilmişdir. Orderə İddiaçı (özü), X7 (əri), X5 (qızı), X6 (qızı) və X8 (oğlu) daxil edilmişdir. -Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 30 dekabr 2008-ci il tarixli, 006432 saylı orderdən görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2008-ci il tarixli, 670 saylı sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində yerləşən 2 otaqlı 29 kv.metr sahəsi olan 74 saylı evə 5 nəfər ailə üzvü ilə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi İddiaçı (özü), X7 (əri), X5 (qızı), X6 (qızı) və X3 (oğlu) ibarətdir. - Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsi tərəfindən verilmiş 24 saylı, 19 oktyabr 2020-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində 2 otaqlı 56 kv.metr sahəsi olan 74 saylı evdə yaşayış. Mənzil həyət tiplidir. Bina MKTB-yə məxsusdur. X7, X5 (qızı) və X8 daimi qeydiyyatdadırlar. - X7, X8 və X5 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ərizəçilər ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı cavabdeh inzibati orqanın imtina əsaslarının yoxlanılması məqsədilə mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 74 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 fevral 2021-ci il tarixli, **********00 saylı məktub əsasında müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş torpaqdan daimi istifadə hüququna dair JN-0952 saylı, Kod 01100003 saylı dövlət aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 1997-ci il tarixli 1398 saylı sərəncamı ilə ünvan 4 ünvanında yerləşən 0,412 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinə verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,412 ha torpaq saəsi xüsusi mülkiyyət hüququ üzrə **********94 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 854 nömrəli reyestr kitabının 80889 nömrəli vərəqində "xxxx" MTK-nın adına qeydiyyata alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 16 noyabr 2012-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" MTK-nın iddiası təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997-ci il tarixli sərəncamı ilə ünvan 6 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsinə "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqlarının dövlət qeydiyyatının rəsmiləşdirilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 26 fevral 2014-cü il tarixli qərarından görünür ki, "xxxx" MTK-nın sədri E.Ə.Mirzə-zadə tərəfindən verilmiş ərizə təmin dilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)797/2012 saylı, 16 noyabr 2012-ci il tarixli qərarı - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997-ci il tarixli sərəncamı ilə ünvan 6 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsinə "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilsin” kimi izah edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 iyun 2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi 74 saylı evdə yerləşən mənzilin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən, mənzil bir mərtəbəli binanın bir hissəsinə yerləşir. Sənədlərin əsli təqdim olunmayıb. İşin araşdırılmış hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997ci il tarixli sərəncamı ilə ünvan 6 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 26 fevral 2014-cü il tarixli qərarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin adına mülkiyyət hüququ üzrə 12 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən sözügedən mənzilin onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasını tələb etsə də, lakin həmin mənzilin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin, mənzilin özəlləşdirilərək, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Babayev Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1548/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1548/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver