Məhkəmə qərarları › İş №2-1(103)-1551/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1551/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1551/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1551/2023 (Açar sözlər: “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi”) Bakı şəhəri 18 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2015-ci il tarixli 012-12101M-3215 nömrəli arxiv arayışından görünür ki, həqiqətən 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında polis nəfəri xidmət etmişdir. Əsas: arxiv şəxsi işin № Siyahı-19, Arx.396.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının qeyd etdiyi illərə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyi, habelə müraciətində qeyd olunan məsələnin mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün iddia müddətlərini keçdiyi nəzərə alınaraq qaldırılan məsələyə baxılmasının mümkün olmadığı bildirilmişdir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 027-3159-1222 nömrəli məktubda qeyd olunur: Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Bildiririk ki, İddiaçı DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. Əlavə olaraq bildiririk ki, İddiaçı xidmət etdiyi illərə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyi baxımından məlumat və sənədlərin verilməsi mümkün deyildir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının daxili işlər orqanlarında işlədiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün, cəmi 85 gün üçün) pul kompensasiyasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində polis nəfəri kimi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Xidmət dövrü əsas məzuniyyətlərdən istifadə etməmişdir. Onun Azərbaycan Respublikasının daxili işlər orqanlarında işlədiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün, cəmi 85 gün üçün) pul kompensasiyasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsinə göstəriş verilməsi xahişi ilə o, cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. İddiaçı uzun müddət keçdikdən sonra müraciət etmişdir, iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri isə müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında polis nəfəri kimi xidmət etmiş, xx.xx.1994-cü ildə attestasiya qaydasında daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün üçün) pul kompensasiyasının xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir, həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 76-cı bəndinə, 78-ci bəndinə, 88-ci bəndinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır və «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 78—ci, 80 və 88-ci bəndinə istinad edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

16. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

17. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

18. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

19. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

21. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

22. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

23. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 76-cı bəndinə əsasən daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə). 78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

24. Maddə 2.2.7-inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

30. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

31. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

32. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

33. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. İddianın və apellyasiya şikayətinin əsaslılığına gəlincə isə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında polis nəfəri kimi xidmət etmiş, xx.xx.1994-cü ildə attestasiya qaydasında daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

37. Hazırda iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün üçün) pul kompensasiyasının xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsini tələb edir.

38. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir, həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir.

39. Göründüyü kimi, iddiaçının xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır.

40. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.

41. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün üçün) pul kompensasiyasının xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi tələbinin təmin edilməsi üçün iddiaçının xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi şərti, yəni Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci bəndinin dispozisiya şərti mövcud olmalıdır.

42. Belə ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.

43. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubdan görünür ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir, həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir.

44. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia etdiyi vaxtdan (1994-cü ildən) keçən 29 ilə yaxın müddət ərzində hazırkı tələblə məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan dəlillərlə izah edə bilməmişdir.

45. Azərbaycan Respublikası İPM-nin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (Maddə 68.1 və Maddə 68.2)

46. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar