Məhkəmə qərarları › İş №2-1(103)-155/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-155/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-155/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı “dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4837/2021 saylı 26.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X5 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 23.09.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin 1 saylı regional sektorunun baş məsləhətçi vəzifəsinə təyin olunmuş, müxtəlif illərdə ona müvafiq ixtisas dərəcələri verilmiş, 18.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən xitam verilmişdir. Əmək kitabçasından da göründüyü kimi o, dövlət qulluqçusu olmaqla dövlət qulluğunda inzibati vəzifə tutmuş, həmçinin ona ixtisas dərəcəsi verilmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X6 Dövlət Xidməti onun dövlət qulluğunda işləməyi barədə məlumatları Dövlət Reyestrini aparan müvafiq orqanlara göndərməmişdir. Bununla da o, dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil olunmamış, bu barədə rəsmi ərizə ilə müraciət etsə də, onun müraciətlərinə baxılmamışdır. Sondan iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası X7 ilə əvəz edilərək cavabdehin üzərinə dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-321/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Eyni zamanda Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-321/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4837/2021 saylı 26.05.2021-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qərarında istinad etdiyi hallar tam əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilənlərdən də göründüyü kimi məhkəmə əsaslı iddianı mümkünsüz saymaqda haqlı olmamışdır. Göründüyü kimi məhkəmə iddiaçı kimi onun cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin yəni hərəkəti və ya hərəkətsizliyinin mövcud olmasını əsaslandıra bilmədiyindən iddiasını mümkün saymamışdır. Halbuki iş materiallarında olan sənədlərdən görünür ki, o, cavabdehin hərəkətsizliyi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin hərəkətsizliyinin nədə ehtiva olunması deyəndə məhkəmənin başqa nəyi nəzərdə tutduğu tam müəmmalıdır. Göründüyü kimi o, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X6 Dövlət Xidməti onun dövlət qulluğunda işləməsi barədə məlumatları Dövlət Reyestrini aparan müvafiq orqanlara göndərməməyi ilə bağlı inzibati orqanın hərəkətsizliyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə isə onun iddiasını mümkün saymamaqla hakimiyyətin bir qolu kimi digər dövlət orqanının mənafeyinə uyğun qərar qəbul etdiyini sübut etmişdir. Ona görə də hesab edir ki, verdiyi apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddiası tam şəkildə təmin edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X2 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X5 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edildiyindən onun dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsi mümkün olmaması səbəbindən hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X7 tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Həmin Qaydaların 13-cü bəndinə əsasən Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Aidiyyəti dövlət orqanı bu barədə məlumatları Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna on beş gün ərzində rəsmən təqdim etməlidir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir. Həmin Qaydaların 14-cü bəndinə əsasəna idiyyəti dövlət orqanları Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna hər ay rəsmi məlumat verməlidirlər. Dövlət Reyestrini aparan dövlət orqanına və qurumuna dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılmalıdır. Həmin Qaydaların 14-1-ci bəndinə əsasəna dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin “Qayda”nın 8-ci bəndinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Məhkəmənin müvafiq sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin 23.09.2009-cu il tarixli K-26 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 23.09.2009-cu il tarixdən 1 aylıq sınaq müddətinə Xİdmətin 1 saylı regional sektorunun baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin 1-23 nömrəli 20.06.2011-ci il tarixli əmrinin surətindən görünür ki, Xİdmətin 1 saylı regional sektorunun baş məsləhətçi İddiaçı “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin İ-1 nömrəli 07.01.2014-cü il tarixli əmrinin surətindən görünür ki, Xİdmətin 1 saylı regional sektorunun baş məsləhətçi, kiçik dövlət qulluqçusu İddiaçı “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2019-cu il tarixli 18 yanvar tarixli İ-16 nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının iclasının 01 nömrəli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar İddiaçı dövlət qulluğuna Ləğvetmə Komissiyasının 18.01.2019-cu il tarixli 01 nömrəli protokolu ilə xitam verilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanan 15.09.2020-ci il tarixli məktubundan məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edildiyindən onun dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsi mümkün deyil. İşdən görünür ki, iddiaçı dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh X5 üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi barədə X5 məlumatın verilməsi yuxarıda qeyd olunan Qaydalara əsasən cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə olunmalı idi. Bu isə o deməkdir ki, iddiaçı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərəkən ilkin olaraq cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyini göstərmiş, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası X7 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müsabiqə əsasında aparılmamışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X6 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edilmişdir. İşdən isə görünür ki, iddiaçı dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh X5 üzərinə qoyulmasını tələb edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməsinin mümkün olmaması səbəbindən hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4837/2021 saylı 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar