Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-155/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızının, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun X7 idarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuşdur. Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə DİO sıralarından xaric olunmuşdur. Onun xidmət illəri yanlış hesablandığından 2018-ci ilin may ayına qədər o, təqaüddən məhrum olmuşdur. Lakin, 2017-ci ilin dekabr ayında onun xidmət illərinin düzgün hesablanmaması barəsində X10 cənab R.Usubova ərizə ilə müraciət etmişdir. Nəticədə xidmət illərinin düzgün sayılmaması öz təsdiqini tapmış və ona xx xxx 2018-ci ildən 367.10 manat təqaüd təyin edilmişdir. Toplamda onun xx xxxxxx 2004-cü il tarixdən, yəni DİO sıralarından xaric olunduğu müddətdən xx xxx 2018-ci ilədək, yəni, ona əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay təqaüd hesablanmalı olduğu halda ona cəmi 3 illik təqaüd hesablanmışdır. Ona ödənilməli olan 11 il 3 aylıq təqaüd saxlanılmış və ödənilməmişdir. Bununla da, onun konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. Cavabdehə iddia ərizəsinə qarşı yazılı etirazı etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-in 793 saylı əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən göründüyü kimi, qeyd edilən məlumat vərəqəsi DİN-yi tərəfindən xx xxxxx 2018-ci il tarixində tərtib edilərək X7 idarəsinə təqdim edilmiş və həmin məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi yaşa görə təminat xərcinin 50.16 faizi - 367.10 manat məbləğində xx xxxxx 2018-ci il tarixində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də, tərəflərindən İddiaçı son 3 il müddətinə hesablanmış 11185.91 manat məbləğində fərq 2018-ci ilin may ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir, bu da hər ay üçün sığortaedənlər tərəfindənn ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən – “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2-ci – “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı pensiyasının yenidən hesablanması və 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli, 349 saylı əmri ilə DİO sıralarından xaric olmuşdur. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində sonuncu tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan” 793 saylı məlumat vərəqəsi tərtib olunmuş, bundan sonra, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 20 il, 1 ay, 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş təqaüd hesablanmışdır. İddiaçı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsini xahiş etmiş və cavabdehə müraicət etmiş, lakin, cavabdeh tərəfindən onun müraciətinə hər hansı bir cavab verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xidmət illəri 20 təqvim ilindən artıq olduğundan, beləliklə, onun pensiya hüququ xidmətdən buraxıldığı vaxt artıq yarandığından, ona təyin edilmiş əmək pensiyası, pensiya hüququnun yarandığı vaxtdan yenidən hesablanmalı və ödənilməmiş pensiya məbləği ona birdəfəlik ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının əmək pensiyası hüququ xx xxxxxx 2004-cü il tarixdə yaranmışdır, lakin iddiaçıya əmək pensiyası xx.xx.2018-ci il tarixdə əvvəlki 3 il üçün təyin edilmişdir. İddiaçının hüququnun yarandığı tarixdən (yəni xx xxxxxx 2004-cü il) xx xxx 2015-ci ilə kimi 11 il 3 ay müddət üçün əmək pensiyası ödənilməmiş qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan əmək stajını əldə edən hərbi qulluqçu fəaliyyət növünü dəyişə bilər və yaxud əmək fəaliyyəti ilə məşğul olmaya bilər. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs, xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya əmək pensiyası təyin edilərkən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən, müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilməli olmasına istinad etmiş və sözügedən məbləğin hesablanaraq iddiaçıya ödənildiyini qeyd etmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi” barədə Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminati haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı xüsusi qanun mövcuddur və həmin qanunda, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunda pensiyanın müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi ilə bağlı heç bir norma nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmə qərarının ləğvi, iddia tələbinin rədd edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-155/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-155/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver