Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1552/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşma azadlığına müdaxiləyə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-14555/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2022-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsini, bu qadağanın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-cı maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozuntusu kimi tanınmasını, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, inzibati icraat haqqında qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda sadalanan şəxslərin daxil olduğu piketin təşkilatçılar qrupu xx.xx.2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərərək xx.xx.2022-ci il tarixdə Milli Məclisin qarşısında piketin keçirilməsi barədə məlumat vermişlər. Piketin keçirilməsində məqsəd hökumətin "Sərbəst toplaşmaq azadlığı"na qoyduğu məhdudiyyətə etiraz etməkdi. Xəbərdarlıqda dinc toplantının yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüarlar haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Təşəbbüskarın piketin keçirilməsi barədə Bakı şəhər icra hakimiyyətinə göndərdiyi xəbərdarlıqa bu qurumdan verilmiş cavab məktubunda dinc toplantının keçirilməsi "məqsədəuyğun” sayılmamış və bununla onun keçirilməsinə icazə verməmişdir. Cavabda bu imtina xəbərdarlığın güya “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinn İİ bəndinə uyğun olmaması istinad edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması açıqlanmamışdır. Cavabda həmçinin Qanunun güya xüsusi komissiya tərəfindən hazırlanması qeyd edilmişdir. Təşkilatçıların təqdim etdiyi xəbərdarlığa Bakı şəhər icra hakimiyyətinin verdiyi cavabdan göründüyü kimi bu qurum toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. Halbuki, təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək toplantı barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı şəhəri İcra Hakimiyyətinin cavabında (qərarında) mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, indiyə kimi Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi, nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. İddiaçılar İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil etdikləri halda bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştrakçılar məsuliyyətə cəlb olunacaqdırlar. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi toplantı ərəfəsində yaydığı bəyanatda bu cavabı məhz qadağa kimi qiymətləndirərək, toplantı keçiriləcəyi halda onun iştirakçılarının hüquqi təqiblərə məruz qalacağını bildirmişdir. Bu fakt İcra Hakimiyyətinin məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsi ilə eyni hüquqi nəticələrə gətirib çıxardığını təsdiq edir. Məlum olduğu kimi piket keçirilən günü polis əməkdaşları 220-dən artıq toplantı iştirakçılarını həbs edərək polis müəssisələrinə aparmışlar. Bu əsaslara görə Bakı şəhəri İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan piketin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştrak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. Yuxarıda qeyd olunan norma ilə müəyyən olunmuşdur ki, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etmək ilə mitinq təşkil etmək və ya həmin mitinqdə iştrak etmək olar. Bu normalarda tələb olunan əsas hal aksiyanın mütləq silahsız və dinc olmasıdır. Təşkilatçıların planlaşdırdıqları piketin dinc olacağı cavabdeh tərəfindən təkzib edilməyib. Qeyd olunanları nəzərə alaraq iddia etmək mümkündür ki, toplantı qanuni tələblərə cavab verirdi. Beləliklə də, şəhər İcra Hakimiyyətinin toplantıya müdaxiləsi qanunsuz olmuşdur. Qanunun tələbindən də göründüyü kimi sərbəst toplaşma azadlığına yalnız müəyyən hallarda məhdudiyyət qoyula bilər. Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda Qanunda nəzərdə tutulmuş həmin məhdudiyyətlərin olması qeyd edilməmişdir. Toplantıda müzakirə olunacaq məsələlərin həlli ilə hakimiyyətin məşğul olması amili sərbəst toplaşmaq azadlığına məhdudiyyət üçün əsas olması Qanunda göstərilməmişdir. Bu hal sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz olmasını bir daha təsdiq edir. Cavabdeh tərəfindən qanunvericiliyin bir sıra digər tələbləri də pozulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti qeyd edilən normanın tələblərini pozaraq aksiyanın təşkilatçısına qərar deyil, yalnız məktub göndərmişdir. Məktubu isə cavabdeh orqanın səlahiyyəti məlum olmayan şöbə müdiri imzalamışdır. Göründüyü kimi cavabdeh qərarı aydın şəkildə yazılmalı və əsaslandırılmalı olduğu halda, bunlara riayyət edilməmişdir. Cavabdehin mitinqin keçirilməsini qadağan etməklə toplantıya müdaxiləsi qanuni məqsəd daşımadığından və qeyri-adekvat olduğundan bu müdaxilə qanunsuz idi. Beləliklə də, təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-cı maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-14555/2022 saylı qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Cavabdeh 04 noyabr 2022-ci il tarixli toplantının təşkilatçılarının təqdim etdikləri xəbərdarlıqda göstərilən toplantının keçirilməsinə icazə verilməməsi barədə qərarının qanunsuz hesab edilməsi, bu qərarın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-cı maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçılar İddiaçı2 və İddiaçı1 və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, İddiaçı3 dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlığ”ına baxılmış, lakin piket keçirilməsi üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacağı nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbində isə göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Yuxarıda artıq göstərildiyi kimi, Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin piket keçirilməsi üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacağı nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etmiş, belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verəməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə və 10-cu maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq iddiaçılar iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-14555/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1552/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1552/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver