Məhkəmə qərarları › İş №2-1(103)-1549/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1549/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1549/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2021ci il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6426/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1978-ci ildə Gəncə (köhnə adı Kirovabad) şəhərində anadan olmuşdur. 1985-1995-ci illər aralığında Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə oxumuş, 1995-ci ildə Bakı Dövlət Universitetinin “Kimya" fakultəsinə daxil olsa da 1999cu ildə həmin fakultəni natamam bitirərək X1 şəhərinə getmişdir. 1999-2002-ci illər aralığında Rusiya Federasiyasının "Volqoqradskaya Akademiya pri Prezidente" akademiyasında ali təhsilini almışdır. Sonradan akademiyanı bitirdikdən sonra uzun müddət Rusiyada yaşamış, 2020-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Sonradan Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Dövlət Miqrasiya Xidməti tərəfindən 28 oktyabr 2021-ci il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərar qəbul edilmişdir. Sözügedən qərarda qeyd olunmuşdur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin xx.xx.1998-ci il tarixli "Azərbaycan Respublikası vətəndaşlığı haqqında" Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı Bakı Dövlət Universitetinin “Kimya” fakültəsində oxuduğu dövrdə Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən yataqxanın 8-ci mənzilində yaşayırdı. Hətta bununla bağlı, Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyindən 12 yanvar 2022-ci il tarixində əsli ilə düzdür möhürü vurulmaqla “Qeydiyyat Kartoçkası" adlanan sənəd almışdır. Həmin kartoçkadan da görünür ki, 20 iyun 1997-ci il tarixindən 01 avqust 1999-cu il tarixinə qədər qeyd olunan ünvanda qeydiyyatda olmuşdur. “Qeydiyyat Kartoçkasının təsdiq olunmuş surətini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmiş, müraciətində, tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə yenidən araşdırılma aparılması istənilmişdir. Müraciəti əsasında, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 16 may 2022-ci il tarixində ***-**** T-3222 nömrəli məktubla Yasamal Rayon Polis İdarəsinə icra olunması üçün göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 24 may 2022-ci il tarixli, ***-**** T-3222 nömrəli məktubunda bildirilmişdir ki, qeydiyyatını ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat aşkar edilmədiyindən ərizə ilə əlaqədar araşdırma aparılması mümkün olmamışdır. Sonuncu müraciətindən sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 27 dekabr 2022-ci il tarixli, 08-149 nömrəli arayış verilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı müəyyən edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixində “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 sentyabr 2023-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı məhkəmənin 20 iyun 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün 1 (bir) ay müddətin təyin edilməsi, iş materiallarında olan İddiaçı Bakı Dövlət Universitetində saxlanılan forma A kartoçkanın təsdiq edilmiş surəti cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi qərara alınmışdır. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-cü il tarixli, Qərarına əsasən, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarının qüvvədə saxlanılması qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6426/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxçayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6426/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Dövlət Miqrasiya Xidmətinin 28 oktyabr 2021-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” Qərarı ilə, 18 iyul 1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. -Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 091- 8856T-3222 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının qeydiyyatı ilə Yasamal rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat aşkar edilmədiyindən, ərizə ilə əlaqədar araşdırma aparmaq mümkün olmamışdır. -Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 08/215 nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” arayışına əsasən bildirilmişdir ki, aparılan icraat nəticəsində xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. -V-ЖГ 435235 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notaril qaydada təsdiq və tərcümə edilmiş surətinə əsasən, İddiaçı 18 iyul 1978-ci il (min doqquz yüz yetmiş səkkizinci il) tarixində Azərbaycan SSR Kirovabad ş, anadan olmuşdur. Bu barədə 1978 il 08 ayının 26 günündə doğum aktlarının qeydiyyatı kitabında 3009 saylı akt qeydi aparılıb. - Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən bildirilmişdir ki, Bakı Dövlət Universitetinin arxiv sənədlərinə əsasən İddiaçı 1995-ci il 30 sentyabr tarixli 3/408 nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1999-cu il 29 mart tarixli 3/90 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsinin İİ kursundan bir illik akademik möhlət vaxtının xx.xx.1998-ci ildə bitdiyinə və onun haqqında heç bir məlumat olmadığına görə Universitetinin tələbələri sırasından xaric edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 5-ci maddəsinin İİ hissəsi. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. -15-ci maddəsinin İ hissəsinə əsasən, bu Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən - 2.1. Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir; - 2.2-1. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə əsasən: - 1. Azərbaycan Respublikası vətəndaşları (bundan sonra — vətəndaşlar), əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998- ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi, vətəndaşların yaşayış yeri üzrə qeydiyyatın aparılması daxili işlər orqanlarının səlahiyyətinə aiddir. İddiaçının isə xx.xx.1998-ci il tarixədək yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə daxili işlər orqanlarında məlumat mövcud deyildir. Belə olan halda, iddiaçının 1995-ci -1999-cu illərdə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı Bakı Dövlət Universitetində saxlanılan forma "A" kartoçkasında qeydiyyat barədə qeyd ilə təsdiq edilməsinə dair dəlili əsassızdır. Bundan əlavə təqdim edilmiş iddiaçı barəsində Bakı Dövlət Universitetinin arxiv arayışı əsasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1997- ci ildən artıq universitetdə təhsil almamışdır; iddiaçının bir illik akademik möhlət vaxtı xx.xx.1998-ci ildə bitdiyi üçün və onun haqqında heç bir məlumat olmadığı üçün, xx.xx.1998-ci ildən Universitetinin tələbələri sırasından xaric edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir, əksinə o, Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na əsasən: -1.1. bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. -4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;.. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından cavabdeh tərəfindən qаnuni əsаslаrlа imtinа оlunaraq bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6426/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6426/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar