Məhkəmə qərarları › İş №2-1(103)-1551/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1551/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1551/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X3, X1 qanuni nümayəndəsi Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızının və X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (X3, X2 üçüncü şəxs qismində cəlb olunmaqla) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarından üçüncü şəxslərin qanuni nümayəndəsi Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı, X3, X1 hazırda mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı, X3, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, övladlarının kompensasiya hüququnun təmin edilməsinə və ya iddianın ümumilikdə rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qeyri-qanunidir. Belə ki, onun uşaqlarının qeyd edilən əmlaka istifadə hüquqları mövcuddur. Bu hüquqların yaranma əsası isə onların atalarının müvafiq evdə qeydiyyatda olmaları və istifadə hüququnun olması ilə əlaqədardır. Bu hüquqa xitam verilərkən isə uşaqlarının kompensasiya hüququ məsələsinə baxılmalı idi. Bu məsələlərə isə məhkəmə tərəfindən ümumiyyətlə toxunulmamış və münasibət göstərilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, övladlarının onun yanında qalmasından asılı olmayaraq onların öz atalarının yanında qalmaq kimi də hüquqları vardır. Odur ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və kompensasiya və uşaqların istifadə hüquqları baxımından məsələyə baxılmalıdır. İş üzrə məhkəmə iclası 28.04.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili və üçüncü şəxslər məhkəmə iclasında iştirak edir, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hazırkı iş üzrə iddia tələbi X3, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil etdiyindən və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı ünvan 2 ünvanında qeydiyyatda olduğu və yaşadığı üçün hazırki mərhələdə Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızının üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsinə ehtiyac olmadığını və onun üçüncü şəxs kimi statusunun ləğv edilməsi məsələsinin müzakirəsini zəruri saydı. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Odur ki, iş üzrə üçüncü şəxslər X3, X2 azyaşlı olduğundan anaları Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızının üçüncü şəxs qismində yox, onların qanuni nümayəndəsi qismində məhkəmə iclasında iştirakı zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır”. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında formlaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızının inzibati məhkəmə icraatında üçüncü şəxs kimi statusu ləğv edilməlidir. Odur ki, Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 83, və 87-ci maddələrini rəhbər tutub qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı, X3, X2 üçüncü şəxs qismində cəlb olunmaqla) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Paşayeva (Əliməmmədova) Gülnarə Mirtalıb qızı üçüncü şəxs qismində statusu ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar