Məhkəmə qərarları › İş №2-1(103)-1549/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1549/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1549/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1972-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) «torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 2-1(112)- 4102/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 04.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə üçüncü şəxsə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Abşeron rayonu, Höküməli qəsəbəsində 0,02 ha torpaq sahəsinə 18.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışla mülkiyyət hüququ əldə etmişdir. Lakin daşınmaz əmlakın üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün 2020-ci ilin fevral ayında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə İdarə tərəfindən ona verilən cavab məktubunda "xxxx" ASC-nin cinayət işi ilə bağlı DİN-nin 6/45-243 m saylı, 12.05.2015-ci il tarixli məktubuna əsasən sözügedən əmlak üzərində nəzarət qoyulduğu bildirilmişdir. Daha sonra DƏDRX-ə etdiyi müraciətlərdə də ona məxsus torpaq sahəsi üzərində DİN tərəfindən məhdudiyyət qoyulduğu və DİN-in məsələyə münasibət bildirdikdən sonra torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə müvafiq qanunauyğun qaydada baxılacağı bildirilmişdir. İddiaçıya məxsus torpaq sahəsi üzərində hansı səbəbə, hansı cinayət işi üzrə məhdudiyyət qoyulduğu ona məlum deyil. Çünki bu günə kimi heç bir cinayət işi üzrə nə şahid, nə şübhəli şəxs, nə də ki, təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi şikayətə əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi 20.05.2020-ci il tarixli, 007-14429/4ə cavab məktubunda keçmiş həyat yoldaşı X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-yə kredit borcunun olduğu və həmin borc üzrə tələb hüququnun “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına keçdiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın verilməsi» barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 18.07.2014-cü il qeydiyyat tarixli, **********48 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 627 reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən qeyd edilmişdir ki, hüququ rəsmiləşdirilən şəxs-İddiaçı; daşınmaz əmlakın adı-torpaq sahəsi; ünvanı-Abşeron rayonu, Hökməli qəsəbəsi; sahəsi- 0.02 ha; məqsədli istifadə növü-həyətyanı. İş materiallarında olan AZ-İ № 255751 nömrəli, 07.02.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə (vəzifəli şəxs A.Sabitova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, vətəndaş X2 və vətəndaş İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 07 günüdə 34 nömrə ilə qeyd edilmişdir. Qeyd edilən yer Nəsimi rayon qeydiyyat şöbəsi Bakı şəhəri. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.02.2020-ci il tarixli, **********73 nömrəli məktuba (rəis F.İsayev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, "xxxx" ASC-nin cinayət işi ilə bağlı DİN-in 6/45-243m saylı, 12.05.2015-ci il tarixli məktubuna əsasən sözügedən əmlak üzərinə nəzarət qoyulmuşdur. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ləğv edilməli, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Abşeron Xızı rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşir. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə iddiaçının iddia tələbini Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə üçüncü şəxsə məlumat verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN-nin üzərinə qoyulması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası İPMnin 8.1.1-ci maddəsinin əhatə dairəsinə düşmədiyindən birinci instansiya məhkəməsinin inzibati işə əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılması barədə gəldiyi nəticə yanlış olmuşdur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ünvanı - Bakı şəhəri, Azərbaycan prospekti, 7 olduğundan inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ləğv edilməli, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 8, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2021-ci il tarixli, 2-1(112)-4102/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) «torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın verilməsi» tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar