Məhkəmə qərarları › İş №2-1(103)-1548/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1548/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1548/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının direktoru X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı MTK cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən sökülən binada olmuş İddiaçı firmasına məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı cavabdeh tərəfindən əsas hissələri (motor və s) götürülməsi nəzərə alınmaqla liftin işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin vəziyyətdə geri qaytarılmasının cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən sökülən binada olmuş İddiaçı MTK-ya məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı cavabdeh tərəfindən əsas hissələri (motor və s) götürülməsi nəzərə alınmaqla liftin işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş əsas hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin işlək vəziyyətdə İddiaçı MTK-ya geri qaytarılması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında xx.xx.2021-ci il tarixli, 2973 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 278 saylı Sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 373 saylı sərəncamı ilə Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədi ilə 9 nəfər tərkibdən ibarət komissiya yaradılmışdır. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 mana müəyyən edilmişdir. Xətai Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək, Y.Səfərov küçəsi 1 “A” ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlərin və qeyri-yaşayış sahələri vətəndaşların öz razılıqları əsasında köçürülmələrini təmin etmişdir. İddiaçının iddia tələbində qaldırdığı məsələ rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməmişdir. Belə ki, rayon İcra Hakimiyyəti yuxarıda qeyd edilən sərəncamlara əsasən binanın söklüməsinə deyil, yalnız sakinlərin və sahibkarların istifadəsində olan əmlaklarının qiymətləndirilməsi və onlara ayrılan vəsaitin onların hesabına köçürülməsinin təmin edilməsini və söküntü işləri tamamlanandan sonra həmin ərazinin təmizlik işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Lakin Bakı İnzibati Məhkəməsində işə baxılarkən qanunvericiliyin bu tələbinə məhəl qoymadan iddiaçının iradəsinə uyğun qərar qəbul edilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Mülki Məcəllənin: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Göründüyü kimi yaşayış və qeyri-yaşayış sahələri kimi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən də liftlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur ki, həmin şəxslərin adından çıxış edən Mənzil Tikinti Kooperativinə, yəni ümumi paylı mülkiyyətçilərə məxsus olmuş əmlakın geri qaytarılmasına dair MTK tərəfindən iddianın qaldırılmasına mahiyyəti üzrə baxılması istisna təşkil etmir. İş materiallarından görünür ki, iddiaçı ona məxsus olmuş 2 ədəd liftin məhkəmənin qərardadına baxmayaraq cavabdeh tərəfindən söküldüyünü iddia edərək, əvvəlcə həmin liftlərin geri qaytarılması barədə iddia qaldırmış, lakin həmin liftlərin cavabdehdə naturada mövcud olması nəzərə alınmaqla tələbə dəqiqləşmə verərək sökülmüş vəziyyətdə olan, yəni işlək vəziyyətdə olan liftlərin göstərilən vəziyyətdə geri qaytarılmasını tələb etmişdir. Bu zaman iddiaçı tərəfindən cavabdehə liftin sökülməsinə dair məhkəmə icraatına qədər müraciətlərinin mövcud olması, eləcə də məhkəmə icraatı gedişində də müraciətlərinin mövcud olması nəzərə alınmaqla həmin növ iddiaya baxılması birinci instansiya məhkəməsi tərəfindən mümkün hesab edilmiş və davam edən məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus 2 ədəd liftin sökülməsi müəyyən edildiyindən iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçının iddia tələbində qaldırdığı məsələnin rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan cavabdehin məhkəməyə ünvanladığı məktubdan görünür ki, iddiaçıya məxsus 2 ədəd lift sökülərək Bakı şəhəri "xxxx" dairəsinin həyətində yerləşdirilmiş, eyni zamanda MTK-nın texniki nəzarətçisinə bu barədə məlumat verilmişdir. Məhkəmənin adı çəkilən "xxxx" İB-yə sorğusuna cavab olaraq Birlik tərəfindən təqdim edilən məktubdan görünür ki, iddiaçıya məxsus lift Birlik tərəfindən sökülməmiş və onların anbarına təhvil verilməmişdir. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1794 nömrəli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən yenidən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı MTK-ya məxsus 2 ədəd lift sökülərək MTK-nın texniki nəzarətçisinə təhvil verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmənin sorğularına cavab olaraq birbirinə zidd olan cavablar verilmiş, sonda isə yenidən araşdırma aparıldığını və liflərin sökülərək təhvil verildiyi bildirilmişdir. Lakin, liftlərin təhvil-təslimi barədə hər hansı sənəd və ya bununla bağlı hər hansı digər mötəbər sübut nə birinci, nədə apelyasiya instansiya məhkəmələrində aparılan araşdırma zamanı təqdim edilmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçı bir ədəd liftin ümumiyyətlə geri qaytarılmadığını, digər liftin isə əsas hissələrinin cavabdeh tərəfindən götürüldüyünü, yararsız vəziyyətdə olan hissəsinin geri qaytarıldığını bildirmiş və iddia tələbini dəqiqləşdirmiş, məhkəmədə haqlı olaraq qeyd edilənlərə əsasən iddia tələbini təmin etmişdir. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar