Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1550/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10655/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqdan ibarət 261 və 262 saylı mənzillər üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK ilə bağladığı 17 mart 2009-cu il tarixli və 17 dekabr 2012-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqlı olmaqla müvafiq olaraq 261 və 262 saylı mənzilləri almışdır. Mənzillərin müqavilədə göstərilən dəyəri onun tərəfindən tam olaraq "xxxx" MTK-ya ödənilmişdir. Mənzillərin dəyərinin tam olaraq ödənilməsi və mənzil tikinti kooperativinə borcumun olmaması barədə ona maliyyə arayışları da verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqdan ibarət 261 və 262 saylı mənzillər üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin üzərinə guya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilən icra vərəqinə əsasən həbs qoyulmuşdur. Cavabdeh təşkilat bu məlumatı əsas götürərək həmin mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqdan ibarət 261 və 262 saylı mənzillər üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakm dövlət reyestrində qeydə alınması və bu barədə ona reyestrdən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-10655/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillərə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə iddiaçının bağladığı 17 mart 2009-cu il tarixli və 17 dekabr 2012-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqlı olmaqla müvafiq olaraq 261 və 262 saylı mənzilləri almışdır. Mənzillərin müqavilədə göstərilən dəyəri onun tərəfindən tam olaraq "xxxx" MTK-ya ödənilmişdir. Mənzillərin dəyərinin tam olaraq ödənilməsi və mənzil tikinti kooperativinə borcunun olmaması barədə ona maliyyə arayışları da verilmiş, kooperativ tərəfindən onun üzvlüyə qəbul edilməsi də təmin edilmişdir. İddiaçı cavabddehə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13m saylı binanın 4cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqdan ibarət 261 və 262 saylı mənzillər üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun müraciətindən imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin üzərinə guya Suraxanı Rayon Məhkəməsi tərəfindən verilən icra vərəqinə əsasən həbs qoyulmuşdur. Cavabdeh bu məlumatı əsas götürərək həmin mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində "xxxx" MTK tərəfindən tikilən 13 m saylı binanın 4-cü girişində, 5-ci mərtəbəsində yerləşən hər biri 3 otaqdan ibarət 261 və 262 saylı mənzillər üzərində onun xüsusi mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin həmin qərarı qanunsuz və əsassızdır və ona görə də ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin işə baxan məhkəmə qanunvericiliyin bu tələbini də pozmuşdur. Məhkəmənin iddianı təmin etməmək üçün istinad etdiyi əsas dəlil ondan ibarətdir ki, həmin mənzillərin yerləşdiyi yaşayış binası qanunla müəyyən olunan qaydada istismara qəbul edilməmişdir. Məhkəmə hesab etmişdir ki, yaşayış binası istismara qəbul edilmədiyinə görə, həmin binadakı mənzillər üzərində mülkiyyət hüququ qeydə alına bilməz. Lakin bu zaman məhkəmə istinad etdiyi bu dəlilin hüquqi əsasını göstərməmişdir. Qanunvericilikdə yaşayış binası istismara qəbul edilmədiyi halda həmin binanın ayrı-ayrı yaşayış və qeyri-yaşayış sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qadağan edilməsinə dair heç bir göstəriş və norma yoxdur. Binanın istismara qəbul edilməsi binadan təyinatı üzrə istifadəyə icazə verilməsi deməkdir. Mülkiyyət hüquqlarının qeydiyyatı isə əmlak hüquqlarının qorunması, hüquqi təminatı, sərbəst dövriyyə imkanlarının təmin edilməsi məqsədi daşıyır. İşə baxan məhkəmə bunları hüquqi cəhətdən fərqləndirməmiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən mənzillərin reyestrdə qeydiyyata alınması üçün binanın istismara qəbul edilməsi vacib şərt deyil. Hüquqi müqayisə aparmalı olsaq, istismara qəbul edilən və ayrıayrı mənzilləri reyestrdə qeydə alınan yaşayış binası hər hansı səbəbdən (zəlzələ, sürüşmə, texnogen proses və s.) qəzalı vəziyyətə düşsə və əsaslı təmir üçün istismarı qadağan edilsə, o halda həmin binadakı mənzillər üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydiyyatı ləğv edilmir. Yəni daşınmaz əmlakın istismara yararlığı ilə onun reyestrdə qeydə alınması arasında tabeli əlaqə mövcud deyil. Qanunvericilikdə eyni yanaşma avtonəqliyyat vasitələrinə münasibətdə də öz əksini tapmışdır. Avtonəqliyyat vasitəsi texniki baxışdan keçirilməzsə, yaxud qüsurları olarsa, həmin əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilmir, sadəcə olaraq nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Bu mənada işə baxan məhkəmə mülkiyyət və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərini pozmuş, onları düzgün tətbiq etməmişdir. Bundan başqa, işə baxan məhkəmə inzibati orqan olan cavabdeh təşkilatın «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərini kobud şəkildə pozmasına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdeh qurum həmin yaşayış binasında yerləşən bir neçə mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyata alaraq çıxarış vermişdir. Lakin eyni şərtlərlə müraciət edən iddiaçının müraciəti təmin edilməmişdir. Bu isə həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin tələblərinin inzibati orqan tərəfindən kobud şəkildə pozulmasıdır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanın inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsaında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddiaçı tərəf məhkəmə iclasında cavabdeh qurumun ona qarşı qərəzli davrandığını, ayrı-seçkilik etdiyini göstərən sübut və faktları məhkəməyə təqdim etmiş, bildirmişdir ki, cavabdeh təşkilat məhz həmin binada yerləşən ayrı-ayrı mənzillər üzərində mülkiyyət hüquqlarını qeydiyyata almış, vətəndaşlara çıxarışlar vermişdir. Həmin çıxarışlar məhkəməyə də təqdim olunmuşdur. Lakin işə baxan məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdeh təşkilatın həmin binadakı ayrı-ayrımənzillərə dair çıxarışlar verdiyi halda iddiaçının oxşar müraciətindən hansı əsasla imtina etdiyini araşdırmamış, cavabdehdən bununla bağlı ixahat tələb etməmişdir. Cavabdeh təşkilat da bu fakta dair heç bir izah və açıqlama verməmişdir. Bununla da məhkəmə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin işə baxan məhkəmə prosessual qanunvericiliyin bu tələbini də kobud şəkildə pozmuş, heç bir araşdırma aparmamışdır. İşə baxan məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin proses zamanı müəyyən edildi ki, inzibati orqan imtina üçün heç bir faktiki şərtin mövcudluğunu sübut edə bilməmişdir. Əksinə, həmin binadakı digər mənzillərə reyestrdən çıxarış verməklə öz imtinasının qanunsuz və əsassız olmasını özü açıq şəkildə təsdiq etmişdir. Lakin işə baxan məhkəmə bu məqamlara da düzgün hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçının təqdim etdiyi müqavilələri, maliyyə arayışlarını, həmin binadakı digər mənzillərə verilən mülkiyyət hüququna dair reyestrdən çıxarışları sübut kimi qəbul etməməklə qeyd olunan normanın tələblərini pozmuşdur. İşə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, təqdim edilən sübutları nəzərə almadan əsassız və ədalətsiz qərar qəbul etmişdir. Eyni işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən son vaxtlar islahat xarakterli kompleks hüquqi tədbirlər həyata keçirilir. İşə baxan məhkəmə iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi işin faktiki hallarını araşdırmamış, təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfin qanunsuz imtinasına, vətəndaşlara münasibətdə bərabərlik prinsipini pozmasına tənqidi yanaşmamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmənin yaşayış binası istismara verilmədiyinə görə cavabdehin imtina hərəkətini əsaslı hesab etməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlmir. Çünki həmin yaşayış binasında yerləşən bir neçə mənzilə dair ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları reyestrdə qeydə alınmış və çıxarışlar verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 13M, 261 və 162 saylı mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Sözügedən ünvanda yerləşən "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı ərazi idarəsinə daxil olmamışdır. Həmçinin Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən Badu-Kübə Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələrinin üzərinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulub. İş materiallarında olan İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında 82 nömrəli müqavilədən görünür ki, İcraçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən yaşayış binasında 261 nömrəli mənzili Payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli Mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışından görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13M saylı evin 4 giriş, 5-ci mərtəbə, 261 saylı 3 otaqlı (111,4 kv.m) mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli "xxxx" MTK-nin təsisçilərinin Ümumi yığıncağının Protokolundan Çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanda yerləşən 4 giriş, 5-ci mərtəbə, ümumi sahəsi 111,4 kv.m., 261 saylı mənzilin investoru olmasının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında 165 nömrəli müqavilədən görünür ki, İcraçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən yaşayış binasında 262 nömrəli mənzili Payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli Mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışından görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13M saylı evin 4 giriş, 5-ci mərtəbə, 262 saylı 3 otaqlı (108,5 kv.m) mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli "xxxx" MTK–nin təsisçilərinin Ümumi yığıncağının Protokolundan Çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanda yerləşən 4 giriş, 5-ci mərtəbə, ümumi sahəsi 108,5 kv.m., 262 saylı mənzilin investoru olmasının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən "xxxx" MTK tərəfindən tikilən 13m saylı binaya dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında imzalanmış xx.xx.2009-cu il tarixli "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında müqavilələrə əsasən İcraçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən yaşayış binasında 261 və 262 nömrəli mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin mənzillərin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və o, kooperativin üzvlüyünə qəbul edilmişdir. İddiaçı qeyd olunan mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Beləliklə, iddiaçı mənzilə pay haqqını həmin mənzillər olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MTK-ya) tam ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Göründüyü kimi, iddiaçı kooperativin üzvlüyünə qəbul edilmiş, mənzilin dəyərini tam ödəmişdir, onun həmin mənzilə görə borcu yoxdur. Sadalanan qanunvericilik normalarından da görünür ki, iddiaçı qeyd olunan mənzillərə mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, qeyd olunan ünvanda bir neçə mənzil həm cavabdeh inzibati orqan tərəfindən hüquqmüəyyənedici sənədlərə ("xxxx" MTK tərəfindən verilmiş müqavilə, maliyyə arayışı və protokoldan çıxarış) əsasən, həm də məhkəmə qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh orqan tərəfindən həmin məktublarla sözügedən binada ayrı-ayrı şəxslərin 14 mənzil və qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasında bir neçə mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq, iddiaçıya məxsus mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş qeyd olunan ünvanda mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar icraata materiallarından görünür ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusu baş vermişdir, belə ki, iddiaçının təqdim etdiyi sənədlər ilə eyni olan sənədlər (müqavilə, maliyyə arayışı, protokoldan çıxarış) əsasında digər şəxslərin hüquqları qeydə alınmış və bu barədə müvafiq çıxarışlar verilmişdir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Məhkəmə kollegiyası, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10655/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M, 4-cü giriş, 5-ci mərtəbədə yerləşən 261 saylı və 262 saylı mənzillərə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1550/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1550/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver